“Ağıllı şəhər” və sənaye mərkəzi
İqtisadiyyat

“Ağıllı şəhər” və sənaye mərkəzi

Qarabağ iqtisadi rayonuna daxil olan Ağdam şəhəri müasir şəhərsalmanın ən son modeli əsasında yenidən dirçəlir, düşmənin vurduğu ağır yaralar yavaş-yavaş sağalır, bu qədim yurd yeri yenidən qurulur. Dövlət başçısının tapşırığına uyğun olaraq birləşdirilən kəndlər və əhalinin artımı nəzərə alınaraq şəhər 100 min nəfər əhali üçün tikilir.

Qeyd edək ki, vaxtilə Ağdam şəhərinin ərazisi 700-800 hektar olub və yeni Baş plana əsasən şəhərin ərazisi iki dəfə böyüdülür. Bir sözlə, Ağdam erməni vandalizmindən qurtulan və bərpaedilən abidələri, tarixi keçmişi və müasirliyi birləşdirən cəlbedici bir məkana çevrilir. Ağdam həm də Azərbaycanın böyük sənaye və turizm şəhərlərindən biri olacaq. İşğaldan azad edilmiş şəhərin ərazisində Sənaye Parkının inşası uğurla davam etdirilir və artıq istehsal müəssisələrindən bir neçəsi işə salınıb. Ağdamın strateji coğrafi mövqeyi, insan resursları potensialı və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsinə zəmin yaradacaq. Sənaye parkının yaradılması əhalinin məşğulluğunun təmin olunmasına, qeyri-neft sektorunun inkişafına, rəqabətqabiliyyətli və dayanıqlı iqtisadiyyatın formalaşdırılmasına güclü təkan verəcək. Eyni zamanda burada mühüm nəqliyyat dəhlizləri də yaradılır. Artıq Bərdə-Ağdam dəmir yolunun və avtomobil yolunun tikintisi başa çatmaq üzrədir. Mütəxəssislərin fikrincə, həmin yolların Yevlax qovşağı ilə birləşməsi həm də Bakı-Tbilisi-Qars dəmir yoluna qoşulması mümkün olacaq.

"Ağıllı şəhər" layihəsi əsasında yeni və modern bir meqapolis inşa edilir, "Qafqazın Xirosiması" kimi tanınan Ağdam Prezident İlham Əliyevin təşəbbüsü ilə regionun ən gözəl şəhərlərindən birinə çevrilir. Yaşayış məhəllələri ilə yanaşı, şəhərin mərkəzində həm də tarixi-mədəni ərazi salınacaq və 22,5 hektarlıq ərazi Pənahəli xanın İmarət kompleksi, Çörək muzeyi, Dram teatrı, İşğal və Zəfər muzeyləri kompleksini əhatə edəcək. Ərazinin bir başında İşğal muzeyi, digər başında isə Zəfər muzeyi yerləşəcək. Onların arasında açıq səma altında 18 hektarda Memorial bağ salınacaq. Şəhər müasir üslubda bərpa edilsə də Memorial bağda xarabalıqlar, dağıdılmış binalar saxlanılacaq. Onlar olduğu kimi qorunacaq ki, gələcək nəsillər bu tariximizi unutmasın, mənfur düşmənin xalqımızın başına gətirdiyi faciələr haqqında məlumatlı olsun. Eyni zamanda bu xarabalıqlar hər kəsə müharibənin nə qədər acı nəticələrə gətirib çıxardığını anladacaq. Həmçinin dağıntılar arasında müvafiq təmizlik, abadlıq işləri görüləcək, cığırlar çəkiləcək, müəyyən məlumatları əks etdirən gücləndirilmiş virtual texnologiyadan istifadə etməklə mobil aplikasiyalar tətbiq olunacaq. Məqsəd odur ki, İşğal muzeyi, Memorial bağ və Zəfər muzeyi Azərbaycan xalqının Birinci və İkinci Qarabağ müharibəsində keçdiyi tarixi yol haqqında müsafirlərə və turistlərə məlumat verə bilsin. Ağdam sülh, əmin-amanlıq şəhəri olacaq, doğma yurdlarından 30 ilə yaxın ayrı qalmış insanların bu torpaqlara təhlükəsiz şəraitdə qayıdışının təmin edilməsi üçün dövlət tərəfindən bütün zəruri addımlar atılır. Ağdamlılar həmin günləri səbirsizliklə gözləyir, həm də şəhərin yenidən qurulmasında könüllü iştirak edirlər. Böyük Qayıdışa dair Dövlət Proqramına əsasən, əhalinin dayanıqlı şəkildə geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi istiqamətində 2022-2026-cı illərdə 34 min 500 evin tikilməsi və 140 minə yaxın əhalinin köçürülməsi həyata keçiriləcək. Bu illər ərzində Ağdam rayonu üzrə 9690 evin və mənzilin tikilməsi, bu evlərə 42361 vətəndaşın köçürülməsi nəzərdə tutulur. Ağdam sürətlə, zövqlə, milli memarlıq üslubunda, müasir şəhərsalma layihələri əsasında tikilir, tarixiliyi və müasirliyi əks etdirən bir şəhər gözlərimiz qarşısında addım-addım böyüyür. Prezident İlham Əliyevin dəyərli tövsiyələri əsasında tikilən Ağdamın dünyada bənzəri olmayacaq, həm də elm, təhsil, muğam ənənələri davam etdiriləcək. Ən əsası isə Ağdama köçürüləcək ağdamlılar bu şəhərin qədim ənənələrini bərpa edəcəklər.

