Açılan yolların mübarək, əyilməz Ağdam!
Region

Açılan yolların mübarək, əyilməz Ağdam!

2024-cü ilin sonunda bu diyara ilkin mərhələdə 10 min sakin köçürüləcək

"Aləm cənnət olsa da, yaddan çıxmaz Qarabağ!". Çünki vətən torpağıdır, çünki bu məmləkətin tacıdır, Qarabağ. 2021-ci ildə Ramazan bayramı ərəfəsində Şuşada yeni möhtəşəm məscidin təməli qoyulmuş, ermənilərin işğalı altında olduğu dövrdə suyu qurumuş "Xan qızı Natəvan" bulağı bərpa edilmişdi.

Şuşada olarkən Prezident demişdi: "...biz Şuşamızı, Ağdamımızı, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Laçınımızı, Kəlbəcərimizi qəlbimizdə yaşatmışıq. Dağıdılmış məscidləri biz bərpa edəcəyik".

Bəli, 30 illik işğal dövründə unudulmayan, yaddan çıxmayan yurd yerlərimiz Vətən müharibəsi başa çatdıqdan dərhal sonra yenidən qurulur, bərpa edilir. Məlumdur ki, o ərazilər tamamilə dağıdılıb. Erməni vandalları azərbaycanlıların inşa etdiyi evlərin və məktəblərin tikinti materiallarını, dam örtüklərini və pəncərələrini də oğurlayıb aparıblar. 2021-ci il mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri" adlı videoformatda müzakirələri zamanı dövlət başçısı çıxış edərkən deyib: "Təsəvvür edin ki, sovet dövründə Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən biri olan, yalnız şəhər əhalisi 40 min nəfərdən ibarət Ağdam tamamilə dağıdılıb...".

Bu gözəl məkanın dağıdılmasını isə bütün dünya görüb. Bölgəyə səfər edən xarici nümayəndələr isə təəccüblərini də gizlədə bilməyiblər: "Ağdamda yaşananlar çox üzücüdür". Bunu ABŞ-ın "Xəzər Siyasət Mərkəzi"nin nümayəndə heyətinin tərkibində Ağdama səfəri zamanı ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta deyib. Bunun təcavüz olduğunu deyən xarici nümayəndə, həmçinin bildirib: "Bir məsələ yaxşıdır ki, artıq bu ərazilər işğaldan azad olunub. Azərbaycanın bu ərazilərdə suverenliyi bərpa edilib. Bu ərazilərin bərpası, yaşayışın təmin olunması uzun zaman çəkəcək. Biz çox maraqlıyıq ki, Azərbaycanla Ermənistan arasında sülh bərpası olsun. Bu, çox əhəmiyyətlidir".

ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirləri də Ağdam şəhərindəki vəziyyətlə tanış olmaq üçün bölgəyə səfər ediblər. Onlar Ağdamda yerləşən Pənahəli Xan Sarayı və türbələri, Dram Teatrı, Çörək muzeyi və Cümə məscidinin dağıntıları ilə də tanış olublar. Şəhərə səfər edən xarici jurnalistlər və ekspertlər Ağdam şəhərinin dağıntılarını Xirosima şəhərinin dağıntıları ilə müqayisə edərək onu "Qafqazın Xirosiması" adlandırıblar.

Ermənistan və Azərbaycan arasında 1988-ci ildə başlayan münaqişə nəticəsində Qarabağ və ona bitişik 7 rayon ermənilərin nəzarətinə keçdi. ATƏT-in keçmiş Minsk qrupunun həmsədr dövlətləri münaqişə dövründə tərəflər arasında vasitəçilik missiyalarını yerinə yetirə bilmədilər. Bu münaqişəni Azərbaycan özü həll etdi, torpaqlarımız işğaldan azad olundu. 2020-ci il 10 noyabr Bəyanatına əsasən, ermənilər Ağdam, Kəlbəcər və Laçın rayonlarını bir güllə atılmadan geri qaytardılar.

2020-ci il noyabrın 20-də Ağdam azadlığına qovuşdu. Həmin gün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin saat 7:56-da verdiyi məlumatda Azərbaycan Ordusunun bölmələrinin Ağdam rayonuna daxil olduğu bildirildi. Saat 12-də isə Azərbaycan Prezidenti İlham Əliyev Ağdam rayonunun tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçdiyini canlı yayımda bəyan etdi. Özü də qürurla, axı hər dəfə Qarabağa səfərində bu torpaqlara mütləq qayıdacağımızı o qədər qətiyyətlə vəd edirdi ki, onun inamı hər kəsdə doğma yurda qayıdışa ümidləri daha da artırırdı. Özünün 50 illik yubileyini Ağcabədidə salınan qaçqınlar şəhərciyində qeyd edən dövlət başçısı sakinlərə açar təqdimetmə mərasimində də belə bir inamla, qətiyyətlə söyləmişdi: "Biz o yerlərə qayıdacağıq...". Həmin gün noyabrın 20-si idi. O gün gəlib yetişmişdi. Ağdama səfərində azad olunmuş bu diyarın qurtuluşu ilə nə qədər qürur duyurdusa, şəhərin, kəndlərin Xirosimaya döndərilməsindən doğan kədərini də gizlədə bilmirdi. Amma azad olunmuş ərazilərdə infrastrukturun əvvəlkindən daha yaxşı, müasir üslubda yaradılacağını bir daha dilə gətirdi. Ağdam məscidinin qarşısındakı çıxışında da Ağdamın tezliklə gülüstana çevriləcəyini vəd etdi.

2021-ci ildə işğaldan azad edilmiş ərazilərdə - Qarabağda və Şərqi Zəngəzurda şəhər və kəndlərin bərpası, yenidən qurulması istiqamətində genişmiqyaslı işlərə başlanıldı.

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur. Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu. Qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən insanların el-obasına qayıdışı təmin olunmalıdır. Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaq. Öz evlərinə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, bu region ölkənin ən abad guşələrindən birinə çevrilməlidir. Belə də olur. Digər rayonlarımız kimi, Ağdam da yenidən qurulur. Böyük Qayıdışa hazırlaşır. Azərbaycanın Ağdam şəhəri üzrə xüsusi nümayəndəsi Emin Hüseynov ötən ilin oktyabrında mətbuata açıqlamasında bildirib ki, ilkin mərhələdə, yenidən qurulan Ağdama 2024-cü ilin sonunda 10 min keçmiş məcburi köçkün qayıdacaq. Açılan yolların mübarək, əyilməz Ağdam!

Zümrüd QURBANQIZI,

"Respublika".