İtaliyada VI əsrə aid qəsəbənin xarabalıqları aşkarlanıb
Maraqlı

İtaliyada VI əsrə aid qəsəbənin xarabalıqları aşkarlanıb

İtaliyada arxeoloqlar bir vaxtlar 2000 nəfərin yaşadığı qədim Roma dövrünə aid qəsəbənin xarabalıqlarını aşkar ediblər.

"Respublika" "AZERTAC"-a istinadla xəbər verir ki, paytaxt Roma ilə Neapol şəhərləri arasında yerləşən İnteramna Lirenas adlı qəsəbə 1500 il sonra aşkarlanıb. Qəsəbənin Roma imperatoru Qay Yuli Sezarın dövrünə aid olduğu bildirilir.

Arxeoloqlar əvvəlcə buranı kiçik bir yaşayış məntəqəsi hesab ediblər. Aparılan qazıntılardan sonra evlər, məbəd, üç hamam kompleksi və teatrdan ibarət bu qəsəbənin böyük bir ərazini əhatə etdiyi məlum olub. Buradakı teatr Aralıq dənizinin hər yerindən gətirilən mərmərlə tikilib və təxminən 1500 nəfərlik olub.

Pompey şəhərindən fərqli olaraq, bu yaşayış məntəqəsinin təbii fəlakətlər nəticəsində dağılmadığı, Roma İmperiyasının süqutundan təxminən 100 il sonra, VI əsrdə işğal təhlükəsi səbəbindən tərk edildiyi bildirilib.

Arxeoloqlar ərazidə qazıntılara ilk dəfə 2010-cu ildə başlayıblar. Qazıntılar zamanı, qapalı bazarlar, gildiya salonları, yaşayış blokları və ictimai anbarlar kimi xidmət etdiyi güman olunan binalar, həmçinin saxsı qablar və tikinti bünövrələri aşkarlanıb.