Avropa İttifaqı ilə strateji tərəfdaşlıqda mühüm amil
İQTİSADİYYAT

Avropa İttifaqı ilə strateji tərəfdaşlıqda mühüm amil

Şaxələndirilmiş qaz nəqletmə infrastrukturunun yaradılması, bu sahəyə sərmayə axını bunu deməyə əsas verir

Beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan Azərbaycan Respublikası  Avropa  ölkələri ilə  əlaqələr qurarkən  bunu qarşılıqlı  etimada əsaslanan faydalı əməkdaşlıq   yaratmaqla həyata keçirir.  Bu münasibətlər Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyaya uyğun olmaqla ilk növbədə, bərabərhüquqlu olmalı və əməkdaşlıq edən tərəflərin konkret maraqlarından irəli gəlməlidir. Ölkəmizin regionda gündən-günə artan siyasi və iqtisadi çəkisi Avropa İttifaqının Azərbaycana olan marağını keyfiyyətcə yeni səviyyəyə yüksəltmiş, digər tərəfdən isə Aİ-nin respublikamızla yeni, bərabərhüquqlu, bərabərməsuliyyətli, strateji mahiyyət daşıyan əməkdaşlıq formatının axtarışına ciddi təkan vermişdir.

Ötən il dekabrın 15-də Belçika Krallığının paytaxtı Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammitində Azərbaycan Prezidenti İlham Əliyev uğurla inkişaf edən Avropa İttifaqı əlaqələrinə diqqət çəkərək Avropa İttifaqı ilə Azərbaycan arasında 2018-ci ildə paraflanmış "Tərəfdaşlıq prioritetləri" sənədinin əhəmiyyətini vurğulayıb. Azərbaycanla Avropa İttifaqı arasında yeni tərəfdaşlıq sazişi üzərində işin 90 faizdən çoxunun artıq başa çatdırıldığını bildirən Prezident İlham Əliyev sənədin qalan hissəsinin qarşıdan gələn dövr ərzində aparılacaq danışıqlar nəticəsində yekunlaşdırılacağına ümidvar olduğunu ifadə edib. Dövlətimizin başçısı Azərbaycanın Avropa İttifaqının 9 üzv dövləti, yəni, quruma üzv ölkələrin üçdəbiri ilə strateji tərəfdaşlığa dair sənədlər imzaladığını vurğulayıb.

İkitərəfli əsasda imzalanmış bu strateji tərəfdaşlıq sənədlərinin əlaqələrimizin xarakterini nümayiş etdirdiyini deyib.

Dövlətimizin başçısı, eyni zamanda, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlığı qeyd edib, bu münasibətlərin də strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirib. 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizinin XXI əsrin ən böyük infrastruktur layihələrindən biri olduğunu vurğulayan Prezident İlham Əliyev bu layihənin son komponenti olan Trans-Adriatik xəttinin işə salınması ilə Azərbaycan qazının Avropa məkanına çatdırıldığını diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan qazı artıq Avropa İttifaqının üç ölkəsinə-İtaliya, Yunanıstan və Bolqarıstana çatdırılır. Gələcəkdə Azərbaycan istehsal etdiyi qazın ixrac coğrafiyasını Avropa İttifaqının digər üzv ölkələrinə genişləndirmək niyyətindədir. Dövlətimizin başçısı Azərbaycan qazının etibarlı və yeni mənbə olaraq Avropa İttifaqı bazarına çatdırıldığını vurğulayaraq bildirib ki, baş verən son hadisələr də enerji təhlükəsizliyi baxımından şaxələndirmənin vacibliyini göstərir. Azərbaycanın qaz potensialının reallaşdırılmasında xarici şirkətlər tərəfindən qoyulan investisiyaları yüksək qiymətləndirərək qeyd etmək lazımdır ki, Xəzər dənizinin Azərbaycan sektorundakı "Abşeron" yatağının böyük həcmdə qaz ehtiyatları gələcəkdə həm ölkədaxili tələbatın ödənilməsində, həm də qaz ixracı ilə bağlı strateji hədəflərə çatmaqda mühüm əhəmiyyət kəsb edir. Nəqletmə infrastrukturunun yaradılması və şaxələndirilməsi isə qaz yataqlarının işlənməsində, bu sahəyə sərmayə cəlbində mühüm amillərdən biridir. Avropa İttifaqı ilə Azərbaycan arasında bu istiqamətdə çox səmərəli münasibətlər mövcuddur, faydalı əməkdaşlıq aparılır. 2011-ci ilin yanvarında Avropa İttifaqı ilə Azərbaycan arasında "Cənub" qaz dəhlizi üzrə çox vacib Bəyannamə imzalanmışdır və işçi qrupu yaradılmışdır. Ötən müddət ərzində atılan addımlar yaxşı nəticələrə gətirib çıxarmışdır. Eyni zamanda, yeni "Abşeron" qaz yatağının kəşfi də Azərbaycanın enerji təhlükəsizliyinə böyük töhfə olmuşdur.

