Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Məmməd Səid Ordubadi

XX əsr Azərbaycan ədəbiyyatının "gövhəri" adlandırılan görkəmli nasir, şair, dramaturq, ədəbiyyatşünas, tərcüməçi Məmməd Səid Ordubadi..."Gizli Bakı", "Dumanlı Təbriz", "Qılınc və qələm", "Döyüşən şəhər" kimi bir-birindən maraqlı əsərləri ilə oxucularının qəlbində taxt quran bu ədibimiz çoxşaxəli fəaliyyəti ilə yanaşı, Azərbaycan ədəbiyyatına  roman janrının, xüsusilə də tarixi romanların  ustadı kimi daxil olub. M.Bağırovun qarşısında diz çökən, Androniklə görüşən, "Sarabskini güllələyin" deyən,  bu  yazıçı çox keşməkeşli ömür yolu keçib...

Əsl adı Məhəmməd olan yazıçı (ərəb dilindən tərcümədə "xoşbəxt" mənasını verən Səid adına üstünlük verib)  Naxçıvanda "Fəqir" təxəllüsü ilə tanınan şair  Hacıağa  bəy və  Nənəqız xanımın ailəsində dünyaya göz açıb. Atası "Fəqir" ləqəbini nahaq yerə seçməmişdi, o, doğrudan da fəqir idi. 49 yaşında vəfat edən Hacıağa Fəqir bununla da oğlu Məmməd Səidi taleyin ixtiyarına buraxır. Atası kimi kasıb həyat tərzi keçirən Ordubadi 14 yaşından başlayaraq Ordubaddakı ipək fabrikində fəhləlik edir. Amma o, fəhlə olsa da, təhsilini davam etdirir, Naxçıvan ziyalılarının arasında öz sərbəst düşüncə tərzi ilə seçilir. Atasının şair olmasının ona çox böyük təsiri olub. Bundan əlavə, Məmməd Səidin ədəbi aləmə gəlməsində atasından başqa o dövrün tanınmış ziyalılarından olan "Şərqi-Rus" qəzetinin redaktoru Məhəmməd Ağa Şahtaxtinski də böyük rol oynayıb.

Deyilənə görə, Ordubadinin Mir Cəfər Bağırovla münasibətləri yaxşı imiş. Lakin Bağırov hərdən ona qəzəblənib, incidirmiş. Bir gün Bağırov onu yanına çağırır və hökmlü səslə deyir: "Sən qatı xalq düşmənisən! Əyləş, indi çekistlər gəlib səni aparacaq!" Ordubadi dizi üstə döşəməyə çökür və iki əlini Bağırova uzadıb yalvarır: "Yoldaş Bağırov, sən o Volodyanın canı, mənimlə işin olmasın. Bu qoca vaxtımda məni vətənimdən sürgün etmə. Onsuz da Nikolay mənə sitəm eləyib!". Volodya Bağırovun istəkli oğlu idi. Həştərxanda Ordubadinin qucağında böyümüşdü. Bağırov özünü saxlaya bilməyib gülür. Məsələni anlayan Ordubadi ayağa qalxıb uşaq kimi küsür. "Yox, yoldaş Bəqirov, bundan sonra məni danışdırma. Mən  az qala ölmüşdüm, mənə yazığın gəlmir? Vallah, Volodyaya şikayət edəcəyəm".

II Dünya müharibəsinin qızğın çağı imiş. Bir gün Mircəfər Bağırov Azərbaycanın məşhur mədəniyyət, incəsənət xadimlərini kabinetinə toplayır. Toplaşanlar arasında Süleyman Rüstəmlə yanaşı, Məmməd Səid Ordubadi, Üzeyir Hacıbəyov, Səməd Vurğun və başqaları olur. Bir xeyli sükutdan sonra Bağırov katibinə deyir, onu çağır gəlsin. Kabinetin qapısı açılır, Hüseynqulu Sarabskini içəri salırlar. Bağırov onu görcək: "Ay…, Hitleri gözləyirsən?", - deyə üstünə qışqırır. Hamı həyəcan içində baxır, Sarabskinin nə cavab verəcəyini gözləyirlər. Birdən Sarabski muğamat oxuya-oxuya yalvarmağa başlayır. Rəhbərə muğamat üstündə yalvarır ki, onu bağışlasın. Bağırov imkan vermir ki, muğamat uzansın, Sarabskiyə deyir: "Rədd ol get".

