Azərbaycan dünya mədəni irsinə mühüm töhfələr verir
Mədəniyyət

Azərbaycan dünya mədəni irsinə mühüm töhfələr verir

15 Aprel Beynəlxalq Mədəniyyət Günüdür

Hər il aprelin 15-i Beynəlxalq Mədəniyyət Günü kimi qeyd edilir. Gəlin bu günün yaranma tarixinə qısaca nəzər salaq. 1935-ci il aprelin 15-də "Bədii, elmi müəssisə və tarixi abidələrin qorunması haqqında" Vaşinqton razılaşması imzalanıb. Bundan sonra 1998-ci ildə "Mədəniyyətin Müdafiəsi Beynəlxalq Liqası" adlı ictimai təşkilat bu tarixin Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunması təşəbbüsü ilə çıxış edib.

Mədəniyyət ucsuz-bucaqsız səmaya bənzəyir. Hər şey sizin yaradıcılığınız, xəyal dünyanızın genişliyindən asılıdır. Əlbəttə, hər xalqın özünəməxsus adət-ənənələri, mədəniyyəti mövcuddur. Qədim zamanlardan Azərbaycanın zəngin mədəniyyəti bəşəriyyətin mədəni inkişafına hər zaman öz töhfələrini verib. Azərbaycan istər öz muğamı, istərsə də xalçaçılıq və ipəkçiliyi ilə dünyada öz yeri, çəkisi olan ölkədir. Bu cəhətdən ölkəmiz mədəniyyətin ən böyük təbliğatçılarından olan UNESCO ilə sıx əməkdaşlıq edir. Mədəni irsi qoruyubsaxlamaq, gələcək nəsillərə layiqincə ötürmək Azərbaycan dövlətinin əsas məqsədidir. Ölkəmizdə hər il keçirilən festivallar, beynəlxalq sərgilər yaradıcı insanların istedadının nümayiş etdirilməsində mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan xalqı öz mənəvi dəyərlərini, mədəniyyətini tarixin ağır dövrlərində, çətin sınaqlar qarşısında qaldığı zamanlarda da qoruyub. Ümidsizlik, inamsızlıq bu xalqa hər zaman yad olub. Bu inamın təməli şübhəsiz ki, ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə qoyulmuşdur. Ulu öndər hər zaman mədəniyyətin önəmini, xalq üçün necə mühüm olduğunu vurğulayırdı. Bu sahədə atılmış addımlar, muzeylərin, tarixi yerlərin, kinoteatrların mütəmadi şəkildə yenilənməsi bunu deməyə əsas verir. Heydər Əliyev hər zaman xalqın inkişafını mədəniyyət və incəsənətdə gördüyünü bildirirdi: "Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir".

Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən mədəniyyətimizin inkişafı, onun dünyada təbliği istiqamətində işlər görüb. İndiyədək Milli Dram Teatrı, Rus Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Musiqili Teatr əsaslı təmir olunub, bununla yanaşı, bölgələrdə yeni teatr binaları tikilib və ən son texnologiyalarla təchiz olunub.

Həmçinin Tarix Muzeyi, Nizami adına Muzey, Muzey Mərkəzi təmir edilib, İncəsənət Muzeyinin iki binası, Xalça Muzeyi və regionlarda Tarix-Diyarşünaslıq muzeyləri tikilib. Birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşlərinin birində deyib: "Əlbəttə ki, sadəcə olaraq, mədəniyyət obyektlərinin tikintisi, təmiri bizim məqsədimizi tam ifadə edə bilməz. Biz bu məsələlərə daha da geniş kontekstdə baxmalıyıq. Ümumiyyətlə, mədəniyyətimizin gələcək inkişafı, cəmiyyətdə mövcud olan ovqat, gənc nəslin tərbiyə olunması, bütün bu məsələlər bir-biri ilə bağlıdır. Ölkə iqtisadi cəhətdən inkişaf edə bilər, siyasi cəhətdən də beynəlxalq mövqeləri güclü ola bilər, ancaq əgər biz xalqımızın əsas təməl prinsiplərini diqqətdən kənarda qoysaq, onda ölkəmizin uğurlu inkişafı dayanıqlı ola bilməz.

Mən düz bir ay bundan əvvəl gənclərlə görüşdə dedim ki, bizim gənc nəslimiz milli ruhda tərbiyə olunmalıdır. Ancaq bu halda Azərbaycan əbədi müstəqillik yolu ilə gedə bilər. Buna nail olmaq üçün, əlbəttə ki, əsas amil bizim mədəniyyətimizdir, incəsənətimizdir, ədəbiyyatımızdır, ana dilimizdir, milli təfəkkürümüzdür".

Bu gün Azərbaycanın bir çox mühüm təşkilatların tədbirlərinə, festivallara evsahibliyi etməsi ölkəmizin bu sahədə lider rolunda çıxış etməsinin təzahürləridir. Tədbirlərin açılışı zamanı milli musiqi və rəqslərimizin nümayiş etdirilməsi, milli musiqi alətlərində ifa edilən, insanın ruhunu dincəldən musiqilər dünya ictimaiyyətində mədəniyyətimiz haqqında müsbət rəy formalaşdırır. Mədəniyyətimizin qızıl tacı muğam isə necə deyərlər, Tanrı vergisi, bir möcüzədir. Gənclərimiz muğam sənətinin gözəlliyini dünyaya nümayiş etdirir və öz məlahətli səsləri ilə hər kəsi valeh edirlər.

Bu gün işğaldan azad edilən ərazilərimizdə mədəniyyət və incəsənət sahəsində atılan addımlar, keçirilən festivallar dünya ictimaiyyətinin gündəmindədir. "Xarıbülbül", "Könlüm keçir Qarabağdan" kimi festivallar mədəniyyətimizə marağı daha da artırır. Beynəlxalq "Xarıbülbül" festivalı çərçivəsində iştirakçılara ərazi bütövlüyümüzün bərpa olunmasını əks etdirən videoçarx təqdim edilib. Ən çox maraq cəlb edən məqam isə Cıdır düzündə hamının birlikdə "Qarabağ Azərbaycandır!" söyləməsi olub. Mədəniyyətimizin beşiyi olan doğma Şuşamızda hələ çox tədbirlər keçiriləcək, bundan sonra da Azərbaycan dünya mədəniyyətinə daha böyük töhfələr verəcəkdir.

Töhfə SƏMƏDOVA,

"Respublika".