 Xatırladaq ki, "Abşeron" yatağının işlənməsi layihəsi üzrə ilk müqavilə hələ 1997-ci ildə Amerikanın "Chevron" şirkəti (30%-lik səhm payı - operator), ARDNŞ (50%) və "Total" (20%) arasında imzalanıb. Layihəyə qoyulacaq sərmayələrin həcmi 3-4 milyard dollar, ilkin proqnozlaşdırılan karbohidrogen ehtiyatları - 1-3 trilyon kubmetr qaz və 150 milyon ton qaz kondensat səviyyəsində qiymətləndirilirdi. Müəyyən vaxt keçdikdən sonra "Total" bu layihənin gerçəkləşdirilməsinə dönməyə qərar verdi və 27 fevral 2009-cu il tarixində 30 illik müddətə yeni hasilatın pay mübadiləsi müqaviləsi imzaladı. Layihənin səhmdarları bərabərlik əsasında (50%x50%) SOCAR və "Total"dır. Bu qarşılıqlı maraq əsasında 2009-cu ildə "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında "Abşeron" yatağı üzrə ikinci kontrakt imzalanmısı bəlkə də dünya praktikasında nadir hallarda rast gəlinən bir məsələdir. 2011-ci ilin sentyabrında başa çatdırılmış kəşfiyyat quyusu bu sahədə 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat səviyyəsində qiymətləndirilən əhəmiyyətli karbohidrogen ehtiyatlarının olduğunu təsdiq edib. Bu, "Total"a SOCAR-la birgə layihə çərçivəsində gələcək əməliyyatları planlaşdırmağa və "ABD-001" ilk hasilat quyusunun qazılmasına başlamağa imkan verib. Quyunun gözlənilən gündəlik hasilat həcmi 2 min ton kondensat və 4,3 milyon kubmetr qaz təşkil edir. Dünya neft-qaz sənayesində mühüm mövqeyə malik olan "Total" Azərbaycanda fəaliyyət göstərən ilk xarici enerji şirkətlərindən və ölkəmizin neft-qaz sənayesinə sərmayə yatırmış beynəlxalq investorlardan biridir, SOCAR-la "Total" arasında uğurlu və işgüzar əməkdaşlıq münasibətləri yüksək səviyyədə davam etdirilir. "Abşeron" qaz-kondensat yatağı Xəzər dənizində, "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir. Yatağın işlənməsinin I mərhələsində ildə 1,5 mlrd. kubmetr qaz, 700 min ton kondensat hasilatı nəzərdə tutulurdu. "Abşeron" yatağından 2022-2023-cü illərdə isə illik hasilatın ən azı 4 mlrd. kubmetrə qədər artacağı gözlənilir. "Abşeron" qaz-kondensat yatağının yeni mərhələsi ilə Azərbaycan öz neft-qaz strategiyasında mühüm hadisəyə imza atır. Azərbaycan artıq neft ölkəsindən qaz ölkəsinə keçid alır. Azərbaycan bundan sonra etibarlı qaz təchizatçısı da olacaqdır.