Sonra üzünü kabinetində toplaşanlara tutub soruşur, nə fikirləşirsiniz, neyləyək bununla? Hamı susur, birdən Ordubadi deyir: "Belə satqını ancaq güllələmək lazımdır". Bağırov müzakirə açmadan toplaşanlara - "yaxşı, azadsınız, gedin", - deyir.

S.Rüstəm elə dəhlizdəcə Ordubadiyə irad tutur ki, bəs, ay insafsız, o nə idi dedin, indi yazığı məhv edəcəklər. Ordubadi də deyir: "Heç narahat olma, Sarabskini xilas etmişəm. Mircəfərlə uşaqlıqdan dostam, xasiyyətini bilirəm, tərsdir, ona nə desən, əksini edəcək". Həqiqətən də, H.Sarabski repressiyaya məruz qalmır.

Məmməd Səid Ordubadi qatarla Andraniklə müsahibə üçün Abramovun mülkünə gedir. Andranikin köməkçisi Karapet ona gözləməyi məsləhət görür. Bir müddət sonra Ordubadi Andraniklə görüşür, Qafqazda baş verən proseslərdən, dövlətlərarası ixtilaflardan danışırlar. Ancaq söhbətin sonuna yaxın Ordubadi nə fikirləşirsə Andranikdən müsahibə almaq fikrindən vaz keçir.

Sürgün illərində yazıçı  Taisiya Vasilyevna adlı gənc qızla ailə həyatı qurub. Cütlüyün arasında həddindən artıq  yaş fərqi olub. Deyilənə görə, o vaxt Ordubadi Taisiya Vasilyevnanın ata-anası ilə çar üsuli-idarəsi əleyhinə birgə mübarizə yoldaşı olub. Elə həmin  mübarizə dövrü qızın valideynləri öldürülüb.  16-17 yaşında yetim qalan Taisiyanı 40-ı haqlamış Ordubadi himayəyə götürüb, onunla evlənib.

Yazıçı  uzun sürən vərəm  xəstəliyindən sonra 78 yaşında Bakıda vəfat edib.

Georgi Jukov

Alman faşizmi üzərində qələbədən söhbət gedəndə ağla ilk olaraq onun adı gəlir. Təzadlı xarakterə malik olan bu şəxsiyyətlə  bağlı saysız-hesabsız məqalələr yazılıb, haqqında kitablar çıxıb, filmlər çəkilib. Bir cümlə ilə ifadə etsək, o, sevilən, seçilən, sayılan, əzilən, ancaq heç vaxt sınmayan şəxsiyyət kimi yaddaşlarda qalıb. Söhbət 4 xanıma tabe olan, dörd dəfə Sovet İttifaqı Qəhrəmanı adını almış,  "Qələbə Marşalı" titulunu qazanmış Stalinin çəkindiyi görkəmli rus sərkərdəsi Georgi Jukovdan gedir...

Rusiyanın Kalujsk vilayətinin Strelkova kəndində kasıb bir ailədə anadan olan bu sərkərdə ilk təhsilini kilsə məktəbində alıb. Çox kiçik yaşlarından əmisinin yanına Moskvaya  yaşamağa  göndərilən Jukovun uşaqlığı gündə 20 saat fabrikdə işləməklə keçib. 1915-ci ildə orduya çağırılıb, I Dünya müharibəsi zamanı  Cənub-Qərb cəbhəsinə 10-cu Novqorod draqun polkuna göndərilib. Alman zabitini əsir götürdüyünə görə 4-cü dərəcəli Georgi xaçına layiq görülüb. Qızıl ordu sıralarında Rusiyada vətəndaş müharibəsində iştirak edən Jukov Ural kazaklarına, Denikin və Vrangelin ordusuna qarşı döyüşüb.

