Azərbaycan-Pakistan münasibətləri dostluğa və qardaşlığa əsaslanır
Digər xəbərlər

Azərbaycan-Pakistan münasibətləri dostluğa və qardaşlığa əsaslanır

Ölkəmiz Cənub-Şərqi Asiyanın nəhəng dövlətlərindən biri olan Pakistan ilə olduqca sıx münasibətlər qurmuşdur. Bu münasibətlər iki ölkə arasındakı əlaqələri qardaşlıq səviyyəsinə yüksəltmişdir. Bununla yanaşı, ölkə liderlərinin davamlı səfərləri və görüşlər bu fəaliyyəti daha da möhkəmləndirir. Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdən biri də Pakistan İslam Respublikasıdır. Pakistan 12 dekabr 1991-ci ildə rəsmi olaraq Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanımışdır. Qardaş ölkə 9 iyun 1992-ci il tarixində Azərbaycanla diplomatik əlaqələrin yaradılması haqqında qərar qəbul etmiş, 12 mart 1993-cü ildə Bakı şəhərində səfirliyini açmışdır.

Dövlət müstəqilliyimizin ilk illərindən Ümummilli Lider Heydər Əliyev Pakistan-Azərbaycan münasibətlərinə böyük önəm verirdi. Görkəmli dövlət xadimi iki ölkə arasında olan münasibətləri belə səciyyələndirirdi: "Pakistan ilə Azərbaycan arasında çox yaxşı əlaqələr, dostluq əlaqələri var. Bu əlaqələr keçmiş tarixi ənənələrimizin üzərində qurulub". Pakistan İslam Respublikası islam dünyasının ən fəal, nüfuzlu və hərbi-siyasi baxımdan güclü dövlətlərindən biridir. ABŞ ilə strateji tərəfdaşlıq münasibətlərinə malik olan bu ölkə həm də dünya siyasətində önəmli rol oynamaqdadır. Pakistan dünyada atom silahına və raket texnologiyasına malik olan yeganə müsəlman dövlətidir.

Ümumiyyətlə, Azərbaycan-Pakistan münasibətlərinin inkişafına Ümummilli Lider Heydər Əliyev böyük töhfələr vermişdir. Bu gün iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə uğurla davam etdirilir. Dost və qardaş ölkə Pakistan ilə əlaqələrimizin yeni müstəviyə çıxması heç şübhəsiz, Qarabağ münaqişəsi ilə bağlıdır. Belə ki, Pakistan Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmamış, onu bir dövlət kimi tanımamışdır. Qeyd etmək lazımdır ki, Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Xocalı faciəsini soyqırımı kimi tanıyaraq ölkəmizlə həmrəyliyini bir daha sübut etmişdir. 44 günlük İkinci Qarabağ müharibəsi dövründə yaddaqalan məqamlardan biri də ölkə boyu hər yerdə - küçələrdə, binalarda, müxtəlif tədbirlərdə Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı, Pakistanın bayrağının dalğalanması da ikitərəfli əlaqələrin nə səviyyədə olduğunu bariz şəkildə göstərir.

İyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizə rəsmi səfərə gələn Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə dövlət başçımızın həm təkbətək, həm də geniş tərkibdə görüşü keçirildi. Dövlət liderlərinin mətbuata bəyanatlarında əsas xətt dostluq, qardaşlıq üzərində qurulmuşdu. Belə ki, Məhəmməd Şahbaz Şərif nitqində Azərbaycan ilə Ermənistan arasındakı gərginliyə toxunaraq ölkəmizi dəstəklədiyini bir daha bütün dünyaya bəyan etdi: "Bildiyiniz kimi, Pakistan Ermənistanla diplomatik münasibətlər qurmayan bir neçə ölkədən biridir və bu, bizim mənəvi öhdəliyimizdir. Siz yalnız Ermənistanla sülh sazişini imzalayandan sonra bizə bir mesaj versəniz, bu məsələyə yenidən baxa bilərik. Bu məsələdə də biz birmənalı olaraq Azərbaycanı dəstəkləyirik". Bu ifadələr özlüyündə əsl qardaşlıq və həmrəylik nümunəsidir və iki ölkə arasındakı əlaqələrin inkişafını bariz şəkildə göstərir. Prezident İlham Əliyev də öz çıxışında Azərbaycan-Pakistan əlaqələrini yüksək qiymətləndirərək iki ölkə arasındakı doğmalığı ifadə etdi: "Azərbaycan xalqı çox gözəl bilir ki, 44 günlük müharibə dövründə kim bizimlə bir yerdə idi. Bu, Türkiyə və Pakistan idi. Hər iki ölkə müharibə zamanı ciddi siyasi dəstək nümayiş etdirdi". Bununla yanaşı, ölkə başçısı çıxışında Azərbaycan ilə Pakistan arasında ticarət, sərmayə, enerji və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi barədə ilkin razılığın əldə olunduğunu, ticarət həcminin artırılması üçün daha ciddi səylər göstərildiyini bildirib. Xüsusilə, enerji sahəsində böyük perspektivlərin olması qardaş ölkələr arasındakı səmərəli əməkdaşlığın əhatə dairəsini genişləndirir. Digər tərəfdən, müdafiə sənayesi sahəsi də ən vacib istiqamətlərdən biridir. Bu xüsusda, Prezident İlham Əliyev bəyan etdi ki, birgə hərbi təlimlərin sayının artırılması məsələsi müzakirə edilib və buna ehtiyac var.

Müharibənin başladığı ilk gündən bəri Azərbaycanın yanında olduğunu bildirən Pakistan dövləti cəbhədə vəziyyətin gərginləşdiyi gün - sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsində növbəti hərbi təxribatını pisləyən bəyanat yaymışdı. Pakistan Xarici İşlər Nazirliyinin həmin bəyanatında deyilirdi: "Erməni silahlı qüvvələri tərəfindən sentyabrın 27-də Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının kəndlərinin mülki əhalisinin intensiv atəşə tutulmasını qınayırıq və bu, növbəti təxribatdır. Bu, bütün bölgənin sülh və təhlükəsizliyi üçün ciddi təhdiddir. Pakistan qardaş Azərbaycan xalqının yanındadır və onun ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı olan qətnamələrinə əsaslanan mövqeyini dəstəkləyirik".

Vətən müharibəsindəki tarixi qələbəmiz, Ermənistanın 30 il davam edən işğal siyasətinə son qoyulması və ərazilərin azad edilməsi Cənubi Qafqazın geosiyasətində yeni siyasi konfiqurasiya formalaşdırmışdır. Azərbaycan Qarabağın dirçəldilməsində özünün daxili resursları ilə yanaşı, Vətən müharibəsində ona siyasi və mənəvi dəstəyini ifadə edən dost dövlətlərlə işğaldan azad etdiyi ərazilərdə müxtəlif iqtisadi layihələrin reallaşmasında sərmayələrin cəlb edilməsində maraqlı olduğunu bəyan edib. Məhz bu aspektdən yanaşsaq Azərbaycanın dost Pakistan dövləti ilə münasibətləri keyfiyyətcə daha yüksək səviyyədədir.

Azərbaycan bütün məsələlərdə Pakistanın mövqeyini dəstəkləyir. Hər iki dövlət bir çox beynəlxalq platformalarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini müəyyən məsələlərdə qeyd-şərtsiz dəstəkləyirlər. İki dost dövlət müdafiə, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, tekstil və digər sahələrdə əməkdaşlıq edirlər. Eyni zamanda, Heydər Əliyev Fondunun bu ölkədə həyata keçirdiyi bir sıra humanitar və xeyriyyə xarakterli layihələr də ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə kimi dəyərləndirilir.

Nurlan ABDALOV,

"Respublika".