2020-ci ildən Azərbaycan qazının Trans-Adriatik Boru Kəməri vasitəsilə Avropaya tədarükünün başlanması ilə Cənub Qaz Dəhlizinin strateji məqsədinə nail olundu. Bu qlobal enerji təhlükəsizliyi layihəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək siyasi iradəsinin və qətiyyətli enerji siyasətinin töhfəsidir. "Şahdəniz Mərhələ 2" üzrə hasil edilmiş təbii qazın avropalı istehlakçılara çatdırılması bir daha göstərir ki, Prezident İlham Əliyevin irəli sürdüyü bütün təşəbbüslər əzmlə reallığa çevrilir. Cənub Qaz Dəhlizinin əsas resurs mənbəyi olan "Şahdəniz" yatağından hasil edilmiş təbii qazın Türkiyə bazarına 2018-ci il iyunun 30-dan TANAP ilə nəqlinin ardınca, ilk dəfə Avropa bazarına daxil olması Azərbaycanın qaz ölkəsi kimi inkişafında yeni səhifə açır. Enerji təhlükəsizliyi layihələri Azərbaycanın liderliyi ilə qətiyyətlə həyata keçirilir. Ölkəmiz Cənub Qaz Dəhlizinin bütün seqmentləri üzrə əldə edilmiş nailiyyətlərin nümunəsində öhdəliklərinə yüksək səviyyədə sadiqliyini və enerji sahəsində etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirdi. Avropaya təbii qazın nəqli tədarük bazarlarını şaxələndirməklə istehsalçı kimi ölkəmizin, mənbə və marşrutları diversifikasiya etməklə isə istehlakçı ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək. Böyük coğrafiyada inkişafa və sabitliyə töhfə verəcək. 25 il ərzində Avropa ölkələrinə tədarük ediləcək illik 10 milyard kubmetrdən çox qaz həcminin 8 milyard kubmetri İtaliyaya, 2 milyard kubmetri bərabər şəkildə Yunanıstan və Bolqarıstana, qalan hissəsi isə ətraf bazarlara ixrac olunacaq. Avropanın cənubunun yeni mənbədən qazla təchiz edilməsi isehlakçıların daha münasib şərtlərlə enerji ilə təminatına, dekarbonizasiyaya töhfə verməklə bərabər, qitənin Xəzər regionu ilə birləşdirilməsinə də xidmət edir. Xəzər qazının Avropaya nəqlinə başlanması həm də tərəfdaş ölkələr, şirkətlər, beynəlxalq maliyyə institutları ilə nümunəvi əməkdaşlığın, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya hökumətləri və Avropa İttifaqının Cənub Qaz Dəhlizinə davamlı yüksək dəstəyinin məntiqi nəticəsidir. Qarşılıqlı faydalı çoxtərəfli əməkdaşlığı ehtiva edən Cənub Qaz Dəhlizi layihəsi üzrə növbəti bu birgə uğurumuz qlobal enerji təhlükəsizliyi sistemini möhkəmləndirəcək tarixi hadisədir.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ötən il Azərbaycana səfəri ölkəmizlə bu qurumun tərəfdaşlığının göstərcisidir. Belə ki, əməkdaşlıq çərçivəsində uzun illərdir müxtəlif sahələrdə birgə işlər görülür. Eyni zamanda, əməkdaşlığın şaxələndirilməsi üçün çox yaxşı əsaslar mövcuddur. Qeyd edək ki, Avropa İttifaqı ölkəmizin əsas ticarət tərəfdaşıdır. Ticarətimizin 40 faizi Avropa İttifaqı ilə aparılır. Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Bu, həmçinin bizim iqtisadi fəaliyyətimizin miqyasını nümayiş etdirir. Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. Son illər enerji təhlükəsizliyinin təmin olunmasında da tarixi nailiyyətlər əldə olunub. Burada xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması qeyd olunmalıdır. Ötən ilin sonuncu günündə həqiqətən də tarixi əhəmiyyət kəsb edən hadisə baş verdi. Cənub Qaz Dəhlizinin sonuncu - dördüncü seqmenti olan Trans-Adriatik kəməri artıq istismara verilib. Yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub.

Onu da qeyd etmək lazımdır ki, uzun illərdir ki, Azərbaycan Avropa İttifaqı ilə birlikdə Cənub Qaz Dəhlizi Məşvərət Şurasına sədrlik edir. 3500 kilometr uzunluğunda inteqrə olunmuş kəmər sistemi və nəhəng "Şahdəniz-2" qaz yataqlarının işlənməsi ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutları arasında əməkdaşlığın nadir təcrübəsidir. Cənub Qaz Dəhlizi layihəsinə yatırılmış ümumi investisiyaların həcmi 33 milyard ABŞ dollarından çoxdur. Eyni zamanda, artıq Azərbaycan Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır. Qaz təchizatçısı kimi Azərbaycanın potensialı artacaq və bu, ixracatçı olaraq bizim üçün, tranzit ölkələr üçün və istehlakçılar üçün daha çox imkanlar yaradacaq. Çünki Azərbaycan qazı təkcə yeni marşrutdan olan qaz deyil, yeni mənbədən olan qazdır və bu, layihəni həqiqətən də enerji təhlükəsizliyi layihəsinə çevirir. TAP və TANAP xətti ilə Türkiyəyə ötürülən qazın həcmi ildən-ilə artır. Türkiyə bazarında Azərbaycan qazı 4-cü, 5-ci yerdə idisə, hazırda birinci yerdədir, bu, hər iki ölkə üçün çox mühümdür."Abşeron" yatağında ikinci fazadan çıxarılacaq qaz da TANAP xətti ilə Türkiyəyə və digər bazarlara ötürüləcəkdir. Abşeron", "Qarabağ" və digər layihələrin icrası bundan sonra da neft-qaz amilini öndə saxlayacaqdır.

Mustafa KAMAL,

"Respublika".