AZƏRBAYCAN BƏSTƏKARLIQ MƏKTƏBİNİN TƏMSİLÇİSİ
Mədəniyyət

AZƏRBAYCAN BƏSTƏKARLIQ MƏKTƏBİNİN TƏMSİLÇİSİ

Dünya miqyasında yüksək zirvələrə çatmış professional musiqi nümunələrindən istifadə edən, eyni zamanda, fitri istedada malik olan şəxsiyyətlərimiz böyük bir məktəb yaratmışdır.

                                    Heydər ƏLİYEV,

                                    Ümummilli lider.

Əsası dahi Üzeyir Hacıbəyli tərəfindən qoyulan Azərbaycan bəstəkarlıq məktəbi zəngin bir tarixi yol keçib. Bu yolda neçə-neçə sənətkarın silinməz izləri var. Bu izlər onların yaratdığı üslubda və bu üslublar əsasında formalaşan bəstəkarlıq məktəbində öz əksini tapır. Ulu öndərimiz Heydər Əliyevin haqlı olaraq qeyd etdiyi kimi, "Azərbaycan bəstəkarlıq məktəbi dünya miqyasında yüksək zirvələrə çatmış professional musiqi nümunələrindən və klassik musiqi janrlarından bəhrələnərək yaranıb və formalaşıb". Üzeyir bəyin əsasını qoyduğu bu məktəb ondan sonra yeni istedadların sayəsində daha yüksək zirvələrə çatıb. Bu məktəbin Qara Qarayev kimi görkəmli nümayəndəsi onu dünya səviyyəsində təbliğ edərək öz ardıcıllarını yetişdirib. Bu yerdə Qara Qarayevin adını çəkməkdə əsas məqsədimiz onun yetirməsi olan, dünyaşöhrətli bəstəkarımız Firəngiz Əlizadənin yaradıcılığına keçid etməkdir. Bəli, Firəngiz Əlizadə Qara Qarayev məktəbinin layiqli nümayəndələrindən biri kimi, bu gün öz müəlliminin vaxtilə həyata keçirdiyi missiyalarını uğurla davam etdirir. Onun Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında və təbliğində müstəsna xidmətləri var. Respublikanın Xalq artisti, UNESCO-nun "Sülh" artisti, AMEA-nın müxbir üzvü, professor, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə bəstəkar, ifaçı, alim və ictimai xadim olaraq öz sələflərinin, xüsusən də, müəllimi Qara Qarayevin ənənələrini yaşatmaq və daha da inkişaf etdirərək musiqi mədəniyyətimizə dəyərli töhfələr verməklə yanaşı, həm də müəyyən ilklərə də imza atıb. Onun elə uğurları var ki, bu, yalnız Azərbaycan miqyasında deyil, dünya səviyyəsində müsəlman aləminin uğurudur. İlk müsəlman bəstəkarın passion janrını qələmə alması, yeganə müsəlman bəstəkar olaraq "Aga Khan Music Award" mükafatına layiq görülməsi və buna bənzər digər uğurlar F.Əlizadənin ilkləri sırasına daxildir. Təbii ki, bunlar yalnız Firəngiz xanımın şəxsi uğurları deyil, həm də Azərbaycan bəstəkarlıq məktəbinin uğurlarıdır.

Firəngiz Əlizadə yalnız bəstəkar kimi deyil, eyni zamanda incəsənət xadimi olaraq Azərbaycan mədəniyyətinin inkişafında müstəsna rolu olan sənətkardır. O, ölkəmizdə keçirilən bir neçə Beynəlxalq Muğam Festivalının və 2008-ci ildən Şəkidə keçirilən "İpək yolu" Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, bəzi dövlət əhəmiyyətli tədbirlərin musiqi rəhbəri kimi çalışıb və digər bu kimi ictimai işlərin öhdəsindən gələrək fəal xidmətlər göstərib. Bunlar onun respublikamızın mədəni həyatındakı ictimai fəaliyyətinin əsas göstəriciləridir. Biz isə oxucularımıza Firəngiz xanımın Azərbaycan bəstəkarlıq məktəbinin dünya təmsilçisi kimi xidmətlərindən bəhs etmək istəyirik.

