DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

CORC SOROSUN ABŞ-IN HÜQUQ SİSTEMİNƏ VURDUĞU SAĞALMAZ YARA

Amerikalı milyarder Corc Soros ABŞ hüquq sisteminə sağalmaz yara vurub. İnvestor bunu prokurorlara “cinayətkarlara daha humanist yanaşma” yolu ilə maliyyə dəstəyi göstərməklə həyata keçirib. Bu barədə “New York Post” qəzetinin amerikalı investor Corc Sorosa həsr etdiyi məqalədə qeyd olunur.

Məqalədə bildirilir ki, bu şəxs cəmi 40 milyon dollara ABŞ-ın hüquq sistemini yenidən qurmağa müvəffəq olub: “Soros və onunla əlaqəli təşkilatlar prokurorları dəstəkləyirlər, onlar isə qanunu və düzəni anarxiya və iğtişaşlara çevirməyə çalışırlar”.

Nəticədə, hər beş amerikalıdan biri və ölkənin ən çox məskunlaşmanın olduğu şəhərlərin əhalisinin yarısı Soros tərəfindən dəstəklənən və ya onun ideologiyasını bölüşən bir dairə prokurorunun fəaliyyət götərdiyi yerdə yaşayırdı.

Məqalədə bildirilib ki, bunun nəticəsində dəymiş ziyan ölçüyə gəlmir: “Mağazalardan oğurluq və narkotik istifadəsi cinayət sayılmadı, təkrar cinayət törədənlər girovsuz sərbəst buraxıldılar, Baltimor, Çikaqo, San-Fransisko, Nyu-York və digər şəhərlərdə qətllər, soyğunçuluq, zorakılıq halları artdı”.

Qeyd edilir ki, vəziyyət son vaxtlar dəyişməyə başlasa da, hələ qarşıda uzun yol var.

QƏZZADA GİROVLARIN DƏYİŞDİRİLMƏSİ İLƏ BAĞLI YENİ RAZILIQ

Fransanın paytaxtı Parisdə keçirilən çoxtərəfli məsləhətləşmələrdə Qəzza zolağında girovların dəyişdirilməsinin yeni şərtləri ilə bağlı razılıq əldə olunub. Bu barədə “Trend” agentliyinin xəbərində qeyd olunur.

Məlumata əsasən, Paris danışıqlarında fələstinli məhbuslarla girovların mübadiləsinə dair sazişin yenilənmiş detalları haqqında müzakirələr aparılıb.

Xatırladaq ki, fevralın 13-də “CNN” telekanalı Fələstinin “HƏMAS” hərəkatındakı mənbəyə istinadla Qəzza zolağındakı girovların azad edilməsi və anklavda atəşkəsə nail olunması ilə bağlı aparılan danışıqların həlledici mərhələyə qədəm qoyması barədə məlumat yaymışdı.

Eyni zamanda, qeyd edək ki, bir neçə gün öncə Qahirədə Misir, ABŞ, Qətər və İsrail nümayəndələri arasında məşvərət görüşü keçirilib. Görüşdə israilli və fələstinli girovların qarşılıqlı dəyişdirilməsinə dair mümkün razılaşma, habelə anklavda atəşkəs rejiminin yaradılması perspektivləri müzakirə olunub.

POLŞADA NÖVBƏTİ DƏFƏ UKRAYNAYA MƏXSUS TAXILI YERƏ DAĞIDIBLAR

Polşada Doroxusk dəmiryol stansiyasında naməlum şəxslər Ukraynaya məxsus vaqonlarda olan taxılı yerə töküblər. “Report” agentliyinin xəbərinə görə, bunu Ukraynanın icmaların, ərazilərin və infrastrukturun inkişafı naziri Aleksandr Kubrakov bildirib. Onun sözlərinə görə, bu, dəmiryol vağzalında baş verən sayca dördüncü belə hadisədir.

Nazir bildirib ki, bu insident Ukraynanın kənd təsərrüfatı məhsullarının sistematik şəkildə məhv edilməsi üçün planlaşdırılan təxribata bənzəyir: “Bu cinayətləri törədənləri Ukrayna sülhü və sivil dünyanın qələbəsi qətiyyən maraqlandırmır. Biz Polşa hüquq-mühafizə orqanlarını dərhal cavab verməyə çağırırıq.

Qeyd edək ki, fevralın 20-də polşalı fermerlər Ukrayna ilə sərhəddə 30 günlük tətilə başlayıb və sərhəd keçid məntəqələrinə gediş-gəlişi əngəlləyiblər. İlk gün etirazçılar küçəyə Ukrayna taxılını səpələyiblər. Bunun ardınca Ukrayna prezidenti Volodimir Zelenski Polşa hakimiyyətini fevralın 24-dək problemi həll etmək üçün sərhəddə görüş keçirməyə dəvət edib. Bir gün əvvəl Ukrayna nümayəndə heyəti danışıqlar aparmaq üçün Polşa sərhədinə gəlib, lakin Polşa nümayəndələri gəlməyib.