Ağdamda inşasına başlanan müasir tipli hotel-mehmanxana kompleksi turizm infrastrukturunun formalaşmasında müstəsna rol oynayacaq. Milli memarlıq üslubunda inşa olunan "City Hotel Agdam" mehmanxanasında rayona səfər edəcək turistlərin rahatlığı üçün hər cür şərait yaradılacaq. "PMD Projects" şirkətinin inşa etdiyi mehmanxana 130 nömrədən ibarət olacaq. Beşmərtəbəli hotel binasında konfrans, iclas və banket zalları, fitnes və spa mərkəzləri, restoran və açıq terras yaradılacaq. Xatırladaq ki, "City Hotel Agdam" mehmanxanasının təməlqoyma mərasimi 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilib. Hazırda mehmanxanın tikintisi sürətlə davam edir. Ağdamın strateji coğrafi mövqeyi, insan resursları potensialı və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsinə zəmin yaradacaq. Ağdamda yaradılan sənaye parkı əhalinin məşğulluğunun təmin olunmasına, qeyri-neft sektorunun inkişafına, dayanıqlı iqtisadiyyatın formalaşdırılmasına güclü təkan verəcək. Doğma yurda, yeni Ağdama qayıdacaq sakinləri şəhərin əsas simvollarından biri olan Çay Evinin, stadionun, bazarın, xəstəxananın harada inşa ediləcəyi maraqlandırır. Qeyd edək ki, Baş plana əsasən Ağdam şəhərinin inzibati mərkəzi şəhərə birləşdirilən Seyidli kəndinin ərazisində olacaq. Vaxtilə məşhur olan Ağdam bazarı fərqli yerdə inşa olunacaq. Ağdamlıların qürurla xatırladıqları Çay Evi şəhərin mərkəzi parkında qurulacaq. Bizi dünyaya tanıdan "Qarabağ" futbol klubunun stadionu şəhərə birləşdirilən Sarıhacılı kəndində yerləşən idman kompleksinin yerində inşa ediləcək. Çoxmərtəbəli binalarla yanaşı, Ağdam şəhərində inşa ediləcək 1750 həyət evi ümumilikdə 10.000 nəfər əhalinin yaşayışı üçün nəzərdə tutulub. Baş plana əsasən Ağdamda ilk dəfə olaraq mərkəzləşdirilmiş qazanxana sistemi qurulur. Şəhərdə tullantı sularının yenidən texniki su kimi kənd təsərrüfatı üçün istifadəyə yararlı hala gətirilməsi üçün sutəmizləyici qurğular inşa ediləcək. Qeyd edək ki, üç ildən artıqdır ki, Ağdam düşmən tapdağından azad olunub. Düşmənin dağıtdığı və xarabalığa çevirdiyi Ağdamın uçuq divarları, kol-kos basmış küçələri ağdamlılar üçün çox müqəddəs və əzizdir. Dövlətimizin başçısının tapşırığı ilə işğaldan azad edilən və minalardan təmizlənən ərazilərə getmək üçün avtobus marşrutu açılıb, indiyə kimi yüzlərlə insan öz evinin qalıqlarına, ata-baba yurduna baş çəkib. Qocaman şəhərin sakinləri Evoğlu-Əfətli yolu ilə Ağdama səfər edəndən sonra bildiriblər ki, buradan Ağdamın mərkəzinə təxminən on beş dəqiqəlik yoldur. Bu yolu keçmək üçün 27 il 4 ay səbirlə, dözümlə gözlədik. Və nəhayət, 2020-ci il 10 noyabr tarixində imzalanan üçtərəfli Bəyanatdan sonra bu yoldan ilk dəfə Ağdamın mərkəzinə hərbi texnikalarımız, tanklarımız, qələbəyə imza atan ordumuzun əsgərləri keçdi.

