SAĞLAM HƏYAT
Maraqlı

SAĞLAM HƏYAT

Bu qan qrupunu daşıyırsınızsa...

İngiltərəli elm adamları hansı qan qrupunun xəstəliklərə qarşı daha davamlı olduğunu araşdırıblar. London Universitetində aparılan araşdırmada ən davamlı qan qrupunun O (I) olduğu məlum olub.

Tədqiqatçılar bu qan qrupunu daşıyan insanların bir çox xəstəliyə tutulma ehtimalının digər qan qruplarına malik olanlarla müqayisədə daha az olduğunu müəyyən ediblər. Mütəxəssislər qan qruplarının yüksək qan təzyiqi, yoluxucu xəstəliklərə tutulma ehtimalı və xərçəng riski kimi bir çox problemlərə səbəb ola biləcəyini söyləyirlər.

Tədqiqat zamanı qan qrupunu təyin edən genlərin beyində qanın laxtalanma riski ilə də  əlaqəli olduğu üzə çıxıb. Belə ki, 882 nəfər üzərində aparılan araşdırmada tədqiqatçılar AB (IV) qan qrupu olan insanların digər qruplarla müqayisədə laxtalanma riskinin orta hesabla 5,6 dəfə, O (I) qan qrupunu daşıyanların isə bu rəqəmin yarısı qədər yüksək olduğunu qeyd ediblər.

Qeyd edək ki, ABŞ-da aparılan digər bir araşdırmada məlum olub ki, AB (IV) qan qrupu olan insanların ürək xəstəliyinə tutulma ehtimalı 23, B (III) qan qrupu olanların isə O (I) qrupuna nisbətən 11 faiz daha risklidir. Başqa bir araşdırmanın nəticələri isə göstərib ki, O (I) qan qrupu olan insanlar hava çirkliliyi kimi ətraf mühit faktorlarına qarşı daha davamlıdır, həmçinin onların infarkt keçirmə ehtimalı daha azdır.

Yeməkdən dərhal sonra içməyin, çünki...

Türkiyəli mütəxəssislər yeməkdən dərhal sonra istehlak edilən mineral su ilə bağlı xəbərdarlıq ediblər. Onlar bunun həm faydalı, həm də zərərli olduğunu bildiriblər. Mütəxəssislərin fikrincə, mineral suların həddindən artıq istehlakı yüksək təzyiq, böyrək xəstəlikləri, mədə xorası və osteoporoza yol aça bilər.

Mineral sular çox miqdarda natrium ehtiva etdiyi üçün həddindən artıq istehlak edilməsi tövsiyə edilmir. Çünki həddindən artıq natrium qəbulu sidiklə kalsium ifrazını artırdığından osteoporoz riskini artıra  bilər. Eyni zamanda çox miqdarda natrium qəbulunun yüksək təzyiq, böyrək və mədə xorası kimi xəstəliklərə də səbəb ola biləcəyi bildirilir. Bundan əlavə, mütəxəssislər mineral suyun tərkibinin onun miqdarı qədər vacib olduğunu söyləyirlər. Belə ki, bu içkini seçərkən natrium az, kalsium və maqneziumun miqdarının isə yüksək olanlarına üstünlük verilməsi məsləhət görülür. Bu suların tərkibində həll olunmuş minerallar, elementlər və qaz var. Onun tərkibindəki bu minerallar insan sağlamlığı üçün çox faydalıdır. Qeyd edək ki, Amerika Piylənmə Assosiasiyası mineral su istehlakının gündəlik 600 milliqramdan çox olmamasını tövsiyə edir.

Üzümüzdəki bu əlamətlər ürəyimizdən xəbər verir

İndiyə qədər aparılan araşdırmalar göstərir ki, ürək-damar sistemi ilə bağlı problemlər insanın zahirində özünü göstərə bilir. Bəs bu əlamətlər hansılardır?

Gözün içində olan boz və ağımtıl halqalar lipidlərin orqanizmdə yığılması və xolesterin çoxluğundan əmələ gəlir. Əgər 30-40 yaşlı insanda bu halqalar varsa, deməli, onda xolesterin, triqliseridlər çoxdur, bu isə ürək-damar problemlərinin başlanmasına işarədir. Göz qapağının üstündə, künclərdə olan piy törəmələri - ksantelazmalar isə təkcə kosmetik qüsur yox, həm də ürəklə bağlı ciddi siqnal, lipoprotein və xolesterinin artması deməkdir. Araşdırmalar göstərib ki, gözün üzərində belə piy topacıqları olanlar 17 faiz daha çox ürək-damar xəstəliyinə tutulur. Bu cür piy topaları ateroskleroz, yüksək təzyiq, insult, iri damarların tutulması, şəkərli diabetə də işarə edir.

Qulağın sırğalığında dərin qırış, xətt şəklində əmələ gələn qat da ürəkdə yaranan problemlə əlaqəlidir. Buna Frenk simptomu deyilir. Elmi tədqiqatlar göstərib ki, bu əlamət ürəyin işemik xəstəliyi ilə bağlıdır. Bu qırış xüsusilə infarkt riski olanların çoxunun qulağında müşahidə edilir. Alimlərin fikrincə, 60 yaşdan sonra yaranan bu qırış yaşla bağlı da ola bilər. Xüsusilə gənc yaşda alında yaranan dərin, horizontal qırışlar da ürək-damar xəstəliklərinə işarə edir.

İş insanın cövhəridir?

Deyirlər, iş insanın cövhəridir. Qərinələrin sınağından çıxmış, cilalanaraq müasir dövrümüzə gəlib çatmış bu ifadə əməyin insan həyatında böyük rol oynadığını göstərir. Lakin koreyalı elm adamlarına görə işləməyin də bir həddi var. Belə ki, iş saatının sağlamlığa təsirini araşdıran alimlər bu nəticəyə gəliblər ki, həftədə 40 saatdan çox işləyən 55 yaşa qədər olan insanlarda gələcəkdə  psixi pozuntular, depressiya yaranır.

Seul Universitetində aparılan araşdırma zamanı 55 yaşdan yuxarı 6 min nəfər koreyalının sağlamlıq və həyat tərzi ilə bağlı məlumatlar nəzərdən keçirilib. Həftədə 35 saatdan çox işləyənlərdə depressiya və ruh düşkünlüyünün az və ya heç işləməyənlərə nisbətən artıq olduğu məlum olub. Sosial, aktiv həyat keçirən, normal istirahət edən, həftədə 2 gün dincələn, hobbisi olan insanların isə  psixi cəhətdən sağlam qaldıqları ortaya çıxıb. Nəticələr göstərib ki, işlə şəxsi həyat arasındakı balansı saxlamaq yaşlı dövrdə psixi sağlamlığa təsir edir. Elə bu səbəbdən də mütəxəssislər 50 yaşdan sonra həftəlik iş saatının ümumiyyətlə, 35 saata endirilməli olduğunu tövsiyə edirlər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".