İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Gimnastlarımızdan Portuqaliyada üç medal

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Portuqaliyanın Santarem şəhərində keçirilən "Scalabis Cup" beynəlxalq turnirində üç medal qazanıblar. Hüseyn Abbasov fərdi proqramda gümüş medala sahib çıxıb. İbrahim Mustafazadə və Fərhad Mustafayev isə bürünc medal qazanıblar.

Parabadmintonçumuzun Uqandada uğuru

Parabadmintonçumuz İbrahim Əliyev Uqandanın paytaxtı Kampala şəhərində keçirilən beynəlxalq turnirdə bir gümüş, bir bürünc medal qazanıb. "Level 3" seriyalı turnirdə şəxsi mübarizədə isə  bürünc medala sahib çıxıb. Qoşa kateqoriyada final qarşılaşmasında Ravi Pal-Vanş Upadhyay (Hindistan) cütünə 1:2 (21-23, 21-10, 17-21) hesabı ilə məğlub olaraq gümüş medala layiq görülüb. Qeyd edək ki, İbrahim Əliyev ötən il analoji turnirdə şəxsi yarışda da bürünc medal qazanmışdır.

İdmançımız "Paris 2024"ə lisenziya qazanıb

Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika üzrə milli komandasının üzvü Lamiyə Vəliyeva Fransanın paytaxtı Paris şəhərində keçirilən dünya çempionatında 100 metr qaçışda 11.99 nəticə göstərərək dünya çempionatının qızıl medalını əldə edib. Qeyd edək ki, artıq iki idmançımız Paris 2024 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

"Masters" turnirində iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub

Avqustun 4-6-da Macarıstanın paytaxtı Budapeştdə "Masters" turniri keçiriləcək. Turnirdə 40 ölkədən 257 cüdoçu birincilik uğrunda mübarizə aparacaq. Turnirdə iştirak edəcək cüdoçuların ilkin siyahısında 12 idmançının adı göstərilib. Kişilərin yarışında Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi 66 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi, Zelim Tçkayev (81 kq), Murad Fətiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Camal Qamzatxanov və Uşangi Kokauri (hər ikisi +100 kq) tatamiyə çıxacaqlar.

Qadınların mübarizəsində isə Gültac Məmmədəliyeva (52 kq) gücünü sınayacaq.

Nərgiz İSMAYILOVA,

"Respublika".