ABŞ-da keçiriləcək prezident seçkilərində namizədlər de-fakto bəlli olub
Siyasət

ABŞ-da keçiriləcək prezident seçkilərində namizədlər de-fakto bəlli olub

2024-cü ilin sonuna kimi dünyanın bir çox ölkələrində prezident seçkiləri keçiriləcək. Həmin ölkələrin siyahısına Rusiya, Hindistan, Pakistan, İndoneziya, Meksika, ABŞ və digərləri daxildir. Qeyd olunan dövlətlər içərisində baş tutacaq prezident seçkilərində ən çox maraq doğuran məhz ABŞ-dır. Çünki bu ölkə yerləşdiyi coğrafiyadan kənar ərazilərə təsiretmə gücünə malikdir.

Noyabrın 5-i ABŞ-da keçiriləcək seçkilərdə əgər hakimiyyət dəyişikliyi olarsa, bunun Rusiya-Ukrayna müharibəsinə təsirsiz ötüşməyəcəyinin siqnalları verilir. Bu mübarizədə iki rəqibin yarışacağı artıq de-fakto təsdiqlənib.

Bunu deməyə "super çərşənbə axşamı" adlanan prezidentlik yarışlarının nəticələri əsas verir. "Super çərşənbə axşamı" prezidentliyə ilkin seçki kampaniyasının təşkilinin mühüm formalarından biridir. Partiya nümayəndələrinin təxminən üçdəbiri məhz bu gün seçilir. Prezidentliyə namizədlər üçün bu gün qələbə qazanmaq seçkilərin əsas mərhələsinə keçmək ehtimalının yüksək olması deməkdir.

ABŞ-ın 16 ştatında və bir ərazisindəki (Amerika Samoası) seçicilər çərşənbə axşamı praymerizlərdə prezidentliyə namizədlərini seçirlər. Keçmiş seçki dövrlərində "super çərşənbə axşamı" hansı namizədlərin partiyalarından Prezident nominasiyalarını qazanacaqları barədə fikir fomrmalaşdırır.  Məsələn, 2020-ci ildə Co Bayden Bernie Sandersin 10 ştatda "super çərşənbə axşamı"nı məğlub etdikdən sonra partiyanın namizədi oldu və daha sonra Donald Trampa ümumi seçkilərdə qalib gəldi.

Builki "super çərşənbə axşamı"nın nəticələri demək olar ki, məlumdur. Respublikaçılar Partiyasından prezidentliyə namizəd Nikki Haley Trampa qarşı yarışda geridə qalır, yalnız Vermont ştatında üstün ola bilib.  ABŞ-ın keçmiş prezidenti Donald Tramp 11 ştatda keçirilən partiyadaxili seçkilərdə (praymeriz) qalib gəlib.

"Associated Press"in məlumatına görə, Alabamada Ağ Evin keçmiş rəhbəri ilk hesablanmış səslərin 85,6%-ni, Massaçusetsdə isə 61,7%-ni toplayıb. Bu iki ştatda agentlik siyasətçinin qələbəsini proqnozlaşdırır. "NYT" öz proqnozunda bildirib ki, Tramp hakimiyyətin onu iştirakdan kənarlaşdırmağa çalışdığı Kolorado ştatında keçirilən praymerizdə də üstün olacaq. NBC-nin məlumatına görə, keçmiş Amerika lideri Texasda keçirilən praymerizdə də qalib gəlib. Orada o, 161 nümayəndənin dəstəyini qazana bilib ki, bu da onun digər ştatlarla müqayisədə ən mühüm qələbəsidir.

ABŞ-ın hazırkı Prezidenti Co Bayden səsvermənin başa çatdığı 11 ştatın hamısında inamla irəliləyir.

Bununla belə, bəzi seçicilər keçmiş və indiki prezidentin yaşlarından narahatdır. İlk dəfə səs verən gənclərin bəziləri Donald Tramp və Co Baydenin heç birinə səs verməyib. Amma görünən odur ki, noyabrda keçiriləcək seçkilərdə əsas iki rəqib yarışacaq. Və bu seçkilər Trampın revanş alması üçün böyük şans ola bilər.

M.BAĞIRLI,

"Respublika".