Gündəm

"Heydər Əliyev 101: Türkiyə Yüzili"

Tarix boyu Türkiyə və Azərbaycan arasında möhkəm dostluq və qardaşlıq münasibətləri mövcud olub. Biz Türkiyə ilə həm xoş günümüzdə, həm çətin vaxtlarımızda sevincimizi və kədərimizi bölüşərək aramızdakı birlik ilə digər xalqlara nümunə olmuşuq. Dövlətlərimiz və xalqlarımız arasındakı doğma münasibət özünü bütün məqamlarda əks etdirib. Xalqlarımızın ortaq tarixi, dili, dini, milli-mənəvi dəyərləri bu iki ölkəni daim bir yumruq kimi birləşdirib. Bu dərin qardaşlıq bağları da "bir millət, iki dövlət" ifadəsini işlətməyə imkan verdi. Azərbaycan xalqı və dövləti olaraq, Türkiyənin dəstəyini hər zaman hiss etmişik.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstək gücümüzə güc qatdı. Müharibə zamanı və tarixi Zəfərimizdən sonra Türkiyədən minlərlə dəstək və təbrik mesajları gəlmişdir. Müharibənin başladığı ilk günlərdən Rəcəb Tayyib Ərdoğanın "Azərbaycan bu haqq savaşında tək deyil, onun Türkiyə kimi böyük qardaşı, arxa-dayağı və etibarlı tərəfdaşı var" açıqlamaları Azərbaycana qarşı ədalətsiz mövqedə duran ölkələrə bir mesaj oldu. Həmçinin iki ölkə arasında münasibətlərin inkişafı üçün qarşılıqlı səfər və tədbirlər mühüm əhəmiyyət kəsb edir. Bu mənada Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr edilmiş tədbir xüsusi qeyd edilməlidir.

7 may 2024-cü il tarixində Heydər Əliyev Mərkəzində "Heydər Əliyev 101: Türkiyə Yüzili" mövzusunda tədbir keçirildi. Türkiyə Azərbaycan Yüzüncü İl Platformasının sədri Elmin Sadıqov tədbiri açıq elan etdi. O, Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin yüksəliş mərhələsinə qədəm qoymasında Prezident İlham Əliyevin və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyinin tarixi əhəmiyyətindən bəhs etdi. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycanın dost, qardaş və strateji müttəfiq kimi Türkiyənin yeni yüzillikdə yeni hədəflərinə əmin addımlarla irəliləməsində öz dəstəyini göstərəcəyini vurğuladı. Daha sonra AMEA-nın vitse-prezidenti, akademik Gövhər Baxşəliyeva, Energetika nazirinin müavini Orxan Zeynalov, Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, professor, millət vəkili Anar İsgəndərov və digər iştirakçılar Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan dövlətinin inkişafı yolundakı misilsiz xidmətləri barədə geniş çıxış etdilər. Tədbirdə, həmçinin Milli Məclisin deputatları, dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak etmişdir. Sonda Platformanın sədri Elmin Sadıqov bir daha iki ölkə arasındakı dərin, sarsılmaz bağdan və güclü dostluq münasibətlərindən söz açaraq tədbiri yekunlaşdırdı.

Röya RÜSTƏMLİ,

"Respublika".