Azərbaycan haqq-ədaləti bərpa etdi
Siyasət

Azərbaycan haqq-ədaləti bərpa etdi

Ölkəmiz bu missiyanı yerinə yetirərkən beynəlxalq hüquqa və BMT nizamnamələrinə əsaslandı

Tarix boyu dövlətlər arasında konfliktlər, müharibə və ya anlaşılmazlıqlar olub. Bu baxımdan tarazlığı qorumaq, sülhü bərpa etmək xüsusi diqqət tələb edən məsələdir. Elə buna görə də bir sıra təşkilat və qurumlar bu məsuliyyətli işi öz üzərlərinə götürüb. Lakin onların ədalət tərəzisi hər zaman düzgün işləmir.

1945-ci il İkinci Dünya müharibəsinin başa çatmasından sonra Birləşmiş Millətlər Təşkilatı təsis edilib. Təşkilatın fəaliyyəti ölkələr arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi, iqtisadi, sosial, mədəni və humanitar xarakterli beynəlxalq problemlərin həlli istiqamətində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi, insan hüquqları və əsas azadlıqlara hörmətin təşviq edilməsi istiqamətində qurulub. BMT-yə üzv dövlətlərin öhdəlikləri isə beynəlxalq mübahisələrin sülh yolu ilə həlli, təşkilata üzv olmayan dövlətlərin üzv dövlətlərin daxili işlərinə müdaxilə etməmə və BMT Nizamnaməsinə əsasən götürülmüş öhdəliklərin vicdanla yerinə yetirilməsi prinsiplərinə uyğundur. BMT-nin fəaliyyəti sülh və təhlükəsizlik, inkişaf və insan hüquqları üzərində qurulub.

Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvü kimi BMT Nizamnaməsində əks olunan əsas məqsədlərə davamlı olaraq töhfə verir. Ölkəmizin BMT ilə əməkdaşlığında ən ümdə məsələ Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı Ermənistanın işğalına son qoyulması və ölkənin ərazi bütövlüyünün təmin olunmasına beynəlxalq dəstək əldə etmək olub. Bu məqsədlə BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 822, 853, 874, 884 saylı qətnamələr qəbul edilib. Buna əsasən, Azərbaycanın ərazi bütövlüyü dəstəklənib və işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması tələb edilib. Həmçinin burada dayanıqlı atəşkəsin əldə olunması üçün bütün hərbi əməliyyatların və digər düşmənçilik aktlarının dayandırılması, işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın zəbt olunmuş digər rayonlarından çıxarılması əsas götürülüb.

Lakin BMT-nin "Qarabağ problemini həll etmək" adı altında qəbul etdiyi müvafiq qətnamələrdə qarşıya qoyulan məqsədlər öz həllini tapmadı. Belə ki, Təhlükəsizlik Şurası tərəfindən təcavüzkar dövlət müəyyən edilməmiş və onun işğal etdiyi ərazilərdən çıxması üçün tarix müəyyənləşdirilməmişdi.

