“Amuldağ” qızıl yatağının istismarı planetimizə qarşı təhlükədir
Ekologiya

“Amuldağ” qızıl yatağının istismarı planetimizə qarşı təhlükədir

30 illik işğal dövründə Ermənistanın hər cür vəhşiliyinin, vandallığının şahidi olduq. Ərazilərimiz zəbt olunmaqla yanaşı, həm də ekoloji terrora məruz qaldı. Yeraltı və yerüstü sərvətlərimiz talandı, torpağa minalar basdırıldı, zəhərli maddələr çaylarımıza axıdıldı. Oxçuçay ekoloji fəlakət zonasına çevrildi. Ermənistanın iri mədən müəssisələri - Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının yüksək kimyəvi tərkibli istehsalat suları uzun müddət Oxçuçayı çirkləndirdi. Ötən il isə Naxçıvan ilə sərhəddə, Arazdəyəndə metallurgiya zavodunun tikilməsinə cəhd edildi.

Təhlükəli kimyəvi maddələrin tullantılarının Araz çayına axıdılmasının qarşısını almaq üçün Azərbaycan etiraz bəyanatı ilə çıxış etdi və zavodun başqa əraziyə köçürülməsinə nail oldu. Ermənistanın ölkəmizin təbiətinə və ekologiyasına qarşı bilərəkdən təhlükə yaratması bununla bitmir. Metsamor AES-in, Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının mənfi təsirləri bu gün də davam edir. Belə ki, Ermənistan Azərbaycanla sərhəd ərazilərdə yerləşən rayonlarında mədən sənayesi fəaliyyətlərini davam etdirərək "Amuldağ" qızıl yatağında planetimizə zərər verəcək istismar işləri aparır. Bu qızıl yatağının istismarı nəticəsində biomüxtəlifliyə və su ehtiyatlarına ciddi təhlükə yaranır, ağır metal tərkibli mədən tullantıları Bərgüşad çayına axıdılaraq Həkəri çayı vasitəsilə Araz çayını çirkləndirir. Mədənin fəaliyyəti nəticəsində tullantı yığınları yaranır, dağlarda aşınma prosesi sürətlənir. Bu da Qafqaz dağlarında süxurların deqradasiyasına gətirib çıxarır. Mədənin fəaliyyəti nəticəsində mineral su mənbələrinə çirkli sular, radioaktiv maddələr axıdılır.

Onu da qeyd edək ki, "Amuldağ" qızıl yatağı Cermuk şəhərindən 13 kilometr məsafədə yerləşən "İstisu" mineral bulaqlarına da məhvedici zərər vurur. Bu da insanların sağlamlığında ciddi problemlər yaratmaqla bərabər, Naxçıvan ərazisindən axan Arpaçay, eləcə də Bazarçay vasitəsilə Araz çayına, oradan da Xəzər dənizinə tökülür. Bu da nəinki Azərbaycan, eləcə də Xəzəryanı ölkələr üçün böyük təhlükə mənbəyidir. Digər tərəfdən, "İstisu" mineral su yatağının fəaliyyəti Göyçə gölünə də ekoloji fəsadlar yaradır.

Təhlükəli məqamlardan biri də ondan ibarətdir ki, Ermənistan yatağın istismarı zamanı bir çox ölkələrdə qadağan edilmiş sianidin texnologiyasından istifadə edir. Zəhərli maddələrin həm atmosferə buraxılması, həm də çay sularının çirkləndirilməsi nəticəsində region əhalisinin sağlamlığı təhdid altına düşür. Bu təkcə Ermənistan sərhədləri ilə, region çərçivəsində məhdudlaşmır, ümumilikdə planetimizə təhlükə yaradır. Suların kimyəvi maddələrlə çirkləndirilməsi təbiətə, bitki örtüyünə ziyan vurur, həmin sulardan istifadə olunan ərazilərdə heyvanlar tələf olur. İnsanların bir çox xəstəliklərə tutulmasına, dünyaya gələcək körpələrin qüsurlu doğulmasına səbəb olur. Bütün bunlar da Azərbaycan ilə yanaşı, region xalqlarının genofonduna və sağlamlığına böyük zərbədir.

