Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Zamanda səyahət etmək mümkündürmü?

Elmi inkişaflar sayəsində təsəvvür belə edə bilməyəcəyimiz yeniliklərin şahidi olduqca, zamanda səyahət etmək fikri də imkansız görünmür.
Zaman və məkan içində hərəkət etmək üçün soxulcan dəliklərindən bir körpü kimi istifadə etmək ehtimalı daha yüksəkdir. Bəzi elm adamları bu dəliklər vasitəsilə nəzəri olaraq qalaktikanın fərqli yerlərinə və zamanlara gedə biləcəyimizi iddia edirlər. İşıq sürətində səyahət etməyi də düşünə bilərik, çünki bu anda geridə qoyduğumuz zaman xeyli yavaşlıyır. Ancaq indiki elm heç bir şeyin işıq sürətinə çata bilməyəcəyini, çatsa belə bədənimizi parçalayacağını söyləyir.
Qara dəliklərin ətrafında fırlanma da işə yaraya bilər. Çünki orada cazibə qüvvəsi o qədər güclüdür ki, zamanı ləngidir. Belə ki, qara dəlik ətrafındakı zaman planetimizdən təxminən 50 faiz daha yavaş keçir. Yəni hesablamalara görə, orada keçən 10 il Yer kürəsindəki 20 ilə bərabərdir. Bu ssenarilərdən hər hansı birini düşünərək, nəhayət zamanda səyahətə yol tapa bilərik. Ancaq bunun arxasındakı elmi daha dərindən öyrəndikdən sonra bu səyahəti təhlükəli və ya səmərəsiz edən bir çox paradoksla qarşılaşmalı olacağıq. Buna görə də hələ ki zamanda səyahət filmlərin və kitabların mövzusu olaraq qalmağa davam edəcək.

Ürək transplantasiyasından sonra şəxsiyyət dəyişirmi?

Ürəyimiz adətən sevgi, duyğular və şəxsiyyətimizə dair xüsusiyyətlərin mərkəzində duran orqan hesab edilir. Hər kəsin xarakteri fərqli olduğu halda, bu orqanın nəqli insanın şəxsiyyətinə təsir edə bilərmi?
Bu sualın cavabını öyrənmək üçün 2 il müddətində elm adamları ürək transplantasiyasından sonra xəstələri fərdi şəkildə sorğu-sual ediblər. Xəstələrin fikirləri 2 qrupa bölünüb: 79 faizi əməliyyatdan sonra xarakterlərində heç bir dəyişikliyin baş vermədiyini, 21 faizi isə şəxsiyyət dəyişikliyi yaşadıqlarını söyləyib.
Şəxsiyyət dəyişikliyi yaşayan insanların bəziləri "qulaqcıq taxmağı və əvvəllər heç sevmədiyim musiqini yüksək səslə dinləməyi sevirəm", "əvvəllər çox kobud biriydim, indi duyğulu və həssas birinə çevrilmişəm", "heyvanlara qarşı əvvəlki kimi mərhəmətli deyiləm" kimi fərqli cavablar veriblər.
Alimlərin sözlərinə görə, ümumiyyətlə orqan nəqli edilmiş insanlar digərləri ilə müqayisədə fərqli hisslər yaşayırlar.
Bu araşdırmanın nəticəsi yüzlərlə araşdırmadan yalnız birini əks etdirir. Elm dünyası bu günə qədər insanların beynində olan bu suala hələ də birmənalı cavab verə bilməmişdir. Buna baxmayaraq cavab nə olursa-olsun, öləndən sonra orqanlarınızın bağışlanmasını istərdinizmi?

 

Neandertalları klonlaşdıra bilərikmi?

Bu sual sizlərə məntiqsiz və yaxud absurd bir fikir kimi görünsə də, əslində neandertal genomu 2010-cu ildə sıralanmışdır. Bununla yanaşı, yeni gen tənzimləmə vasitələri hazırlanmış və texniki maneələrin aradan qaldırılması davam edir. Beləliklə, texniki olaraq, bəli, Neandertalın klonlaşdırılmasına cəhd edə bilərik.
Neandertal tipli embrionu daşımaq üçün birinci növbədə daşıyıcı ana tapmadan əvvəl hormonun DNT-sinin insan kök hüceyrəsinə daxil edilməsi lazımdır. Bununla birlikdə, ana və embrion arasında uyğunsuzluqların baş verməsi  prosesin  həyata keçirilməsində çətinliklər yarada bilər. Klonlaşdırmanın texniki prosesi, hüceyrə növlərindən neandertal mitokondrial DNT-nin çıxarılması və müasir dişi somatik yumurtaya daxil edilməsi ilə başlayır. Daha sonra DNT bir nüvəli yumurtaya elektriklə birləşdirilir və vitro gübrələmə vasitəsilə embrion müasir insana implantasiya edilir.
Onu da qeyd edək ki, neandertalların ən yaxın qohumlarımızdan olmasını nəzərə alsaq, onun klonlaşdırılması qeyri-etik olmaqla yanaşı, qanuna da ziddir. Ümid edək ki, elm adamları belə bir təhlükəli addımı atmazlar...