Bununla yanaşı, təşkilat 1992-ci ildən etibarən münaqişəni nizama salmağı ATƏT-in keçmiş Minsk qrupunun öhdəliyinə verib. Bu müddət ərzində həmsədr dövlətlər ikili standart siyasəti yürüdərək Təhlükəsizlik Şurasının qətnamələrinin şərtsiz tələblərinə məhəl qoymayıb, Ermənistan Şura tərəfindən təcavüzkar dövlət kimi müəyyənləşdirilməyib. Bundan əlavə, Minsk qrupunun üzvləri də işğalçıların Azərbaycan torpaqlarından çıxarılması üçün heç bir məcburi tədbir görməyib. Əksinə, buna göz yumaraq, Ermənistanı öz forpostları etmək üçün addımlar atıblar. Münaqişənin həlli məsələsi irəli sürüldükdə isə ötəri və ya yalan vədlər verərək vaxtı uzadıblar. Halbuki, Minsk qrupunun əlində işğalçıların ərazilərimizdən çıxarılması üçün bir çox sübut və səbəb var idi. Qətnamələri əsas götürdükdə Ermənistan silahlı qüvvələrinin işğalda birbaşa iştirakı, Ermənistanın azərbaycanlıların soyqırımını həyata keçirməsi, hərbi əsir və girovları öz ərazisində saxlaması Minsk qrupunun Ermənistana təzyiq göstərməsi üçün yetərli səbəb idi. Bütün bunlarla yanaşı, işğalçı dövlətin Azərbaycana qarşı terror aktları, etnik təmizləmə siyasətini həyata keçirməsi, işğal edilən ərazilərə erməni əhalini qeyri-qanuni köçürməklə yanaşı, həmin ərazilərdə təbii ehtiyatları istismar etməsi, yer adlarını erməni adları ilə əvəz edib, abidələri süni surətdə erməniləşdirməsi, dağıtması, satması, "yandırılmış torpaq" taktikası və torpaqların əksər hissəsində mina basdırması qəbuledilməz idi. Halbuki Baş Məclisin 1974-cü il 3314 saylı "Təcavüzün müəyyən edilməsi barədə" qətnaməsinə əsasən BMT Təhlükəsizlik Şurasına Ermənistanı təcavüzkar dövlət kimi müəyyənləşdirməyə və ona qarşı sanksiyalar tətbiq etməyə əsas verirdi.

BMT Baş Məclisinin 2020-ci ildə baş tutan 75-ci sessiyasında çıxış edən Prezident İlham Əliyevin Ermənistanın təcavüzkar siyasəti, yeni işğallara hazırlaşması haqqında məlumatlarına və dünya dövlətlərini təcavüzkarı dayandırmağa çağırışlarına BMT Təhlükəsizlik Şurası və bu işdə məsul olan həmsədr dövlətlər, həm də Təhlükəsizlik Şurasının veto hüquqlu daimi üzvləri heç bir reaksiya verməyiblər. Əslində burada irəli sürülən iddialar əsasında Ermənistan dərhal bölgədən çıxarılmalı idi. Ölkə başçımız sessiyada Ermənistanın dəfələrlə üçüncü dövlətləri münaqişəyə cəlb etmək üçün dezinformasiyalar yaymasını, Ermənistanın baş nazirinin "Qarabağ Ermənistandır nöqtə" bəyanatının, müdafiə nazirinin "yeni ərazilər uğrunda yeni müharibə" çağırışının danışıqlara ciddi zərbə olmasını xüsusi vurğulayıb: "BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinə əsasən, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasının yenilənmiş zaman qrafiki tərtib edilməlidir. BMT-nin müvafiq təsisatları BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına və azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasına töhfə verməlidir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin vaxt məhdudiyyəti yoxdur. Həmin qətnamələr icra edilənə qədər qüvvədədir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin təhrif olunması isə qəbuledilməzdir".

Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" ifadəsinə dünya birliyinin cavabsız qalması göstərdi ki, Azərbaycan Respublikası Qarabağ münaqişəsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri özü reallaşdırmalıdır. Qeyd edək ki, dövlətimiz burada BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanıb. Orada qeyd olunub ki, Təhlükəsizlik Şurası beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq üçün lazımi tədbirləri görənə qədər BMT-yə üzv olan dövlət özünümüdafiə hüququndan istifadə edə bilər. Nəhayət, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmalarına cavab olaraq Azərbaycan Ordusu əks hücuma keçdi. 44 gün davam edən savaş nəticəsində doğma torpaqlarımız öz sahiblərinə qayıtdı. Noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş naziri müharibənin dayandırılması haqqında üçtərəfli bəyanat imzaladı.

Hazırda ölkələrimiz arasında sülh bərqərar olunmayıb. Bu məsələnin həlli istiqamətində ciddi addımlar atılır.

Bir sözlə, dünya təşkilatları öz öhdəliklərini yerinə yetirməsə də, Azərbaycan beynəlxalq hüquqa və BMT nizamnamələrinə əsaslanaraq haqq-ədaləti bərpa etdi.

Töhfə SƏMƏDOVA,

"Respublika".