Hələ yaradıcılığının ilk dövrlərindən dünya musiqisi ilə yaxından təmasda olan Firəngiz Əlizadə pianoçu və bəstəkar kimi müasir musiqi nümunələrinə xüsusi maraq göstərib. O, müxtəlif ölkələrdə keçirilən Beynəlxalq musiqi festivallarında yaddaqalan çıxışları ilə dünyanın məşhur musiqiçilərinin də diqqətini cəlb edib. Qələmə aldığı əsərlər isə dünya musiqiçilərinin repertuarında geniş yer tutub. Bu mənada bəstəkarın "Habilsayağı", "Üç akvarel", "Nağıllar" və başqa əsərlərinin adını çəkə bilərik. Məhz bu və ya digər əsərləri Firəngiz Əlizadəyə dünya musiqiçiləri arasında nüfuz qazandırıb.

Dünyanın ən məşhur kollektivi olan Amerikanın Kronos kvarteti dəfələrlə Firəngiz xanımın əsərlərini ifa edib və ona müxtəlif səpkili əsərlər yazmağı sifariş verib. Məşhur musiqiçi Yo-Yo Ma da F.Əlizadə yaradıcılığına müraciət edərək onun "Habilsayağı" və başqa əsərlərini dünyanın ən mötəbər konsert salonlarında ifa edib. Firəngiz Əlizadə yaradıcılığını yüksək dəyərləndirən dünyaca məşhur vilonçel ifaçısı və dirijor Mstislav Rostropoviç yazırdı:

"Firəngiz Əlizadə böyük istedada malik olan, dünya miqyasında tanınan və ən yüksək reytinqlərə malik olan bəstəkardır, onun yaradıcılığı xalq musiqisinin qədim qaynaqlarından qidalanır. Onu dünyanın müxtəlif qitələrində böyük hərarətlə qarşılayırlar, əsərləri hər yerdə geniş auditoriya toplayır".

Musiqişünas Qreq Dubinskinin fikirləri də maraqlıdır. O, deyirdi:

"Yer kürəsinin müxtəlif yerlərində mədəniyyətlərin, sivilizasiyaların bir-birinə zidd gəlməsi şəraitində Firəngiz Əlizadənin əsərləri barış rəmzi kimi çıxış edir. O, Azərbaycan musiqisinə və tarixinə xas olan Şərq və Qərbi sintezləşdirərək, nadir musiqi dünyası yarada bilmişdir".

Musiqişünas Kayl Qann, bəstəkar Sofiya Qubaydulina və başqaları da azərbaycanlı bəstəkar haqqında yüksək fikirlər söyləyiblər.

Firəngiz Əlizadənin əsərləri dünyanın müxtəlif qitələrində Kronos Quarttet (San-Fransisko), Collegium Novum (Sürix), Nieuw Ensemble (Amsterdam), Filarmonik Orkestr və Hilliard Ensemble (London), Continuum New Juiliard Ensemble (Nyu-York), Berliner Philarmoniker (Berlin), Ensemble Modern (Frankfurt), La Strimpellata (Bern), Ensemble Resonans (Köln) və digər tanınmış kollektivlərin, Mstislav Rostropoviç, Yo-Yo-Ma, İvan Monigetti, Evelin Qlenni və Yulius Berger kimi dünyaşöhrətli musiqiçilərin repertuarına daxildir.

Onun musiqisi Carnegie Hall (Nyu-York), Barbican (London), Het Concertgebouw (Amsterdam), Palais-des-Beauw-Arts (Brüssel), Santory Hall (Yaponiya), Beethoven Hall (Bonn) kimi möhtəşəm zallarda, Helsinki, Nyu-York, Berlin, Münxen və İstanbulun balet səhnələrində müvəffəqiyyətlə ifa olunur. Əsərlərindən ibarət 11 albom işıq üzü görmüşdür. Dünyanın məşhur Sony Classical və Nonesuch Records səsyazma kompaniyaları onunla əməkdaşlıq edir.

