Azərbaycan Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaşdır
İQTİSADİYYAT

Azərbaycan Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaşdır

Azərbaycanın enerji ölkəsi kimi əhəmiyyəti region dövlətləri arasında getdikcə artır. Son illərdə Avropa dövlətlərinin enerji təminatını ödəmək məqsədilə Azərbaycan regionun əsas neft ölkələrindən biri kimi ön planda çıxış edir. Həmçinin ölkədə aparılan "Yaşıl enerji" ilə bağlı işlər gündən-günə daha da genişləndirilir.

Mövzuyla bağlı iqtisadçı Eyyub Kərimli bildirir ki, bu gün ölkəmizin enerji sektoru əsasən "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də qarşıya qoyulan hədəfləri özündə əks etdirir. Belə ki, bu hədəflərdə daha çox yaşıl enerjinin inkişafına önəm verilib: "Ölkəmizin yaşıl enerji potensialı çox böyükdür və bu da yaşıl enerjinin ixrac edilməsinə imkan yaradır. Bu gün ölkəmizin tək quruda 27 qiqavatlıq, həmçinin işğaldan azad edilmiş ərazilərdə 10 qiqavatlıq günəş və külək enerjisi imkanları var. Bununla yanaşı, Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi mövcuddur. Ümumilikdə ölkəmizdə bu gün 200 qiqavata yaxın enerji potensialı var. Sözsüz ki, bu da öz növbəsində ölkəmizin enerji ixracatında imkanları artırır və potensialımızı daha da gücləndirir. Həm Avropaya enerjinin ixrac edilməsi, həm də Səudiyyə Ərəbistanını təmsil edən şirkətlərin bu sahəyə investisiya qoyması onu deməyə imkan verir ki, bu gün ölkəmizin yaşıl enerji ixracı gündən-günə inkişaf edir. Gələcəkdə Rumıniya, Macarıstan və Bolqarıstan kimi ölkələrə də enerji ixrac edilməsi nəzərdə tutulub. Yaşıl enerjinin ölkəmizdə inkişafı əlbəttə ki, təsadüfi deyil, çünki bu sahəyə böyük diqqət var. Həmçinin onu da deyə bilərəm ki, yaşıl enerji inkişaf etdikcə ölkədə həm də ənənəvi enerji resurslarına əlavə həcmlər yaranacaq ki, bu da imkanların artırılmasına müsbət təsir göstərəcək. Azərbaycan Avropanın enerji təhlükəsizliyində bu gün böyük və önəmli rol oynamaqdadır və etibarlı, sabit tərəfdaşdır. Hesab edirəm ki, gələcəkdə bu cür potensialla Azərbaycan həm də alternativ, bərpaolunan yaşıl enerji üzrə Avropanın çox mühüm tərəfdaşı olaraq da qalacaq".

Qeyd edək ki, işğaldan azad olunmuş bölgələrdə günəş, külək, geotermal və digər bərpaolunan enerji potensialının öyrənilməsi, mövcud resurslardan istifadə etməklə külək və günəş enerji stansiyalarının yaradılması əsas məqsəd kimi nəzərdə tutulub. Artıq bir sıra bölgələrdə bununla əlaqədar işlər yekunlaşmışdır. Belə ki, bölgədə və evlərin üzərində günəş panelləri qurulmuşdur və enerjinin yenidən bərpası üçün təbiətin çirkləndirilməməsi, qayğısına qalınması da əsas rol oynayır. Bu məqsədlə Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in 5-ci bəndində ("Təmiz ətraf mühit" və "Yaşıl artım ölkəsi") iqlim dəyişikliyi və onunla mübarizə, eləcə də ölkəmizdə yaşıl enerji məkanı prinsiplərinə əsaslanan bərpaolunan enerjinin iqtisadiyyatın bütün sahələrində tətbiqi məsələləri öz əksini tapmışdır. Belə ki, ölkənin sosial-iqtisadi inkişafı üçün, 2021-ci il və gələcək  dövrdə bərpaolunan enerji mənbələrindən istifadəyə, "yaşıl" texnologiyaların tətbiqinin genişləndirilməsinə daha çox diqqət ayrılmaqdadır.

Töhfə SƏMƏDOVA,

"Respublika".