ABŞ
Siyasət

ABŞ "ədalət qoruyucusu" cildində

Dəyişən geosiyasi proseslərdə qlobal güclərin maraqları daha çox ön plana çıxır. Dünyanın bir çox qaynar nöqtələrində, eləcə də Cənubi Qafqazda möhkəmlənmə cəhdləri bunu deməyə əsas verir.

Mövcud vəziyyətdə Azərbaycan və Ermənistan arasındakı sülh prosesindən mənfi və müsbət mənada faydalanmağa çalışanların sayı olduqca çoxdur. Sözügedən fövqəldövlətlər mümkün görünən sülh müqaviləsinin imzalanmasında iştirak etmək arzusundadırlar. Məhz bu yolla onlar "ədalət qoruyucusu", "sülh göyərçini" kimi feyk statuslarını qoruyub saxlamağı hədəfləyirlər. Əfsuslar olsun ki, pərdəarxası məqamlar qlobal güclərin heç də sülh tərəfdarı olmadığını, beynəlxalq ictimaiyyəti aldatma cəhdlərini ortaya çıxarır.

Xüsusilə, ABŞ və Avropanın selektiv yanaşması fonunda balanslı siyasi gedişlər olunmur. Əksinə, açıq şəkildə təəssübkeşliyə əl atan qüvvələr regionda destabilliyi qorumağa çalışırlar. Rəsmi Bakı baş verən prosesləri yaxından izləyir və regional lider dövlət kimi məkrli planların ifşası üçün əlindən gələni edir.

Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefon zəngi müsbət çalarlar daşısa da rəsmi Vaşinqtonun Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə vasitəçilik etməsi mümkün görünmür. Məhz telefon danışığı zamanı Antoni Blinken, ilk növbədə, Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırıb, bunun ABŞ tərəfindən təqdir edildiyini vurğulayıb. Dövlət katibi ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması üçün bundan sonra da dəstək göstərməyə hazır olduğunu bildirib. Göründüyü kimi, ikitərəfli danışıqlar əsasında razılaşmaların alqışlanması, ABŞ-ın "minnətdarlığı" sülh prosesində iştiraketmə cəhdləridir. Məlumdur ki, Azərbaycan və Ermənistan arasında vasitəçilər olmadan baş tutan danışıqların müsbət nəticəsi getdikcə intensivləşir. Belə bir şəraitdə kənar qüvvələrin müdaxiləsinin əhəmiyyətsiz olduğu bir daha ortaya çıxır.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Yeri gəlmişkən qeyd edək ki, Antoni Blinken aprelin 28-də Ermənistanın baş naziri Nikol Paşinyanla da telefon danışığı aparıb. Bu müzakirələrin də əsas mövzusu iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiya məsələləri olub.

Rəsmi Vaşinqtondan edilən zənglərin baş verən proseslərə birbaşa təsiri sıfra bərabərdir. Xatırladaq ki, məlum 5 aprel görüşündən əvvəl də Antoni Blinkenin ölkə başçımızla telefon danışığı baş tutmuşdu. Əslində isə Vaşinqton rəsmisinin  o zamankı zəngi də Vaşinqtonun nöqteyi-nəzərində vəziyyəti Bakıya izah etmək zərurətindən qaynaqlanırdı. Çünki Ağ Ev artıq Cənubi Qafqazla bağlı istənilən planda Azərbaycanın mövqeyinin nəzərə alınmalı olduğunu anlayır. Əks təqdirdə, bu planlar ən yaxşı halda kağız üzərində qala bilər. Yada salsaq görərik ki, Blinkenin zəngi də məhz buna xidmət edirdi. Belə ki, dövlət katibi Prezident İlham Əliyevə verdiyi izahatda iki məqamı xüsusilə vurğulamışdı. İlkin növbədə Brüssel görüşünün Azərbaycana qarşı olmadığı bildirilmişdi. Həmçinin görüşün siyasi və hərbi deyil, iqtisadi xarakter daşıdığı diqqətə çatdırılmışdı. Amma bu cəhdlər Blinkenin Azərbaycanı "əmin etmək" üçün qeyd etdiyi hər iki məqamı sual altına salırdı. Halbuki Qərbin Ermənistanın "təhlükəsizliyi" adı altında bölgəyə "sızmaq" istəyi hər kəsə məlum idi. Hazırda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi hələ də imzalanmayıb. Bundan istifadə edən pozucu güclər isə rəsmi İrəvana "dəstək" göstərməklə erməni revanşizminin yenidən baş qaldırmasına çalışırlar. Sözügedən istiqamətdə daha aktiv fəaliyyət göstərən Qərb, xüsusilə də ABŞ-ın regiona müdaxilə cəhdləri sözsüz ki, uğursuzluqla nəticələnəcək.

Bu gün özünü iki ölkə arasındakı proseslərdə "dəstəkçi" qismində qələmə verməyə çalışan ABŞ-ın əsl niyyəti hər kəsə bəllidir. Regionun sülhə doğru getdiyi bir zamanda ABŞ bölgədən əl çəkmir, müxtəlif oyunlar həyata keçirir və bu yolla yenidən regionu silahlı qarşıdurma poliqonuna çevirməyə cəhd edir. Rəsmi Vaşinqtonun bu cür qeyri-səmimi davranışları ölkənin hər fürsətdə haqqında danışdığı demokratik prinsiplərə, insan haqlarına tamamilə zidd fəaliyyətini bir daha təsdiqləyir. Ağ Evin əvvəlcə anti-Azərbaycan siyasəti yürütməsi, daha sonra özünü delimitasiya prosesində maraqlı göstərməsi rəsmi Vaşinqtonun ikiüzlülüyünün bariz nümunəsi kimi qiymətləndirilməlidir. ABŞ hesab edir ki, istədiyi ölkə ilə istədiyi dildə danışa bilər, amma yanılır. Azərbaycan daim xarici siyasətində beynəlxalq hüququn norma və prinsiplərini üstün tutub, öhdəliklərinə uyğun hərəkət edib. Rəsmi Bakı həmçinin öz milli maraqlarına zidd olan bütün mənfi addımları qətiyyətlə və adekvat şəkildə cavablandırmağa qadirdir.

Nurlan ABDALOV,

"Respublika".