Ombudsman Səbinə Əliyeva TİHEK-in sədri Muharrem Kılıçla görüşüb
Digər xəbərlər

Ombudsman Səbinə Əliyeva TİHEK-in sədri Muharrem Kılıçla görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Muharrem Kılıçın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qurumun mətbuat xidmətinin məlumatında deyilir ki, görüş zamanı Müvəkkil iki qardaş ölkə arasında müxtəlif sahələrdə, o cümlədən insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud əməkdaşlıq əlaqələrinin davamlı olaraq inkişaf etdirildiyini diqqətə çatdırıb.

Səbinə Əliyeva TİHEK və Azərbaycanın Ombudsman təsisatı arasında sıx əməkdaşlıq əlaqələrinin məmnunluq doğurduğunu bildirib, qurumlar arasında həyata keçirilən tədbirlərin müvafiq sahədə əməkdaşlığın inkişafına töhfə verdiyini qeyd edib.

Görüşdə nümayəndə heyətinin səfərinin yekunları barədə müzakirə aparılıb, bu cür səfərlərin insan hüquq və azadlıqlarının səmərəli təmini istiqamətində əldə edilmiş təcrübələrin mübadiləsi baxımından əhəmiyyəti vurğulanıb.

Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətindən danışan Ombudsman Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında qardaş ölkə tərəfindən göstərilən dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib.

TİHEK-in sədri Muharrem Kılıç öz növbəsində qonaqpərvərliyə görə təşəkkürünü bildirib, qurumlar arasında mövcud əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin və inkişafının vacibliyini vurğulayıb, həmçinin qurumlar arasında əməkdaşlığın perspektivləri müzakirə olunub, Azərbaycanın Ombudsman təsisatı tərəfindən hazırlanmış hesabatlar qonağa təqdim edilib.

Qeyd edək ki, TİHEK-in sədri Muharrem Kılıçın rəhbərlik etdiyi nümayəndə heyəti Ombudsman Səbinə Əliyevanın dəvəti əsasında Azərbaycana səfər edib. Səfər müddətində Müvəkkilin Milli Preventiv Qrupunun üzvləri ilə birgə şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi bir sıra digər müəssisələrə səfərlər, eləcə də bəzi rəsmilərlə görüşlər təşkil edilib.

“Respublika”.