Dünyaşöhrətli bəstəkarımız məşhur musiqi kollektivləri ilə yeni yaradıcılıq uğurları əldə edib. Bu mənada 2023-cü ilin mart ayında baş tutan uğurlu bir konsert haqqında xarici mətbuatda işıq üzü görən "Firəngiz Əlizadə "İpək yolu"nda məqaləsindən bəzi fikirləri oxucularımıza da təqdim edirik:

"Müasir Almaniyanın ən tanınmış ifaçı qruplarından biri olan Mitteldeutsche Philarmony orkestrinə Maestro-Michael Horst rəhbərlik edir. Fəaliyyətinin əsas məqamının Maqdeburq şəhəri olmasına baxmayaraq, Almaniya, Polşa, Slovakiya, Makedoniya və digər Avropa ölkələrinin şəhərlərində daha çox qastrol səfərlərində olur. 10 ildən artıqdır ki, bu gözəl orkestrin repertuarında Firəngiz Əlizadənin əsərləri yer alır və bu "məhsuldar əməkdaşlıq kollektivin ifaçılıq imkanlarının palitrasını zənginləşdirir" - dirijor M.Horst öz müsahibələrində dəfələrlə qeyd etmişdir. Firəngiz Əlizadənin Drezden, Stendal və Varşavada nümayiş etdirilən "Kəsişmə - 2" əsəri repertuara daxil edilmişdir. Daha sonra orkestrin repertuarında azərbaycanlı müəllifin daha bir əsəri - "Dilogie" yer almışdır. Bir müddət əvvəl isə bu kollektivin xahişi ilə Firəngiz Əlizadə onlar üçün yeni əsər - uğurlu premyerası 2022-ci ildə müəllifin özünün iştirakı ilə Maqdeburqda baş tutan və sonra çoxsaylı qastrol konsertlərində dəfələrlə təkrarlanan "Sommer Eindruck" (Yay təəssüratları) əsərini yazmışdır.

Həmin mövsümdə məşhur alman zərb ifaçısı - Vera Seedorfun təşəbbüsü ilə Firəngiz Əlizadənin daha bir əsəri Mitteldeutsche Filarmonie - "Silk Road" konsertinin afişasında yer alıb. 1999-cu ildə əfsanəvi ingilis zərb aləti ifaçısı Evelyn Qlenni üçün yazılmış bu əsər ilk dəfə İsveçrədə möhtəşəm Beynəlxalq Musiqi Festivalında ifa edilmişdir. Əlbəttə bu misraları artırmaq da olar.

 Firəngiz xanımın dünya musiqiçiləri ilə növbəti yaradıcılıq görüşü bu yaxınlarda, yəni may ayında Almaniyada Kronos kollektivinin ifasında bəstəkarın əsərlərinin ifası ilə bağlıdır. Belə ki, 17-20 may tarixlərində Berlində keçirilən konsertlərdə məşhur Kronos kvarteti bəstəkarın əsərlərindən ibarət möhtəşəm proqram təqdim edərək sanki Firəngiz Əlizadə yaradıcılığından bir musiqi çələngi hazırlamışlar.

Azərbaycan bəstəkarlıq məktəbinin dünya təmsilçisi olan hörmətli sənətkarımız, görkəmli musiqi xadimi Firəngiz Əlizadəni öz söz çələngimizlə ad günü münasibəti ilə ürəkdən təbrik edir, ona cansağlığı və yaradıcılıq uğurları arzulayırıq.

Səadət TƏHMİRAZQIZI,

Sənətşünaslıq üzrə fəlsəfə doktoru,

Əməkdar mədəniyyət işçisi.