Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Gözlərimiz niyə fərqlidir?

Əgər güzgü qarşısına keçib gözlərinizə diqqət etsəniz görərsiniz ki, onlar biri-birindən fərqlidir. Hər insanın işlək, aparıcı əli, ayağı, qolu olduğu kimi, gözləri də biri digərindən həm ölçüsünə, həm də aktivliyinə görə seçilir.

Aparıcı göz tibdə dominant, binokulyar görməyə - yəni hər iki gözlə əşyanı eyni vaxtda dəqiq görməyə malik gözə deyilir. Bu göz heç də iti, güclü göz sayılmır. O, özündən çox həcmdə informasiyanı buraxır, əşyaların yerləşməsini beyinə ötürür. Bu isə o deməkdir ki, onun baş beyinin vizual hissəsi ilə əlaqəsi güclüdür. Belə ki, aparıcı göz detallarda, rəsmlərdə dəqiq olmayan hissələri neytrallaşdırır. İki gözlə baxdıqda, o, daha dəqiq, aydın informasiya ötürür, nəinki tabe olan göz. Bunu sadə bir test ilə də yoxlaya bilərsiniz. Özünüzdən 5 metr irəlidə bir predmet seçin: məsələn, hər hansı əşya və yaxud divarda bir naxış. Əllərinizi irəli uzadıb, baş barmaqlarınızı birləşdirib üçbucaq ekran kimi düzəldib, o dəlikdən həmin əşyaya 2 gözlə baxın. Obyekt həmin üçbucağın mərkəzində durmalıdır. Əvvəlcə bir gözünüzü yumub baxın, sonra digərini. Bir gözü bağladıqda, obyekt olduğu kimi görünür, tərpənmir, amma onu açıb ikinci gözü bağlayanda obyekt sanki böyüyür və üçbucaqdan kənara çıxır. Obyekti yerində, olduğu kimi dəqiq görən göz, aparıcı dominant gözdür. Hansı ki, bu gözlə mikroskopa, qapının gözlüyünə, teleskopa baxırıq.

Həftənin ən ağır günü bu gün imiş...

İndiyə qədər həftənin ən ağır gününün bazar ertəsi olduğunu düşünürdük. Lakin yeni araşdırmada bu fikir elmi olaraq sübutunu tapmayıb.

Amerikalı elm adamları ofis işçiləri arasında sorğu apararaq həftənin ən ağır gününü araşdırıblar. Sorğular əsasında aparılan araşdırmanın nəticələri göstərib ki, fiziki və emosional baxımdan işçilər üçün ən ağır gün çərşənbə axşamı, nahara 1 saat qalmış vaxtdır. Bu zaman işçilər çox gərginlik keçirir. Rəyi soruşulanların 53 faizi bunu onunla əsaslandırıb ki, bazar günündən sonrakı ilk iş günündə vaxtlarını hər şeyə sərf edir və vəzifələrini yetərincə icra etmirlər. Əvəzinə ikinci gün hər şey üst-üstə gəlir, tələblər, işləri vaxtında çatdırmamaq, gərginlik pik həddə çatır.

"Biz hətta yeməkdən də imtina edirik, fasiləyə çıxmırıq, başa düşürük ki, bu gün işə başlamasaq, sabah daha çətin olacaq", - deyə sorğu iştirakçılarından biri qeyd edib.

Ofis işçilərinin çoxu məhz 2-ci gün ofisi gec tərk edir. Belə rejim və stresli iş orqanizmə mənfi təsir göstərir. Psixi və emosional gərginlik həzm sistemini sıradan çıxarır. Alimlər bu günlərdə bol miqdarda su içməyi tövsiyə edirlər. Çalışın iş yükünü və vaxtını günlər üzrə bərabər böləsiniz.

Sən demə, dişlərimiz...

Fizioqnomiya üzrə mütəxəssislər dişlərin formasının insanın xarakterinə təsiri ilə bağlı maraqlı araşdırma aparıblar. Tədqiqatçılar belə qənaətə gəliblər ki, dişlərin əmələ gəlməsi insanın genetik koduna ciddi riayət olunmaqla baş verir. Belə ki, dişlər konkret insana xas olan keyfiyyətləri müəyyən edə bilir.

Fizioqnomiyaya görə, açıqlığı, qətiyyəti və inadkarlığı ilə seçilən insanlar kəsici dişlərə sahib olurlar. Eyni zamanda diş aralarındakı boşluq ildırım sürəti ilə qərar qəbul etmək meylini və nəticələri barədə düşünmək istəmədiyini göstərə bilər. Çox sıx dişlər aqressivliyə işarədir. Lakin bu cür dişlərin sahibləri sevgiləri ilə də məşhurdurlar. Düz dişlər məsuliyyət, soyuqqanlılıq və özünəinamdan xəbər verir. Əksinə, dişləri əyri olan insanlar isə inadkar və çətin xarakterə malik olurlar. Bununla belə, onlarda intuisiya da inkişaf etmişdir ki, bu da demək olar istənilən vəziyyəti qabaqcadan görməyə imkan yaradır.

Quşlar nə üçün bu şəkildə uçur?

Uçarkən quşların ən fərqli davranışı "V" şəklində sıralanmasıdır. Elm adamları onların niyə bu şəkildə uçmasının səbəbini araşdırıblar. Səbəblər tam olaraq aydın olmasa da, araşdırmalar kifayət qədər məntiqli cavablar verir.

İlk növbədə quşlar enerjilərini qoruyub saxlamağı hədəfləyirlər. Hər bir quş qarşısındakı quşdan bir qədər yüksək uçur, nəticədə küləyin müqaviməti azalır. Eyni zamanda növbə ilə qabağa çıxır və yorulanda geri çəkilmək imkanı əldə edirlər. Beləcə, dayanmadan uzun müddət uça bilirlər.

Qabaqdakı quşun yorulmasının səbəbi havaya cəsarət edərək müqaviməti qırması, arxadakı quşların isə yüngül külək axınına məruz qalmasıdır. Bu yolla arxada qalan quşlar daha az enerji sərf edirlər.

Bu formada uçmağın ikinci faydası qrupdakı hər bir quşu izləməyin asan olmasıdır. Belə ki, bu, qrup daxilində ünsiyyət və koordinasiyaya kömək edir. Döyüş pilotları da eyni səbəbdən tez-tez bu formadan istifadə edirlər. Qarşıdakı quş marşrutu müəyyən edir və digər quşlar onu da izləyir. Bu, qrup halında hərəkət edən quşların bir-birini itirmədən və marşrutdan kənara çıxmadan irəliləməsinə imkan verir. Bundan əlavə, bu formalaşma quşların bir-birindən hava axını almasına imkan yaradır və qrupdakı hər bir quşun havada daha sabit mövqe tutmasına kömək edir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".