Sosial həyat

"60 çiçək – bir çələng" adlı Zəfər almanaxı

"Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti" İctimai Birliyi Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası ilə birgə (bu il kitabxananın 45 illiyi tamam olur) yazar qadınların əsərlərindən ibarət "60 çiçək - bir çələng" adlı ədəbi almanax nəşr olunub. Kitab Azərbaycanın yazar qadınlarının bu Zəfər almanaxı doğma Qarabağımıza, azad olunan torpaqlarımıza, Böyük Zəfərimizə həsr olunur.

Almanaxın ön sözündə qeyd olunur ki, Vətənimizə, ordumuza igidlər verən, ölümün gözünə dik baxan qəhrəmanlar dünyaya gətirən analarımıza, şəhid analarına, qazi ailələrinə övladlarının Qələbəmizə verdiyi töhfələri işıqlandıran əsərlər və Zəfərimizə təkan verən qadın yaradıcılığı bu gün xalqımıza çox gərəkdir!

Daha sonra vurğulanır ki, ulu öndərimiz Heydər Əliyevdən sonra, onun siyasətinin davamçısı İlham Əliyev Azərbaycana rəhbər gəldi. İlham Əliyevin siyasi hakimiyyətə gəlişi ilə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın da siyasətə qatılması Azərbaycan qadınlarına daha fəal olmaq üçün bir stimul verdi. Ölkəmizin dirçəlişində və tərəqqisində, onun bəşər sivilizasiyası piramidasının zirvələrinə intensiv yüksəlişində respublikanın Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyevanın da rolu əvəzsizdir.

Bu il Mehriban xanım Əliyevanın 60 illik yubileyidir. "60 çiçək - bir çələng" adlı ədəbi almanaxa 60 yazar xanımın hekayə, şeir, esse, əfsanə, mənsur şeir, qəzəl, poemadan parça, nağıl, xatirələri və s. daxil edilib. Yazar qadınların hər biri Böyük Qələbəmizə həsr olunmuş əsərləri ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, birinci xanım Mehriban xanım Əliyevanı ürəkdən təbrik edir.

Almanaxın ideya və ön sözünün müəllifi yazıçı, publisist, "Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti" İctimai Birliyinin sədri, Q.R.Derjavin ordeninin mükafatçısı Nüşabə Məmmədlidir. Tərtibçi və redaktoru tarix üzrə fəlsəfə doktoru, Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədovadır. Kitab naşir Akif Dənzizadənin rəhbərliyi ilə "Apostrof-A"  Nəşriyyat Poliqrafiya müəssisəsində nəşr olunub.

Ədəbi almanax geniş oxucu dairəsi üçün

nəzərdə tutulub.

"Respublika".