Qarabağa Böyük Qayıdışın həyata keçirilməsi həmin ərazilərdə yeni iş yerlərinin açılmasına da şərait yaradır. İşğaldan azad edilən ərazilərdən Ağdam və Füzulidə mövcud torpaq sahələrinin 50 faizə yaxını, Cəbrayılda 45, Zəngilan və Qubadlıda təxminən 35, Laçın və Kəlbəcərdə isə 10 faizi əkinəyararlı sahələrdir. Bu torpaqların kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsi Qarabağa Böyük Qayıdış Dövlət Proqramının da əsasını təşkil edir. Nəzərə alsaq ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarından özünü təminetmə səviyyəsi 25 faizdir, həmin ərazilər ərzaq təhlükəsizliyinin təminatında mühüm rol oynayacaq. Azərbaycanın digər bölgələrinə nisbətən həmin bölgələrdə su problemi yoxdur. Suvarma ilə ciddi problem yaşayan Aran bölgələrinə nisbətən sözügedən rayonlarda həm dəmyə torpaqlarının həcmi, həm də su mənbələri, eyni zamanda suvarılan torpaqlar da çoxdur. Nəticə etibarilə bu da məhsuldarlığın yüksəlməsinə və həmin bölgələrdə kənd təsərrüfatı sahələrinin istehsalı, həm də emalı ilə bağlı müəssisələrin də yaradılmasına imkan verəcək. Qeyd edək ki, strateji məhsullardan ərzaqlıq buğdaya ölkənin illik tələbatı 1,6-1,7 milyon tondur. Bunun 75 faizi Rusiya, eləcə də Qazaxıstan kimi ölkələrdən idxal hesabına qarşılanır. Mütəxəssislər hesab edir ki, Füzuli, Ağdam, Zəngilan, Cəbrayıl rayonları buğda istehsalı üçün perspektivli ərazilərdir. Həmin ərazilərdə buğda əkini ilə ölkənin idxaldan asılılığını 25 faizə endirmək mümkündür. Adıçəkilən rayonlarda kənd təsərrüfatının müxtəlif sahələri, o cümlədən heyvandarlıq, bağçılıq, üzümçülük və taxılçılıq inkişaf etdiriləcək. Əlbəttə ki, həmin rayonların əhalisinin çox hissəsi də bu sahələrdə çalışacaqdır. Yer üzünə təzədən doğulan şəhərin quruculuq üfüqləri və şəhərsalma cizgiləri onu göstərir ki, elə bir Ağdam qurulur ki, dünyada onun bənzəri olmayacaq.

Salman ALIOĞLU,

"Respublika".