Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Üzümüz maddi durumumuzdan xəbər verir

Şotlandiyanın Qlazqo Universitetinin alimləri iddia edirlər ki, insanın üz quruluşuna görə onun maddi durumunu müəyyən etmək mümkündür. Aparılan araşdırmaların nəticələri göstərib ki, dar üz quruluşu və dərisi açıqrəngli olan insanlar adətən zəngin olurlar.

Gözlərin bir-birinə yaxın, qaşların isə yuxarıda yerləşməsi də zənginlik göstəricisi hesab edilir. "APA Journal of Experimental Psychology" jurnalında dərc edilən araşdırmaya görə, bu cür üz cizgilərinə sahib olan insanlar daha istiqanlı, mehriban və etibarlı olurlar. Daha geniş üz quruluşu, simmetrik üz cizgiləri və solğun dəri rəngi isə yoxsulluğun əlamətləridir.

Tədqiqat müəllifi dr. Thora Bjornsdottir araşdırmada iştirak edənlərin əksəriyyətinin Qərb ölkələrində yaşayan ağdərililər olduğunu bildirib. Alim həmçinin vurğulayıb ki, sırf bu göstəricilərə görə insanları təbəqələrə bölmək düzgün deyil: "Bunlar bizim qavrayışlarımızı formalaşdırır. İnsanlar haqqında təəssüratlarımız müəyyən vəziyyətlərdə onlar üçün avantaj və ya dezavantaj yarada bilər", - deyə o qeyd edib.

Gənələr bu qan qrupunu bəyənir

İsti havalarda daha çox park, bağ kimi yaşıllıqların çox olduğu yerlərdə, təbiət qoynunda dincəlməyə üstünlük veririk. Ancaq belə məkanlarda da gənə dişləməsi kimi xoşagəlməz halla qarşılaşırıq. Elm adamları qan qrupları və gənələr arasında əlaqə olduğunu müəyyən ediblər. Onlar bu həşəratların bəzi qan qrupundan olanları daha çox sancdığını açıqlayıblar.

Təcrübə zamanı mütəxəssislər gənələri təcrid olunmuş əraziyə yerləşdirib və onlara filtr kağızından istifadə edərək müxtəlif qruplardan qan nümunələri təqdim ediblər. Bir çox gənənin ikinci qan qrupu olan nümunələrə doğru hərəkət etdiyi müşahidə edilib. Bu təcrübə yüz dəfədən çox təkrarlansa da, nəticə dəyişməyib. Beləliklə, məlum olub ki, ikinci qan qrupunun sahibləri gənələrin "qurbanına" daha çox çevrilirlər. Üçüncü qan qrupları isə bəyənmədikləri qan qrupudur.

Qeyd edək ki, gənələr insanlarda ciddi xəstəliklərə səbəb olur. Hətta bu xəstəliklər ölümlə də nəticələnir. Onlar insanları borrelia (Lyme xəstəliyi), gənə ensefaliti, anaplazmoz, erlixioz, tülyaremiya və babezioz kimi xəstəliklərə yoluxdura bilər.

Sən demə, Sahara keçmişdə "cənnət" olubmuş

Afrikanın şimalında yerləşən, dünyanın ən böyük tropik səhrası olan Sahara ilə bağlı ortaya çıxan yeni tapıntılar bəşər tarixini dəyişdirə bilər. Elm adamları ucsuz-bucaqsız qum təpələrindən ibarət olan bu nəhəng səhranın keçmişdə "cənnət" olduğunu söyləyirlər.

Səhrada aparılan arxeoloji qazıntılar zamanı daş dövrünə aid müxtəlif insan və heyvan qalıqları tapılıb. Araşdırmalar göstərib ki, təxminən altı min il əvvəl səhrada göl, çəmənlik, yaşayış məntəqələri və hətta canlılar da olub. Ərazisinin təxminən yüz səkkiz min kvadratkilometr hissəsinin su hövzəsi ilə əhatə olunduğu müəyyən edilib. Həmçinin məlum olub ki, qədim dövrdə yaşayış məskənləri su mənbələrinin yaxınlığında salınıb.

"Webtekno"nun hesabatına görə, səhradakı mağara divarlarına çəkilən rəsmlərdə üzgüçülük izlərinin olması keçmişdə burada suyun nə qədər əhəmiyyətli olduğunu sübut edir. Bununla belə, Sahara ilə bağlı sirlər hələ tam olaraq çözülməyib. Tədqiqatçıların fikrincə, bu böyük səhranın altında bir çox naməlum sirlər yatır ki, onlar insanlıq tarixini dəyişdirə bilər.

Çipsinin maraqlı tarixçəsi

Böyükdən-kiçiyə çoxlarımızın sevdiyi çipsilərin necə yarandığını bilirsinizmi? İngilis dilindən tərcümədə "dilim" mənasını verən bu xırtıldayan ləzzətə görə Afrika kökənli aşpaz Corc Krama borcluyuq.

Corc Kram ABŞ-ın Saratoqo Sprinqs şəhərində yerləşən bahalı restoranların birində baş aşpaz işləyirmiş. Günlərin birində o adəti üzrə müştərisi üçün kartof qızardır. Lakin müştəri kartofu qalın qızartdığına görə onu məzəmmət edir və sifarişi geri qaytarır. Bundan əsəbiləşən Kram kartofu çox nazik doğrayaraq, xırçıldayana qədər yağda qızardır. O, bu yolla müştəridən intiqam alacağını zənn edir. Maraqlıdır ki, müştəri kartofdan məmnun qalır. Bu təsadüfi "kəşf" zamanla "Saratoqo çipsləri" olaraq adlandırılır və həmin restoranın məşhur yeməyinə çevrilir.

Yəni çips Corcun yaradıcılığı və seçici bir müştərinin zövqü sayəsində formalaşıb. Bir müddət sonra kəşfinin fərqinə varan aşpaz 1860-cı ildə öz restoranını açır, zəngin və seçilən qonaqları qəbul edərək məşhur kartof çipslərinin təqdimatını keçirir. Ancaq çipsinin hekayəsi bununla bitmir. Tədricən daha da populyarlaşaraq 1920-ci illərdə kartof soyma maşınının ixtirası ilə kütləvi istehsalatı başlayır.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika.