DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

TÜRKİYƏDƏ SƏFƏRBƏRLİK ELAN ETMƏK SƏLAHİYYƏTİ DÖVLƏT BAŞÇISINA VERİLİB

Türkiyədə səfərbərlik elan etmək səlahiyyəti ölkə prezidentinə verilib. “Sputnik” informasiya agentliyinin xəbərinə görə, müvafiq fərman Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.

Sənədə əsasən, 24 may 1990-cı il tarixli və 90/500 saylı Nazirlər Şurasının qərarı ilə qüvvəyə minmiş “Səfərbərlik və hərbi vəziyyət nizamnaməsi” ləğv edilib. Onun əvəzinə “Səfərbərlik və hərbi vəziyyət əsasnaməsi”nin tətbiqinə başlanılıb.

Bununla yanaşı, əsasnaməyə görə, Türkiyədə müharibəni labüd edən vəziyyət yarandıqda, ölkəyə qarşı üsyan, qiyam baş verdikdə, daxildə və xaricdə ölkənin bütövlüyü və xalqın birliyi üçün təhdid kimi hallar baş verdikdə Türkiyə prezidenti ümumi və ya qismən səfərbərlik elan etmək səlahiyyətinə malikdir.

Məlumat üçün qeyd edək ki, bundan əvvəl Türkiyədə səfərbərlik elan etmək səlahiyyəti Nazirlər Şurasına məxsus idi.

Aİ GÜRCÜSTANLA VİZASIZ REJİMİ LƏĞV EDƏ BİLƏR

Avropa İttifaqı (Aİ) “Xarici agentlər haqqında” qanunun qəbulu ilə əlaqədar Gürcüstanla vizasız rejimi ləğv etməyi təklif edib. Bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Verilən xəbərə görə, Estoniya, Niderland, Çexiya və İsveç 2017-ci ildən qüvvədə olan rejimin ləğvini təklif ediblər. Təşəbbüs müəllifləri həmçinin rəsmi Tbilisiyə qarşı məqsədyönlü sanksiyaların tətbiqi və Aİ-dəki vəsaitlərinin dondurulması təklifini veriblər.

Eyni zamanda, ölkənin hakim “Gürcü Arzusu” partiyası etirazlar fonunda bildirib ki, “kölgə qüvvələr” Gürcüstanın daxili sabitliyini pozmağa çalışırlar. Açıqlamaya əsasən, söhbət masonlar və qlobal müharibə partiyasından gedir.

Xatırladaq ki, ötən həftə Gürcüstan prezidenti Salome Zurabişvili parlamentdə qəbul edilmiş “Xarici agentlər haqqında” qanunu imzalamaqdan imtina edib və bunu ölkəsinin Avropa yolunda “maneə” adlandırıb. Sənəd ölkədə etirazlara səbəb olub. Rəsmi Brüssel bunun Gürcüstanın Aİ-yə üzv edilməməsinə səbəb olduğunu açıqlayıb.

İSVEÇDƏN UKRAYNA ÜÇÜN 7 MİLYARD DOLLARLIQ HƏRBİ DƏSTƏK PROQRAMI

İsveç Ukrayna üçün 7 milyard dollarlıq üçillik hərbi dəstək proqramını elan edib. Bu barədə İsveç hökumətinin açıqlamasında qeyd olunur.

Məlumata əsasən, İsveçin Ukraynaya dəstəyini daha da gücləndirmək və uzunmüddətliliyi təmin etmək üçün hökumət və İsveç Demokratları Ukraynaya 2024-2026-cı illər üçün ümumilikdə 75 milyard İsveç kronu (7 milyard dollar), ildə 25 milyard İsveç kronu məbləğində hərbi dəstək üçün üç illik çərçivə proqramı barədə razılığa gəliblər.

Bununla da İsveçin Ukraynaya indiyəqədərki ümumi hərbi və mülki yardımı 100 milyard İsveç kronunu ötəcək.

Eyni zamanda, İsveç hökumətinin bəyanatında qeyd olunur ki, bu çərçivə proqramında hərbi dəstək, məsələn, müdafiə avadanlığının ianələri, maliyyə töhfələri və müdafiə avadanlıqlarının alınması üçün maliyyə dəstəyi şəklində ola bilər.

Bununla yanaşı, İsveç hökumətinin bəyanatında vurğulanıb ölkə Ukraynanın mübarizəsini nə qədər lazımdırsa, o qədər dəstəkləyəcək.

İSRAİL QƏZZADA 130-A YAXIN HƏDƏFƏ ZƏRBƏLƏR ENDİRİB

İsrail Hərbi Hava Qüvvələri  son sutka ərzində Qəzza zolağında 130-a yaxın hədəfə zərbələr endirib. “TASS”  agentliyinin xəbərinə görə, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Verilən xəbərə görə, vurulan hədəflər arasında silahlı radikalların dəstələri, hərbi tikililər, müşahidə məntəqələri və fələstinli radikal qrupların istifadə etdiyi digər infrastruktur obyektləri olub.

Anklavın şimalındakı Cəbəliyyədə toqquşmaların birində İsrail hərbi hava qüvvələrinə məxsus uçuş aparatı HƏMAS-ın hərbi qanadının sıralarında olan səkkiz radikalı məhv edib. Açıqlamaya əsasən, hava hücumları ilə yanaşı, İsrail quru qüvvələri sutka ərzində radikallarla yaxın döyüşə girib.

