ABŞ dövlət katibinin köməkçisinə Ermənistanın bölgədə vəziyyəti qəsdən gərginləşdirməsi barədə məlumat verilib
Siyasət

ABŞ dövlət katibinin köməkçisinə Ermənistanın bölgədə vəziyyəti qəsdən gərginləşdirməsi barədə məlumat verilib

Avqustun 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, telefon danışığı zamanı Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlıq gündəliyi, Azərbaycanla Ermənistan arasında normallaşma prosesindən irəli gələn məsələlər və bölgədəki vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov Ermənistanın bölgədə vəziyyəti qəsdən gərginləşdirdiyi, müxtəlif bəhanələrlə, habelə bölgədə "blokada" və "humanitar böhran" kimi iddialar yaymaqla sülh prosesinə maneçilik törətdiyini bildirib. Bununla yanaşı, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialarının, Azərbaycan ərazilərindən hələ də tam olaraq erməni silahlı qüvvələrini çıxarmaqdan imtina etməsinin və ölkəmizin daxili işlərinə qarışmasının qəbuledilməz olduğunu vurğulayıb.

Ermənistanın Azərbaycanın öz suveren ərazilərində yaratdığı Laçın sərhəd-buraxılış məntəqəsinə qarşı təxribatları davam etdirdiyi, buna baxmayaraq, ölkəmizin erməni sakinlərin hər iki istiqamətdə keçidi üçün şərait yaratdığını xatırladıb.

Nazir Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan tərəfindən yüklərin daşınması üçün Ağdam-Xankəndi və digər alternativ yolların təklif olunmasına baxmayaraq, erməni tərəfinin yüklərin daşınması üçün yollarda maneələr yaratması və bu yollarla yüklərin daşınmasına qarşı çıxması "blokada" və "humanitar vəziyyət" barədə iddiaların siyasi manipulyasiya olduğunu bir daha sübut edib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.