Arıçılıq: damazlıq təsərrüfatı fəaliyyətini genişləndirir
Ekologiya

Arıçılıq: damazlıq təsərrüfatı fəaliyyətini genişləndirir

"Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasına uyğun olaraq arıçılığın inkişaf etdirilməsi, bal ixracının artırılması məqsədilə rayonda "EkoZaqatala" MMC tərəfindən "Boz Qafqaz", "Karpat" və "Karnika" cinslərinə mənsub arılar yetişdirilərək artırılır və fermerlər yüksək məhsuldar, cavan arı ailələri ilə təmin edilirlər.

Rayonda 1650-dən artıq arıçılıq təsərrüfatında 33000-dən çox arı ailəsinə xidmət olunur. Bu təsərrüfatlarda il ərzində təxminən 300 ton bal, 40 ton mum, 500 kq çiçək tozu, 200 kq vərəmum, 12-15 kq arı südü və s. məhsullar istehsal olunur. Rayonunun təbii iqlim şəraiti gələcəkdə arıçılıq məhsullarının istehsalının artırılmasına imkan verir.

Bal arısı cinslərinin təmizliyinin təmin edilməsi və qorunub saxlanılması məqsədilə ana arıların təbii mayalanması üçün rayonda tarixən mövcud olmuş "Boz Qafqaz" arı cinsinin təmizqanlı genofondunun qorunması, çoxaldılması və ana arıya olan tələbatın öyrənilməsi ilə əlaqədar məqsədyönlü tədbirlər görülmüşdür. Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşleş kəndinin yuxarı hissəsində dağlıq-meşə ərazisində damazlıq təsərrüfatı üçün ayrılan torpaq sahəsindən təxminən 3 km radiusunda təcrid bölgə müəyyən edilmişdir. "Boz Qafqaz" arı cinsi üzrə damazlıq təsərrüfatı 2021-ci ildən etibarən fəaliyyətə başlamışdır. Hazırda arıçılıq damazlıq təsərrüfatında 130 ədəd "Boz Qafqaz" arı cinsi ailələrinə xidmət olunur.

Təsərrüfatın rəhbəri Mövlüddin Qurbanəliyev bildirdi ki, bu peşə bizə babamdan qalıb. Çünki bu ərazidə 1969-cu ildə yaradılan arıçılıq sovxozu torpaq islahatlarına qədər davam edib və uğurları ilə seçilib. Mən hərbi xidmətdən sonra bu sahəni davam etdirmək qərarına gəldim və 15-16 il sovxozda işlədim. İndi isə bu işlə ailəlikcə məşğuluq və onu inkişaf etdirmək fikrindəyik.

Arıçılığın insan həyatı, sağlamlığı və onlarla xəstəliklə müalicə üçün son dərəcə səmərəli olduğuna toxunan həmsöhbətim qeyd etdi ki, bu sahə kənd təsərrüfatında böyük rolu ilə seçilir. Əvvəllər arıçılığa yalnız balına görə qiymət verilirdi, indi isə vəziyyət xeyli dəyişib. Arının tək balı yox, ümumilikdə insan üçün son dərəcə xeyirli olan və müalicəvi əhəmiyyət daşıyan bir çox məhsulu var.

Beynəlxalq və respublika səviyyəli tədbirlərdə və sərgilərdə mütəmadi olaraq iştirak edən Mövlüddin Qurbanəliyev təcrübəsini və qazandığı uğurları ölkə ərazisində geniş yaymaq fikrindədir. Bunun üçün arıçılıqla bağlı xaricdə olduğu kimi, bölgələrdə də keçirilən seminarlarda iştirak etməklə həmkarları ilə fikir mübadiləsi aparır.

Arıçılıq təsərrüfatının problemlərinə toxunaraq qeyd etdi ki, bəziləri xaricdən hibrit ana arıları gətirirlər. Bu səbəbdən də xortumu uzun olan sakit "Boz Qafqaz" sortunun artımı xeyli zəifləyib. Biz bu ərazilərdən Türkiyəyə laboratoriyaya məhsul göndərdik. Arının gen analizi yoxlanıldı və "Boz Qafqaz" sortunun məhsulu yalnız bizdə oldu. Kənd Təsərrüfatı Nazirliyi bu məsələyə son dərəcə ciddi yanaşdı və sabiq nazir İnam Kərimov bizim təsərrüfata gəldi. Boz qafqaz arının genefondunun qorunması üçün damazlıq təsərrüfatın yaradılması qərara alındı. Bizim üçün təcrid olunmuş ərazidə olan meşə fondundan sahə ayrıldı. Beləliklə də Qafqaz bölgəsində ilk damazlıq təsərrüfatı yaradıldı.

Qeyd olundu ki, təsərrüfatda məhsuldarlığın artırılmasına ciddi fikir verilir. İqlim dəyişikliyi ilə əlaqədar bu il məhsuldarlıq az olsa da, növbəti illərdə daha yaxşı olacağına əminik. Çünki bu sahədə də təcrübə mübadiləsi xeyli effekt verir. Mən Amerikada, Almaniyada, Türkiyədə və digər bir çox ölkələrdə arıçılıq təsərrüfatlarında olmuşam, işləri ilə yaxından tanışam. Həmin ölkələrdə bir arıçının 1800-2000 arı ailəsi var. Öyrəndiklərimi geniş təbliğ edirəm. Qadın və gənclər təsərrüfatlarının yaradılmasında maraqlıyıq. Nazirliyin xətti ilə belə seminarlar keçirilir və mən də öz təcrübəmi yaymağa çalışıram. Artıq qadın arıçılar qrupu yaradılıb və mütəxəssislər yetişir. Seminarlarda xəstəliklərlə bağlı da fikir mübadiləsi aparılır, problemlər müzakirə olunur.

Onu da qeyd edək ki, propolis, ana və erkək arı südü, ölü arı, çiçək tozu da xeyirli olmaqla ondan krem, mazlar hazırlanır. Çünki bu insan sağlamlığı üçün çox faydalı olmaqla yanaşı, müalicəvi əhəmiyyəti ilə seçilir. Arının zəhəri də xeyirlidir. Belə ki, arının tullantısı olmur, ölüsündən isə dərman və ya məhsul hazırlanır. Arı havası da insan üçün xeyli faydalıdır.

Mikayıl QULUYEV,

"Respublika".