 

Bal həqiqətən soyuqdəyməni müalicə edə bilərmi?

Son bir araşdırma balın soyuqdəymə üçün təbabətdə mövcud olan müalicələrdən daha təsirli olduğunu göstərir. Lakin bəzi mütəxəssislər bu araşdırmaya şübhə ilə yanaşırlar.Yəni bal doğurdanmı təbiətin bizə bəxş etdiyi alternativ müalicə üsuludur, yoxsa nənələrimizdən bizə qalan köhnə türkəçarə “nağılı”dır?
Bal insanlar tərəfindən min illərdir ki, istifadə olunur. Onun istifadəsinə dair şərhlərə Quran və İncillə yanaşı, yunan təbibi Hippokratın məqalələrində də rast gəlinir.
Bu günə qədər balın antimikrobial xüsusiyyətlərə sahib olduğunu bilirdik. Araşdırmalar göstərir ki, Salmonella və Ecoli bakteriyalarına qarşı mübarizədə bal effektiv təsir etməklə yanaşı, iltihab əleyhinə xüsusiyyətlərinə görə də bəzi yaraların müalicəsində istifadə olunur.
Bu yaxınlarda Oksford Universitetinin alimləri balın soyuqdəyməyə qarşı effektivliyini sistematik şəkildə araşdırıblar. Araşdırma zamanı elm adamları balın müalicə prosesindəki təsirini, öskürək siropu, steroid və antibiotiklər kimi yuxarı tənəffüs yolu infeksiyalarını zərərsizləşdirən digər müalicə üsulları ilə müqayisə ediblər. Məlum olub ki, bal da öskürək şərbətləri kimi boğaz ətrafında soyuducu bir təbəqə meydana gətirməklə soyuqdəymənin qıcıqlanmasına sakitləşdirici təsir göstərir, şəkərin dadını təqlid edərək tüpürcəyi tətikləyir və boğazdakı ifrazatları yumşaldır. Lakin bal soyuqdəymə və qripin başqa bir əlaməti olan burun tıxanıqlığına təsir edə bilmir.

Mikrodalğalı sobanın qarşısında dayanmaq təhlükəlidirmi?

Mikrodalğalı sobalar uzun illərdir ki, dondurulmuş tərəvəzlərdən qablaşdırılmış yeməklərə qədər hər qidanı bir neçə dəqiqə ərzində qızdırmaq üçün istifadə etdiyimiz mətbəxdəki köməkçimizdir. Ancaq çoxlarımızı narahat edən bir sual var. İşləyən mikrodalğalı sobanın yanında dayanmaq bizə zərər verə bilərmi? Sobanızda radiasiya sızıntısı varsa, ehtimal ki, cavab "bəli"dir.
ABŞ Qida və Dərman İdarəsinə (FDA) görə, mikrodalğalı radiasiyadan yaralanma halları çox nadirdir. Mikrodalğalar, kosmosda hərəkət edən bir növ elektromaqnit şüalanma və ya enerji dalğasıdır. Radio dalğaları, rentgen və qamma şüaları elektromaqnit şüalanma nümunələridir. Mikrodalğalar da radio dalğaları kimi, ionlaşdırıcı təsiri olmayan şüalanma növüdür və radiasiya elektronlarını atomdan ayıra biləcək kifayət qədər enerjiyə malik olmadığı üçün alimlər bu şüaları DNT üçün zərərli hesab etmirlər. Ancaq bu o demək deyil ki, bu şüalar tamamilə zərərsizdir. Mikrodalğalı sobalar su molekullarının titrəməsinə səbəb olduğu üçün qidaları qızdırdığı kimi, bədən toxumalarını da qızdıra bilər.
FDA-ya görə mikrodalğalı sobalar yanıqlara və kataraktlara səbəb ola bilər. Lakin bu, sobadan sızan böyük miqdarda radiasiya nəticəsində baş verə bilər.


Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.