Deyilənə görə, çox cəsur və qətiyyətli xarakterə sahib olan marşalın heç kəsdən qorxusu olmayıb. Hətta Stalin ondan çəkinirmiş. Bir dəfə hədsiz dərəcədə gərgin olan Stalin Kremldə müşavirə keçirir. Jukov müşavirədə qoşunların Kiyev şəhərindən geri çəkilməsi təşəbbüsü ilə çıxış edir. O, bu addımın atılmasının zəruriliyini  Stalinə məntiqli şəkildə əsaslandırır. Jukovun az qala göstəriş formasında dediyi fikir Stalini özündən çıxarır: "Yoldaş Jukov, siz bu sərsəm fikirlərinizlə Kiyevi təslim etməyə özünüzdə necə cürət tapırsınız?". Jukov deyir: "Yoldaş Stalin, əgər mən bir Baş Qərargah rəisi kimi sərsəm fikirlər söyləyirəmsə, demək öz yerimdə deyiləm. Xahiş edirəm məni bu məsul vəzifədən azad etmək üçün göstəriş verəsiniz". Stalin isə: "Georgi Konstantinoviç, biz Leninsiz keçinmişik, sizsiz də keçinərik...", - deyir.  Beləliklə, Jukov Baş Qərargah rəisi vəzifəsindən azad olunur. Sözsüz ki, bu hadisədə Stalin tələskənliyə yol verir. Bəlkə də o, bu qərarı ilə hamının qorxu və təlaş içində olduğu bir məqamda öz hegemonluğunu sübut etmək istəyir. Amma sonralar məlum olur ki, fikirlərində həmişə qətiyyətli olan və qarşısındakının kimliyindən asılı olmayaraq sözünü deməyi bacaran Jukov həmin müşavirədəki fikirlərində yanılmayıb.

Bəzi hərbi araşdırmaçıların fikrinə görə, Jukovun müharibədəki uğurları canlı qüvvəni düşmənin qarşısına sədd çəkməklə, böyük itkilər hesabına olub. Amma faktlar sübut edir ki, bu cür yanaşma Jukovun hərbi taktikasına zidd olub. Əksinə, Jukov lazım gələndə qoşunların geri çəkilməsinin, vaxt qazanıb mükəmməl və tam komplektləşdirilmiş şəkildə yenidən hücuma keçilməsinin tərəfdarı olub. Marşal bununla sübut edib ki, belə olan halda həm itkilər az olur, həm də döyüş əməliyyatı uğurlu alınır. Müharibə zamanı uğurlu əməliyyat naminə yüz minlərlə döyüşçünün qurban verilməsi birbaşa Stalinin göstərişi ilə olub. Jukov dəfələrlə bu haqda Stalinə kəskin etirazını bildirməkdən də çəkinməyib.

Jukov hərbçilərə qarşı tələbkar olduğu qədər də qayğıkeş olub. Məsələn, müharibədən sonra o, əsir düşənlər haqqında yeni sənədin imzalanmasını təklif edib. Belə ki, həmin şəxslərin sənədlərindən əsirliklə bağlı qeydlərin çıxarılmasını istəyib. Marşal fikrini belə əsaslandırıb ki, əsir düşmək və təslim olmaq fərqli anlayışdır. Yəni biri var döyüş zamanı təmas xəttində  düşmənə könüllü təslim olmaq, biri də var ki, döyüş əməliyyatı zamanı mühasirəyə düşərək əsir götürülmək.

Jukov kabinet sevən marşallardan olmayıb. Bu haqda özü də xatirələrində qeyd edib ki, səngərlərdən sonra kabinetdə stol arxasında əyləşib nə isə yazmaq mənim üçün çox çətindir. Marşalın sərkərdəlik qabiliyyəti nə hərbi təhsili, nə də təcrübəsi ilə bağlı olub. Müasirlərinin söylədiklərinə görə, hərb sənətini incəliklərinə qədər bilən Jukovda bu, Tanrı vergisi idi.

Hədsiz dərəcədə amansız, sərt və kəskin olan Jukov müharibə illərində xalqın böyük nüfuzunu qazanıb, onu seviblər, ona dua ediblər, bununla bərabər ondan qorxublar. Jukov yeganə marşal olub ki, Böyük Vətən müharibəsi illərində onun şəxsi işinə 41 dəfə Stalinin şəxsi təşəkkürü qeyd edilib. Bundan əlavə 4 dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən yeganə şəxs olub.

O həm də həyat sevgisi olan, nikbin, həssas qəlbli bir insan kimi yaddaşlarda qalıb. Müharibəyə, gərgin iş rejiminə baxmayaraq, marşal 4 dəfə evlənməyə vaxt tapıb. O bu məsələyə münasibət bildirərkən belə deyib: "Xanımlar mənim hərbi fəaliyyətimə mane olmayıblar. Bu məsələdə toxunulacaq yalnız bir məqam var, böyük bir ordunun tabe olduğu şəxs evə gedəndə, özü tabe olmaq məcburiyyətində qalır...".

77 yaşında infarkt keçirən marşal  Kreml xəstəxanasında dünyasını dəyişib. Nəşi krematoriyada yandırılıb, külü Kreml divarlarında basdırılıb.

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".