MİSİR VƏ BƏƏ ARASINDA 35 MİLYARD DOLLARLIQ SAZİŞ

Misir və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Aralıq dənizi sahilində “Ras əl-Hikmə” kurortunun tikintisi üçün 35 milyard dollar dəyərində investisiya sazişi imzalayıb. “TASS” agentliyinin verdiyi məlumata görə, imzalanma mərasimi Misir hökumətinin paytaxtdakı yeni inzibati mənzil-qərargahında baş tutub.

“Ras əl-Hikmə”nin tikintisi Misir və BƏƏ arasında əməkdaşlıq tarixində ən böyük layihədir: onun sahəsi nə az, nə çox 170,8 milyon kvadratmetr olacaq”, - deyə konfransda iştirak edən Misirin baş naziri Mustafa Madbuli bildirib.

Eyni zamanda, baş nazir əlavə edib ki, BƏƏ iki ay ərzində respublikaya 35 milyard dollarlıq birbaşa investisiyalar ayıracaq. 

Kurort ərazisində mehmanxanaların, əyləncə zonalarının və ixtisaslaşdırılmış biznes məhəllələrinin tikilməsi nəzərdə tutulur. Həmçinin cənubda beynəlxalq hava limanının tikintisi planlaşdırılır. Baş nazir hesab edir ki, kurort Misirə azı 8 milyon turist cəlb edəcək, ona görə də Qahirə tikintini mümkün qədər tez başa çatdırmaq niyyətindədir.

RUSİYA SƏRHƏDÇİLƏRİ YEREVAN HAVA LİMANINDAN ÇIXARILA BİLƏR

Rusiya sərhədçiləri Yerevanın “Zvartnots” Beynəlxalq Hava Limanından çıxarılacaq. “Report” agentliyi bildirir ki, bu barədə Ermənistan mediasına yüksək vəzifəli mənbə bildirib. Onun sözlərinə görə, bu proses yaxın vaxtlarda baş verəcək. Rəsmi şəxs bu qərarın nədən qaynaqlandığını açıqlamasa da, onun siyasi olduğunu vurğulayıb.

Məlumata görə, Rusiya sərhədçilərinin “Zvartnots” hava limanında yerləşdirilməsi hökumətlərarası razılaşma ilə tənzimlənmir. Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları ilə Rusiya Federal Təhlükəsizlik Xidməti arasında imzalanmış sənədə əsasən, Rusiya sərhədçiləri hava limanında xidmət edir.

Xatırladaq ki, Ermənistan ərazisində Rusiya sərhəd qoşunlarının statusunu və fəaliyyətini tənzimləyən saziş 1992-ci ildə imzalanıb. Lakin bu müqavilədə hava limanı xidməti ilə bağlı bənd yoxdur.

QƏRBİN SON İKİ İLDƏ KIYEVƏ AYIRDIĞI VƏSAİT AÇIQLANIB

Avropa İttifaqı 24 fevral 2022-ci ildən Ukraynaya 130 milyard avrodan çox yardım proqramları ayırıb. “Report” agentliyinin xəbərinə görə, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel məlumat verib.

“24 fevral 2022-ci ildən biz Ukraynaya dəstək üçün 82 milyard avro ayırdıq. Daha 50 milyard avro əlavə makromaliyyə yardım paketinə daxildir”, - deyə Şarl Mişel vurğulayıb.

Bu ərəfədə Ukrayna iqtisadiyyat nazirinin müavini Aleksey Sobolev məlumat vermişdi ki, Kiyev fevralın 1-də Avropa İttifaqının sammitində təsdiq edilmiş 50 milyard avro dəyərində yeni dördillik dəstək proqramı çərçivəsində 2024-cü ildə 18 milyard avro almağı planlaşdırır.

Nazir müavininin sözlərinə görə, Ukrayna Avropa İttifaqına dörd il müddətinə iqtisadi islahat planı təqdim edəcək və onun icrası hər rüb Avropa Komissiyası tərəfindən yoxlanılacaq. Eyni zamanda, xüsusi yaradılmış audit şurası Ukrayna hakimiyyətinin alınan pulları dəqiq necə idarə etməsinə nəzarət edəcək.

ABŞ HUSİLƏRİN YEDDİ RAKETİNİ VURUB

ABŞ hərbçiləri husilərin gəmi əleyhinə yeddi ədəd qanadlı raketini vurmağa müvəffəq olub. “Trend” agentliyi ABŞ Mərkəzi Komandanlığının məlumatına istinadən xəbər verir ki, həmin raketlər Qırmızı dənizə doğru atılmağa hazır idi və “özünümüdafiə üçün” vurulub.

Bununla yanaşı, Mərkəzi Komandanlıq raketlərin Yəmənin husilərin nəzarətində olan ərazilərində aşkarlandığını, bölgədəki ticarət və hərbi gəmilər üçün təhlükə yaratdığına diqqət çəkib.

Qeyd edək ki, Qəzza zolağında döyüşlər başlayanda husilər İsrail dövləti ilə əlaqəsi olan gəmilərin Qırmızı dənizdən və Bab-əl-Məndəb boğazından keçməsinə imkan verməyəcəklərini bildiriblər.

Ötən il noyabrın ortalarından başlayaraq onlar Qırmızı dəniz və Ədən körfəzində gəmiləri atəşə tutmaqda davam edirlər.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.