Parisin Cənubi Qafqaza müdaxilə niyyəti
Siyasət

Parisin Cənubi Qafqaza müdaxilə niyyəti

Azərbaycan həm regional çərçivədə, həm Avropa məkanında, həm də İslam coğrafiyasında qarşılıqlı maraqlar əsasında əməkdaşlığın dərinləşməsini davamlı şəkildə təşviq edir və bu prosesə özünün sanballı töhfələrini verir. Dünya ölkələrinin əksəriyyəti də Azərbaycana adekvat münasibət bəsləyir. Aİ ölkələri, İslam Əməkdaşlıq Təşkilatının (İƏT), Qoşulmama Hərəkatının (QH) üzv dövlətləri ölkəmizlə əməkdaşlıq münasibətlərinin inkişafına, şaxələndirilməsinə böyük önəm verirlər. Azərbaycanın regional və qlobal əməkdaşlığa verdiyi töhfələr regionda, həm də beynəlxalq müstəvidə də yüksək qiymətləndirilir. Amma Fransa kimi müstəmləkəçi dövlətin Azərbaycana yönəlik siyasətindən bəhs edərkən son illər cərəyan edən hadisələrə nəzər yetirsək, Fransanın xain təxribatlarının davamlı olaraq özünü büruzə verdiyini görərik.

Proseslərin daha dərininə getsək, Fransanın əslində 2020-ci il noyabrın 10-dan etibarən özünə yer tapa bilmədiyinin şahidi olarıq. Paris BMT Təhlükəsizlik Şurasında erməni təxribatlarını sərhəd toqquşması adı ilə gündəliyə salmaqla, eyni zamanda ölkəmizi ittiham etməklə regionda sülhə və sabitliyə əngəl törətmək niyyətini bir daha bəlli edib. Ümumiyyətlə, Brüssel görüşlərindən sonra Fransadan sözdə sülhə dəstək bəyanatları eşitsək də, əməldə bunların tam əksini görürük. Bu ölkə sabiq və uğursuz vasitəçi kimi Ermənistanı qızışdırır, sülh prosesinin irəliləməsinə imkan vermir. Bununla yanaşı, Fransanın hadisələrə bu cür müdaxiləsini həm də Vaşinqtonun və Aİ-nin fəaliyyətinə qısqanclıqla yanaşılması kimi qiymətləndirmək olar və Fransanın destruktiv yanaşması Ermənistana əsassız ümidlər verir.

Beynəlxalq platformalarda baş tutan görüşlərə diqqət etsək, Avropa Siyasi Birliyinin Praqada keçirilən görüşündə danışıqlar masasında oturmağa müvəffəq olan Makronun planlarının Kişineuda iflasa uğradığını demək mümkündür. Fransa dərk etməlidir ki, bu cür davranışlarla, sadəcə, öz nüfuzuna xələl gətirir. Fransanın fəaliyyətinin arxasında Cənubi Qafqaz regionunda gedən proseslərə müdaxilə etmək niyyəti dayanır. Həmçinin rəsmi Parisin Ermənistanı himayə etməsi, onu silahlandırması, sülh danışıqlarına zərbə vurma cəhdlərindən xəbər verir. Fransa ikiüzlülüyü özünü təkcə Qarabağ məsələsində deyil, Rusiya-Ukrayna müharibəsində də göstərir. Belə ki, Makronun bu mövzuda qeyri-stabil davranşları da diqqətdən yayınmır. Daha dəqiq desək, Fransa bir tərəfdən Ukraynaya dəstək vəd edir, digər tərəfdən isə Moskva ilə gizli müzakirələr aparır. Qeyd etdiyimiz faktlardan bu gün Makronun Avropa siyasətində ən çox korrupsiyalaşmış hakimiyyəti təmsil etdiyi qənaətinə gəlmək mümkündür. Fransadakı etirazların genişlənməsi və vətəndaş itaətsizliyinin geniş vüsət alması bunun bariz nümunəsidir. Şübhəsiz, Fransa Cənubi Qafqaz bölgəsində hər hansı bir nailiyyət əldə edə bilməyəcək. Parisin güdazına gedən Ermənistan isə sülh gündəliyindən boyun qaçırır, regionda təxribatlar törədir. Qərb qonşumuz başa düşmür ki, bütün təxribatların sonunda itirən tərəf məhz Ermənistandır.

Digər bir mühüm məqam, Fransanın öz qanlı keçmişini unutmasıdır. Regiondakı hadisələrə müdaxilə etmək əvəzinə Parisin günahlarını yumağa başlaması daha məqsədəuyğun olar. Axı bütün dünya Fransanın neokolonializm siyasətindən xəbərdardır. Bu baxımdan, Prezident İlham Əliyevin iyulun 5-də Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda nazirlər görüşü zamanı səsləndirdiyi fikirlər Fransanın insanlığa sığmayan əməllərini bir daha ifşa edir: "Fransa öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir. Bir neçə gün əvvəl Niderland kralı ölkəsinin müstəmləkə keçmişinə və qul ticarəti ilə məşğul olduğuna görə rəsmən üzr istəyib. Biz onun fransız həmkarını da həmin hərəkəti etməyə çağırırıq. Heç vaxt olmamaqdansa gec olması yaxşıdır. Əcdadları müstəmləkə siyasətinə məruz qalmış, qul kimi istifadə olunmuş, öldürülmüş, işgəncələr verilmiş və alçaldılmış insanlardan milyonlarla insanın qarşısında üzr istənilməsi yalnız Fransanın tarixi günahının etirafı olmayacaq, həm də Fransanın əlcəzairli yeniyetmənin vəhşicəsinə öldürülməsindən sonra qarşılaşdığı dərin siyasi, sosial və humanitar böhranın nəticələrinin aradan qaldırılmasına kömək edəcək".

Doğrudan da Fransanın Ermənistanın günahlarına ortaq olmaqdan əl çəkib, günahlarını yumağa başlamasının vaxtı çatıb. Parisin Cənubi Qafqazdakı hadisələrə müdaxilə cəhdlərinə layiqli cavabı veriləcəkdir.

Nəzrin ELDARQIZI,

"Respublika".