ELMİ-TEXNİKİ YENİLİKLƏR
Maraqlı

ELMİ-TEXNİKİ YENİLİKLƏR

Elektromobillərə yeni funksiya əlavə olunacaq

Son dövrlər ətraf mühitə vurulan zərərin qarşısının alınması və enerjiyə qənaət baxımından da əlverişli olan  elektromobillərə tələbat artır. Dünyada elektromobil və hibrid avtomobil bazarının sürətlə genişlənməsi prosesi davam edir. Bunu dünya miqyasında satışların miqdarı da göstərir. Yaxın gələcəkdə isə bu avtomobillərə daha bir funksiya da əlavə edilə bilər. Belə ki, yollardakı nahamarlıqlardan regenerativ qaydada şarj ola bilən elektromobillər uzaqda deyil.

Hazırda demək olar ki, hər bir elektrik avtomobil modelində "regenerativ əyləc" sistemi var. Bu sistem əyləc zamanı yaranan enerjini toplayır və beləliklə, avtomobilin hərəkət məsafəsi artırıla bilər. Lakin bu sistem, məsələn, uzun yollarda əyləc tətbiq edilmədikdə heç bir fayda verə bilməz. Ona görə alternativlərin hazırlanması çox vacibdir. Bunu dəyişdirmək istəyən şirkətlərdən biri də "GIG Performance"dır. Məlumata görə, şirkət bu yaxınlarda "The Roadkill 1000 UM" adlı yeni texnologiyasını təqdim edib. Uzun illərdir bu məsələ ilə məşğul olan şirkət hazırladığı sistemi birbaşa nəqliyyat vasitələrinin asma sisteminə bağlayır ki, öz elektrik enerjisini istehsal edən elektromobillər yollardakı nahamarlıqlardan şarj olmağı bacarır.

Dəqiq bir rəqəm verilməsə də, bu davamlı elektrik istehsalı ilə böyük qazanc əldə ediləcəyi bildirilir. Həm iri yük maşınları, həm də normal avtomobillər üçün rasional olan bu texnologiyanın 2024-cü ildə istifadəyə veriləcəyi planlaşdırılır.

Kosmos tarixində görünməmiş hadisə

Kosmos tarixində indiyə qədər görünməmiş hadisə baş verib. Belə ki, Marsın atmosferinin ilk dəfə olaraq Yer planetinin qütb işıqları kimi yaşıl rəngə büründüyü müşahidə edilib. Qeyd edək ki, bu hadisə Avropa Kosmik Agentliyinə (ESA) məxsus "ExoMars Trace Gas Orbiter" adlı kosmik cihaz vasitəsilə təsbit olunub.

Ümumiyyətlə, bu gün planetimizdə də oxşar hadisələr baş verir. Belə ki, biz bunu hazırda qütb parıltısı, qütb işıqları adlandırırıq. Maraqlısı budur ki, artıq Mars atmosferi də Yer planeti kimi yaşıl rəngə bürünüb. Qeyd edək ki, bu parlaq işıq qaranlıq Mars gecələrində insanların görməsini təmin edə bilər. ESA bildirir ki, bu hadisə ilk baxışdan Yerdəki qütb işıqlarına bənzəsə də, müxtəlif səbəbləri olan fərqli hadisədir.

Avropa Kosmik Agentliyi bildirir ki, qütb parıltısı iki oksigen atomunun birləşərək oksigen molekulu əmələ gətirməsi ilə yaranır. Hətta Marsda oxşar hadisə 50 kilometr yüksəklikdə yarandığı halda, Yer planetində 80 kilometr və daha çox hündürlüklərdə baş verir. Əslində, elm adamları təxminən 40 ildir ki, Marsda hava parıltısından şübhələnirdi. İndi isə ilk dəfə olaraq Mars atmosferində bu hava parıltıları təsbit edilib.

Alzheimer xəstəliyinin səbəbi məlum olub

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun alimləri müəyyən ediblər ki, Alzheimer xəstəliyinin inkişafının səbəblərindən biri mutasiya nəticəsində mikroqliyaların fəaliyyətinin pozulması ola bilər.

İnsanın sinir sistemi iki əsas hüceyrə növündən - sinir hüceyrələrindən (neyronlar) və qlial hüceyrələrdən ibarətdir. Mikroqliya, baş və onurğa beyni boyunca yerləşən qliya hüceyrələri növüdür. Mikroqliya hüceyrələri immunitet funksiyasını yerinə yetirir.

Alimlər güman edirlər ki, eyniadlı gen tərəfindən kodlanan TREM2 zülalındakı R47H/+ mutasiyası potensial olaraq mikroqliyal iltihab nəticəsində yaranan neyron zədələnməsi ilə əlaqəlidir. Qeyd edək ki, mikroqliya zərərli amillərin və infeksiyaların təsirinə cavab olaraq sinir toxumasında inkişaf edən iltihab prosesinin əsas elementi hesab olunur. Tədqiqatçıların fikrincə, mikroqliyaların iltihabı onların beyindən amiloid beta zülalını təmizləmək qabiliyyətini azaldır. Bu zülalın təsirlənmiş neyronlarda hüceyrədaxili toplanması Alzheimer xəstəliyinin inkişafının əsas səbəbi hesab olunur. Elm adamları ümid edirlər ki, onların kəşfi neyrodegenerativ xəstəliklərin müalicəsi üçün yeni müalicə üsulları və dərmanların hazırlanmasına töhfə verəcək. Tədqiqatın nəticələri "Wiley Online Library" akademik nəşrinin saytında dərc olunub.

"OpenAI" yeni dil modeli hazırlayır"

Süni intellekt araşdırma şirkəti olan "OpenAI" "ChatGPT" adlı çatbotunu daha da təkmilləşdirmək qərarına gəlib. Belə ki, "Microsoft"dan əlavə maliyyə dəstəyi almağı planlaşdıran şirkət, "GPT-5" dil modelini hazırlamağa başlayıb.

Xatırladaq ki, şirkət sonuncu dəfə "GPT-4 Turbo" dil modelini təqdim etmişdi. İndi isə daha çoxfunksiyalı  model hazırlayır. Maraqlısı budur ki, "OpenAI" bu barədə heç bir açıqlama verməyib. Təbii ki, hər dil modelinin hazırlanması müəyyən pul vəsaiti və vaxt tələb edir. "OpenAI" yeni dil modelinin hazırlanması üçün ən böyük dəstəkçisi "Microsoft" şirkətindən maliyyə dəstəyi almaq niyyətindədir. Əslində, "Microsoft" hər zaman süni intellekt nəhənginə milyardlarla dollar sərmayə qoyur. Hətta bu ilin əvvəlində o, "OpenAI" şirkətinə 10 milyard dollar investisiya yatırıb. Qeyd edək ki, bu investisiya çoxillik əməkdaşlıq müqaviləsi çərçivəsində reallaşdırılıb. İndi isə şirkət ilin sonuna yaxın əlavə olaraq maliyyə dəstəyi göstərəcək.

Şirkətdən bildirilir ki, GPT-5 dil modelinin təlim prosesi üçün daha çox məlumat tələb ediləcək. Qeyd edək ki, yeni modelin nə zaman istifadəyə veriləcəyi haqda hələ ki, məlumat yoxdur.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".