MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ
Maraqlı

MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

Agbar Tower

Barselonanın mərkəzində inşa edilən "Agbar Tower" göydələni "Dragados" şirkəti və fransız memar, nüfuzlu Pritzker mükafatı laureatı Jan Nuvel tərəfindən layihələndirilib. Yeni Barselonanın simvolunun adı isə "Agbar Group" şirkətinin abbreviaturasından götürülüb. İspaniya kralının da iştirak etdiyi açılış mərasimi 2005-ci ildə baş tutub.

Memarlığın şah əsəri olan göydələnin ümumi sahəsi 50,693 kvadratmetrdir. Bunun da 3,210 texniki otaqlar, 8,132 ümumi xidmətlər, 9,132 kvadratmetri isə parkinq üçün nəzərdə tutulub. Müasir texnoloji standartlara cavab verən bina rəngli metal üzlüklə örtülüb. Ərazidəki tikililərlə ziddiyyət təşkil edən "Agbar Tower"in hündürlüyü 145 metrdir. 34 mərtəbədən ibarət göydələnin 4 mərtəbəsi binanın yeraltı hissəsində yerləşir. Burada həmçinin Barselonanın su təchizatı sisteminə nəzarət edən "Aguas de Barcelona" şirkətinin qərargahı da var. "Agbar Tower"in fasadında quraşdırılan 4 minə yaxın LED lampalar sayəsində axşam saatlarında bina daha möhtəşəm görünür. Göydələnin fasadında quraşdırılan maili şüşə panellər qülləyə qeyri-adi görünüş verməklə yanaşı, enerjiyə qənaəti təmin edir. Binanın yuxarı mərtəbələrindən İspaniya paytaxtına və Aralıq dənizi sahillərinə heyrətamiz panorama açılır.

Edificio Mirador binası

Hollandiyanın MVRDV memarlıq bürosu və "Blanca Lle" şirkəti tərəfindən layihələndirilən Edificio Mirador yaşayış binası 2001-2005-ci illərdə İspaniyanın Madrid şəhərində inşa olunub. Qeyri-adi quruluşa malik bina yerli əhali arasında "Bin Ladenin evi" adlandırılıb. Postmodernizm üslubunda dizayn edilən göydələn bir neçə memarlıq mükafatına layiq görülüb.

21 mərtəbəli binanın hündürlüyü 63,4 metrdir. Yaşayış kompleksinin ortasında 36,8 metr hündürlükdə böyük boşluq var. Həmin boşluq müşahidə göyərtəsi funksiyasını daşıyır. Burada sahəsi 550 kvadratmetr, hündürlüyü isə 14 metr olan bağ yerləşir. 9 blokdan ibarət kompleksdə olan 156 mənzilin hər biri fərqli dizayna malikdir. Blokların fasadında müxtəlif materiallardan - ağ, boz, qara və narıncı rəngdə mozaikalı beton plitələrdən istifadə edilib və bu da vizual olaraq binaya fərqli görünüş verir.

Houska qalası

Çexiyanın ən qədim və sirli qalalarından biri hesab olunan Houska qalası XIII əsrdə Şimali Çexiyada inşa olunub. Erkən qotik memarlığının bariz nümunəsi olan bu qala kral II Prjmsl Otakarın vəsiyyəti ilə ucaldılıb. Tarixi qala Smiritsky və Valdşein ailə üzvlərinə Sultz və Hohenlohe qraflarına məxsus olub. 1924-cü ildə isə Houska qalası Skoda zavodunun direktoru Cosef Şimonek tərəfindən satın alınıb. 1950-ci illərdə Houska qalasında Klementinum Dövlət Kitabxanasının arxivi fəaliyyət göstərib.

Tarixi mif və əfsanələrlə zəngin qala iki mərtəbədən ibarətdir. Qədim freskalarla bəzədilən daxili məkanda Qotika və İntibah dövrünə aid rəsmlər sərgilənir. Binanın interyerinə ov salonu, cəngavərlər və bal zalı, yeməkxana daxildir. Qəsrin damında müşahidə göyərtəsi var. Qalanın qarşısında 1758-ci ilə aid Bohemiyalı Müqəddəs Lyüdmilanın barokko heykəli ucalır. "Cəhənnəm qapıları" kimi də tanınan bu abidə haqqında bir çox əfsanələr dolaşır. Rəvayətə görə, Houska qalasının altında cəhənnəmə aparan çoxlu yeraltı keçidlər var. Yarı heyvan, yarı insan məxluqlar gecələr çuxurdan çıxıb yerli sakinlərə hücum edir. Mikayıl və Cəbrayıl təsvir edilən quyudan isə dəhşətli qışqırıq səsləri gəlir.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".