Zavodun tikintisi ilə əlaqədar Azərbaycanda vətəndaş cəmiyyəti qurumları, ətraf mühitin qorunması və ekologiya sahəsində fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları bəyanat səsləndiriblər. Bəyanatda Ermənistan beynəlxalq səviyyədə qoşulduğu konvensiyalara, xüsusilə də ESPO konvensiyasının tələblərinə riayət etməyə çağırılır. Eyni zamanda Azərbaycanın vətəndaş cəmiyyətini təmsil edən qeyri-hökumət təşkilatları adından Ermənistanın baş naziri Nikol Paşinyana açıq məktub ünvanlanıb. Lakin yaranmış təhlükəli vəziyyət o həddə çatıb ki, Ermənistanın daxilində belə həmin qızıl yatağında ətraf mühitə ziyan vuran dağ-mədən sənayesi işlərinin dayandırılmasına dair etiraz bəyanatı səsləndirilib. Yaranmış problemlə bağlı qonşu dövlətdə yüzdən çox qeyri-hökumət təşkilatı etiraz bəyanatı yayıb. Maraqlı məqamlardan biri də odur ki, hələ 2019-cu ildə Ermənistanın paytaxtında ekoloji hərəkat fəalları "Amuldağ" qızıl yatağının istismar edilməsinə qarşı mitinq keçiriblər.

"Amuldağ" qızıl mədəninin işlədilməsinə qarşı çıxış edən ekoloqlar həmin il sentyabrın 20-ni ekoloji səfərbərlik və ekoloji ədalət günü elan edərək, bütün vətəndaşları yatağın istismarına yol verməmək üçün etiraz tədbirlərinə çağırıblar.

"Amuldağ" təxminən 31 milyon ton filiz və 40 ton təmiz qızıl ehtiyatlarına görə Ermənistanda ikinci qızıl yatağıdır. Bu qızıl yatağını "Lydian Armenia" şirkəti istismar edir. Şirkətin tam payçısı Böyük Britaniyanın "Lydian International" şirkətidir. Əsas səhmdarları "Orion Mine Finance" (ABŞ), "Resource Capital Funds" (ABŞ), "Merk Investments" və "Tocqueville Asset Management LP" şirkətləridir.

Ermənistan hakimiyyəti öz məsuliyyətini dərk etməli və planeti gözləyən təhlükəni nəzərə alaraq dağ-mədən sənayesi müəssisələrinin qapılarını ekoloji monitorinqlər üçün açmalıdır. Lakin "Lydian Armenia" məhz Kanada və ABŞ hökumətlərinə arxalanaraq Ermənistan hakimiyyətinin dəstəyi ilə "Amuldağ" yatağını amansızlıqla istismar edir, bütün kimyəvi tullantıları isə Azərbaycan istiqamətinə axıdır, yerli və xarici ekoloqların həyəcan təbilinə məhəl qoymur.

ABŞ və Kanada şirkətləri, Ermənistan hakimiyyəti "Amuldağ" mədənində ekoloji monitorinqlərə icazə vermir, mədəndə aparılan işlərin Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi sənədini ictimaiyyətə açıqlamır. Vaşinqton və Li Universitetinin elmi tədqiqatçısı Məryəm Daneş də mədəndə aparılan qeyri-qanuni fəaliyyətin əhaliyə mənfi təsirindən narahatlığını bildirərək, hamilə qadınları toksik və radioaktiv materiallardan qorumağın olduqca zəruri olduğunu deyir. "Mən, Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətləri ilə həmrəy olaraq, Amuldağ qızıl mədənində ekosistem üçün əhəmiyyətli dərəcədə zəhərli və radioaktiv çirklənmə riskləri yaradan mədən işləri ilə məşğul olan şirkətlə bağlı öz dərin narahatçılığımı bildirirəm. Bu qızıl mədənində aparılan qeyri-qanuni fəaliyyət uzun illərdir ki, su resurslarına, o cümlədən təbii bulaqlara, çaylara, göllərə və həmçinin Qafqaz dağlarına və regionda yaşayan əhaliyə mənfi təsir göstərir".

Ramidə YAQUBQIZI,

"Respublika".