Azərbaycan enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaşdır
Digər xəbərlər

Azərbaycan enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaşdır

"Biz artıq bu kontrakt əsasında sıx birləşirik böyük əməkdaşlığa qoşuluruq müstəqil Azərbaycan Respublikası öz taleyinin sahibi kimi, öz sərvətlərinin sahibi kimi bu əməkdaşlıqda dünya birliyində, dünya iqtisadiyyatı birliyində öz layiqli yerini tutacaq".

1994-cü ildə əsrin müqaviləsi imzalanarkən ulu öndər Heydər Əliyevin söylədiyi bu sözlər, həqiqətən də reallığa çevrildi. Ümummilli lider Heydər Əliyevin dünyanın inkişaf etmiş dövlətləri ilə imzaladığı müqavilə ölkəmizin davamlı və sürətli inkişaf tendensiyasının əsasını qoyub. Əsrin müqaviləsi ilə dünya iqtisadiyyatına inteqrasiya edən müstəqil Azərbaycan Respublikası etibarlı tərəfdaş kimi dünyanın ən qabaqcıl ölkələri ilə yeni platformalarda, yeni əməkdaşlıq formatlarında birgə çalışır. Dövlət başçısı İlham Əliyevin mühüm toplantılara dəvət olunması, imzalanan yeni müqavilələr ölkəmizin inkişafının bariz nümunəsidir.

Azərbaycanın neft və qaz ehiyatları ilə zəngin olması, illərdir ki, bu sahədə sərmayələri özünə cəlb edib. Lakin son illər qeyri-neft sektoru olan bərpaolunan enerjiyə daha çox üstünlük verilir. Azərbaycanda bərpaolunan enerjiyə qoyulan investisiyalar daxili tələbatı ödəmək üçün deyil, ixrac potensialını artırmaqdan ötrü nəzərdə tutulub. Azərbaycandan dünya bazarına, xam neft, təbii qaz, neft-kimya və enerji ixrac olunur.

Yanvar ayında "Masdar" və Azərbaycanın Dövlət Neft Şirkəti 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma imzaladılar. Orta müddətli layihələrə keçid əsasında enerji stansiyalarının gücü 10 qiqavata qədər artırılacaq. "Masdar" ilə aparılan əməkdaşlıq nəticəsində Azərbaycan yaşıl enerjinin çox mühüm ixracatçısına çevriləcək. Azərbaycan təkcə bununla kifayətlənməyəcək. Beynəlxalq enerji şirkətləri ilə imzalanan sazişlərlə külək və günəş enerjisinin həcmi 22 qiqavata qədər artırılacaq. 2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya "Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair" Saziş imzalandı. İmzalanmış Sazişə əsasən Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə Azərbaycandan 4 qiqavatlıq yaşıl enerji nəql olunacaq.

Enerji təhlükəsizliyi hər bir ölkə üçün əsas məsələdir və bu da Azərbaycanın enerji ixracında önəmini artırır. Yaxın illərdə istifadəyə verilən Cənub Qaz Dəhlizi vasitəsilə ixrac olunan təbii qazın həcminin artırılması nəzərdə tutulub. TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə, TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrədək genişlənməsi planlaşdırılır. Qərb ilə Rusiya arasındakı soyuq münasibətləri nəzərə alsaq, Avropanın alternativ enerji mənbələrinə ehtiyacının olduğu aydın görünür. Azərbaycan və Macarıstan arasında qaz təchizat sahəsində Anlaşma Memorandumunun imzalanması, mehriban və sıx əlaqələrin nəticəsidir. Ötən ilin ən vacib hadisəsi Bakıda, Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen ilə dövlət başçısı İlham Əliyev tərəfindən imzalanmış Strateji Tərəfdaşlıq haqqında Memorandum oldu. İmzalanmış Memoranduma əsasən Avropaya qaz ixracı 2027-ci ilə qədər iki dəfə artırılacaq.

Rusiya-Ukrayna müharibəsi Avrasiyada yeni yaranan nəqliyyat-logistika xəritəsində Azərbaycanı ön plana çıxarır. Ölkəmizin əlverişli coğrafi mövqeyə sahib olması, qədim İpək Yolunun üzərində yerləşməsi Çindən Avropaya yüklərin daşınması da Orta Dəhlizin önəmini daha da artırır. Azərbaycan limanlarının yük aşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişlənəcək. Xəzər dənizində ən böyük yük donanması Azərbaycana məxsusdur.

Hər il İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumuna dünya liderləri və tanınmış iş adamları dəvət alır. Bu dəfə də Dünya İqtisadi Forumuna Prezident İlham Əliyevin dəvət alması, həm özünün, həm də ölkəmizin nüfuzunun beynəlxalq aləmdə artan göstəricisidir. Prezident İlham Əliyev "Avrasiya Orta Dəhlizi: Yoldan magistrala" mövzusuda panel iclasında iştirak edərkən yeni layihələr haqqında danışıb: "Masdar"la imzalanmış razılaşma külək və günəş enerjisi hasilatını 2027-ci ilədək 4 qiqavat və 2037-ci ilədək 6 qiqavat artıracaq. "Fortescue Future Industries"lə imzalanmış Anlaşma Memorandumuna əsasən 12 qiqavatadək hasilat üçün Azərbaycana investisiya yatırılacaq. Bu, həqiqətən də enerji siyasətimizin yeni fəslidir. Neftlə, qazla bağlı işlər yekunlaşır. Elektrik enerjisi, yaşıl hidrogen və bütün bunlar bizim planlarımızda var". Dövlət başçısı İqtisadi Forum çərçivəsində tanınmış şirkət rəhbərləri, həmçinin Latviya, Litva, Xorvatiya, Monteneqro, Niderlandın dövlət və hökumət başçıları ilə görüş keçirib. Görüşlər zamanı Azərbaycanda aparılan iqtisadi islahatların biznes mühitinə müsbət təsiri qeyd olunub. Həmçinin işğaldan azad olunmuş ərazilərdə inşaat infrastrukturu sahəsində görülən genişmiqyaslı işlər haqqında müzakirələr aparılıb.

İmzalanmış yeni layihələr sırasında daha bir mühüm hadisə Rumıniya və Azərbaycan arasında qaz təchizatı haqqında saziş oldu. Beləliklə, Rumıniya Cənub Qaz Dəhlizində iştirak edən ölkələr sırasına qoşulub.

Dünyada gedən proseslərin sürətlə dəyişməsi, region və Avropada Azərbaycanın önəmini artıraraq iqtisadiyyatımızda yeni səhifələr açır.

Musa BAĞIRLI,

"Respublika".