Ağalı kənd sakinləri üçün oftalmoloji tibbi aksiyaya başlanılıb
Gündəm

Ağalı kənd sakinləri üçün oftalmoloji tibbi aksiyaya başlanılıb

İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində Səhiyyə Nazirliyi davamlı olaraq təşkil etdiyi tədbirlər zamanı vətəndaşlar arasında müxtəlif tibbi müayinələr, eyni zamanda, sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyalar keçirir.

"Respublika" AZƏRTAC-a istinadla xəbər verir ki, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə nazirliyin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası tərəfindən Zəngilan rayonun Ağalı kəndində əhali üçün ikigünlük oftalmoloji tibbi müayinələrə başlanılıb. Oftalmoloq cərrah Nərminə Hacıyeva müsahibəsində bildirib ki, mütəmadi olaraq Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar klinikası ucqar kəndlərə rayonlara səyahət edərək yüksək səviyyədə tibbi aksiyalar keçirir. Səyyar klinikada ən müasir növ oftalmoloji aparatlar mövcuddur ki, bunun sayəsində pasiyentlərə dəqiq diaqnoz qoyulur. Oftalmoloji müayinələrin başlıca məqsədi operativ şəkildə vətəndaşların müayinəsi, görmə qabiliyyətinin zəifləməsinin qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasının aşkarlanması və müalicələrin təyin olunmasıdır. Müayinələr əsasında vətəndaşlarda quru göz sindromu, allergik konyunktivit, refraksiya patologiyası, miopik astiqmatizm və digər xəstəliklər aşkarlanıb. Eyni zamanda, göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılıb və əldə edilən nəticələr müzakirə olunub. Həmçinin ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılıb. Tibbi aksiyanın ilk günündə 130-a yaxın sakin oftalmoloji müayinədən keçib. Ümumilikdə ikigünlük oftalmoloji aksiya çərçivəsində 250-ə yaxın vətəndaşın müayinədən keçməsi nəzərdə tutulub. Aksiya zamanı qeyd olunub ki, bəzən göz xəstəliklərinin simptomları diqqətdən kənarda qala bilər. İlkin mərhələdə göz patologiyasını müəyyən etmək üçün sakinlərə mütəmadi olaraq ümumi oftalmoloji müayinələrdən keçmələri tövsiyə olunub.