Neftimiz inkişafa, rifaha xidmət edir
İqtisadiyyat

Neftimiz inkişafa, rifaha xidmət edir

"Biz nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq. Son 20 ildə biz Azərbaycanda yoxsulluğun səviyyəsini 50 faizdən 5 faizə endirdik. Sizin Bakıda bütün gördükləriniz infrastrukturun tamamilə yeni inkişafı və insanların həyat səviyyəsinin yaxşılaşmasıdır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı "Euronews" televiziyasına verdiyi müsahibədə bildirib.

Həmin müsahibədə verilən mesajlar indiki reallıq və qarşıdakı dövr üçün mühüm önəm kəsb edir. Bu Azərbaycanın regional və qlobal miqyasda güclənən mövqeyinin göstəricisidir. Ölkə başçımız müsahibəsində bir çox məqamlara dair Azərbaycanın mövqeyini bir daha bəyan etdi.

Azərbaycan dünyanın neft ehtiyatı ilə zəngin ölkələrindən biridir. Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) hesablamalarına görə, Azərbaycanın təsdiq olunmuş xam neft ehtiyatları 7 milyard barrel təşkil edir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü, beynəlxalq nüfuzu və fəaliyyəti sayəsində 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində yeni neft strategiyası həyata keçirilməyə başlandı. "Əsrin müqaviləsi" adlandırılan sazişin imzalanması nəticəsində Azərbaycan ilk dəfə olaraq öz sərvətlərinin sahibi kimi çıxış etdi. Dünyanın aparıcı dövlətlərinin, ən qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı isə ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu artırdı. Azərbaycan iri regional layihələrə, Avropanın və bütövlükdə dünya enerji təhlükəsizliyi sisteminə qoşuldu. 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu. "Əsrin müqaviləsi"nin ardınca 40-dan çox neft müqavilələri imzalandı. Bir zamanlar Azərbaycanın gücünə inanmayan dövlətlər sözün bütün mənalarında ölkəmizlə əməkdaşlığa başladılar.

Bu gün Azərbaycan öz vəsaitləri hesabına neft-qaz yataqlarını istismar edir, yeni quyuların qazılmasına, neft və qaz yataqların kəşf edilməsinə doğru uğurla irəliləyir. Cənab Prezidentin üzərində dayandığı neft kapitalının insan kapitalına çevrilməsi və qeyri-neft sektorunun inkişafı məsələləri Azərbaycan və onun inkişafı üçün ön planda dayanır. Neft müqavilələrindən əldə olunan gəlirlər ölkəmizin bütün sahələrində özünü büruzə verir. Respublika sənayesi müasir tələblər səviyyəsində modernləşdirilir, yeni istehsalat sahələri və iş yerləri yaradılır, qeyri-neft sektoru gücləndirilir. Zəngin tarixə malik neft-qaz sənayesi öz inkişafının yeni, daha yüksək mərhələsinə qədəm qoyub.

Prezident İlham Əliyev həmişə davamlı tərəqqi naminə qeyri-neft sektoruna xüsusi diqqət yetirilməsinin vacibliyini, iqtisadiyyatın şaxələndirilməsi və neftdən asılılığı azaltmaqla ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların yaradılmasına diqqət yetirir. Əlbəttə, qeyri-neft sənayesi yeni iş yerlərinin yaradılmasına təkan verir. Müasir dövrdə hər bir xalqın, dövlətin taleyini təkcə onun malik olduğu zəngin təbii sərvətlər deyil, həm də elmi-mədəni və intellektual imkanları, bunların fövqündə dayanan insan kapitalı müəyyənləşdirir. Azərbaycan da öz inkişafını, ancaq təbii sərvətlərin gətirdiyi mənfəətə bağlamır, resursları insan faktorunun inkişafına yönəldir. İntensivləşən və bütün ölkəboyu uğurla həyata keçirilən infrastruktur layihələri, yaradılan yeni sənaye, kənd təsərrüfatı və xidmət müəssisələri ən müasir texnologiyalarla yaradılır. Çox önəmlidir ki, bu innovativ texnologiyaların işlənilməsi və tətbiqi yalnız istehsal və xidmət sahələrini deyil, eyni zamanda olduqca böyük əhəmiyyət daşıyan planlaşdırma və idarəetmə proseslərini də əhatə edir. Bütün bunların əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu inkişaf strategiyası, bu istiqamətdə qəbul edilən və həyata keçirilən qərarlar durur. Uzunmüddətli davamlı inkişaf strategiyasının tələblərinə cavab verən insan potensialının formalaşması, ölkənin zəngin təbii ehtiyatlarından olan "qara qızıl"ın insan kapitalına çevrilməsi, uğurlu tərəqqinin tükənməz mənbəyi olan bu sərvətin formalaşdırılması və səfərbər edilməsi yüksək hədəflərə nail olunmasının əsas amili kimi çıxış edir.

Hazırda Azərbaycan özünü nəinki karbohidrogen ehtiyatları ilə təmin edir, eyni zamanda uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynayır. Azərbaycan təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində həlledici mövqe, transmilli enerji bazarlarında özünəməxsus yer tutur. Ölkəmizin ötən illər ərzində enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi istiqamətində siyasəti sabit olub. Məhz yürüdülən siyasətin nəticəsi olaraq artıq üç ildir ki, tamamilə yeni marşrut olan Cənub Qaz Dəhlizi fəaliyyət göstərir. Bu qaz dəhlizi Avropanın qaza olan ehtiyaclarını ödəməyə başlayıb və ilbəil də ixrac həcmini artırır. Cənub Qaz Dəhlizi vasitəsilə Xəzərdən hasil olunan qaz Avropaya ixrac olunur. Hazırda 8 ölkəyə Azərbaycan qazı nəql edilir ki, onlardan altısı Avropa ölkəsidir. Gələcəkdə isə interkonnektor layihələri vasitəsilə bu, daha da artacaq. Çünki digər Avropa ölkələri də Azərbaycan qazını almağa böyük maraq göstərir.

Bütün bunlar bir daha Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş olduğunu artıq sübut edir. Dövlət başçısı müsahibəsində vurğulayıb ki, əfsuslar olsun, indi deyirlər ki, qazıntı yanacağı təhlükəlidir, mənfidir və günah bu ehtiyata sahib olan ölkələrdədir. "Mənim mesajım ondan ibarət idi ki, bizə gördüyümüz işə görə, gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verin. Ümidvaram ki, mesajım eşidiləcək".

Mustafa KAMAL,

"Respublika".