Bununla yanaşı, Qəzza zolağının cənubundakı Rəfah şəhərində də İsrail hərbçiləri bir neçə bölgədə əməliyyat fəaliyyətlərini davam etdirilər: “Əsgərlər hazırda Braziliya və Şabura bölgələrində terrorçuların hədəfləri ilə bağlı məlumatlar üzərində hərəkət edir, eyni zamanda ərazi boşaldıldıqdan sonra mülki əhalinin zərər çəkməsinin qarşısını almaq üçün bütün tədbirləri görürlər”.

MÜSTƏMLƏKƏÇİLİYİN YENİ SİMASI: KANAKLARA QARŞI QƏDDARLIQ

Fransa hakimiyyətinin azadlıq uğrunda mübarizə aparan Yeni Kaledoniyadakı kanak xalqına qarşı amansızlığı müstəmləkəçiliyin yeni simasıdır. Bunu “Report” agentliyinə açıqlamasında amerikalı politoloq və beynəlxalq münasibətlər sahəsində ekspert Piter Teys bəyan edib.

Ekspertin sözlərinə görə, Fransa hökuməti insan hüquqlarını pozur və Yeni Kaledoniyanın gələcək iqtisadi inkişafına mane olur. “İğtişaşların və xüsusi mülkiyyətin məhv edilməsinin iqtisadi nəticələri əhəmiyyətlidir. Paris yenidən müstəmləkəçiliyin beşiyinə çevrilmiş kimi görünür”, - deyə Piter Teys vurğulayıb.

Bununla yanaşı, politoloq qeyd edib ki, yerli əhalinin etirazına səbəb Fransanın Yeni Kaledoniya Konstitusiyasını dəyişdirmək cəhdidir: “Kanaklar Parisin qondarma konstitusiya islahatından qəzəblənir. Yerli sakinlər haqlı olaraq konstitusiya dəyişikliklərinin kanak icmasının mövqeyini zəiflədəcəyindən narahatdırlar”.

SƏUDİYYƏ ƏRƏBİSTANI VƏ YAPONİYA TƏRƏFDAŞLIQ ŞURASI YARADIB

Səudiyyə Ərəbistanı və Yaponiya arasında tərəfdaşlıq şurasının yaradılması barədə qərar qəbul edilib. “TRT” telekanalının Səudiyyə Ərəbistanının “SPA” agentliyinə istinadən verdiyi xəbərə görə, ölkənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Yaponiyanın baş naziri Fumio Kişida arasında videokonfrans formatında görüş baş tutub.

Verilən xəbərə görə, münasibətlərin yaxşılaşdırılması imkanlarının, regional, eləcə də beynəlxalq proseslərin və bunlarla bağlı araşdırmaların müzakirə edildiyi danışıqlar zamanı Səudiyyə Ərəbistanı ilə Yaponiya arasında tərəfdaşlıq şurasının yaradıldığı bəyan edilib.

Yaponiyanın baş naziri Fumio Kişida Səudiyyə Ərəbistanına ölkəsini xam neftlə təmin etdiyinə görə təşəkkür edərək rəsmi Ər-Riyadın qlobal neft bazarının sabitləşdirilməsində və təmiz enerji üçün qlobal təchizat zəncirlərinin dəstəklənməsində liderlik rolunu davam etdirmək arzusunu ifadə edib.

Vəliəhd şahzadə Məhəmməd bin Salman da Səudiyyə Ərəbistanının Yaponiyaya xam neft tədarükünü davam etdirmək əzmində olduğunu vurğulayaraq, ölkəsinin Yaponiya ilə digər sahələrdə, o cümlədən  “yaşıl enerji” sahəsində əməkdaşlığı inkişaf etdirməyi düşündüklərini dilə gətirib.

BLİNKEN ABŞ QOŞUNLARININ NİGERİ TƏRK EDƏCƏYİ TARİXİ TƏSDİQLƏYİB

ABŞ sentyabrın 15-dək qoşunlarını Nigerdən çıxaracaq. “Report” agentliyinin xəbərinə görə, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken Senatın Təxsisatlar Komitəsində keçirilən dinləmələrdə bəyan edib.

“Bəli, bu, doğrudur”, - deyə Blinken ABŞ qoşunlarının Nigerdən çıxarılması ilə bağlı mətbuatda yayılan xəbərlərin doğru olub-olmaması ilə bağlı sualı cavablandırıb.

Eyni zamanda, ölkənin baş diplomatı vurğulayıb ki, Amerika tərəfi digər məsələlərlə yanaşı, ABŞ silahlarının Afrika ölkəsinə gələn Rusiya hərbi müşavirlərinin əlinə keçməsinin qarşısını almaq üçün öz əsgər və zabitlərinin Nigerdən çıxarılması prosesini izləmək niyyətindədir.

Xatırladaq ki, mart ayında Niger ölkənin şimalında ABŞ-a məxsus PUA bazasının yaradılmasını ehtiva edən hərbi müqaviləni ləğv edib. Niger müqavilənin xalqın maraqlarına cavab vermədiyinə işarə edib. 2023-cü ilin sonunda Nigerdə təxminən 1100 ABŞ hərbi qulluqçusu olub və onların əksəriyyəti Aqades yaxınlığındakı hava qüvvələri bazasında xidmət aparıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.