AZƏRBAYCAN TƏHSİLİNİN HEYDƏR ƏLİYEV MƏRHƏLƏSİ
Digər xəbərlər

AZƏRBAYCAN TƏHSİLİNİN HEYDƏR ƏLİYEV MƏRHƏLƏSİ

Azərbaycan təhsilinin son yarım əsrlik dövrünü ümumən dörd mərhələdə təsnifatlandırmaq olar: Azərbaycan təhsilinin intibah dövrü; Azərbaycan təhsili 1983-1987-ci illərdə; milli təhsilin tənəzzül dövrü (1988-1993-cü illər) və müstəqil Azərbaycanda yeni təhsil quruculuğu dövrü (1993-cü ildən sonrakı dövr).

Bu dövrlərdən ikisi ümummilli liderin ölkəmizə rəhbərlik etdiyi illərə düşür: birinci dövr Heydər Əliyevin Azərbaycan KP MK-nın I katibi olduğu illəri (1969-1982), ikinci dövr isə ulu öndərin respublika prezidentliyi dövrünü (1993-2003) əhatə edir.

Azərbaycan təhsilinin son yarım əsrlik dövrünü ümumən dörd mərhələdə təsnifatlandırmaq olar: Azərbaycan təhsilinin intibah dövrü; Azərbaycan təhsili 1983-1987-ci illərdə; milli təhsilin tənəzzül dövrü (1988-1993-cü illər) və müstəqil Azərbaycanda yeni təhsil quruculuğu dövrü (1993-cü ildən sonrakı dövr).

Bu dövrlərdən ikisi ümummilli liderin ölkəmizə rəhbərlik etdiyi illərə düşür: birinci dövr Heydər Əliyevin Azərbaycan KP MK-nın I katibi olduğu illəri (1969-1982), ikinci dövr isə ulu öndərin respublika prezidentliyi dövrünü (1993-2003) əhatə edir. Azərbaycan təhsilinin son yarım əsrlik yoluna elmi cəhətdən diqqət yetirdikdə isə iki tendensiya müşahidə olunur: 1 - strateji nəzəriyyə daşıyan akademik bilik. Hansı ki, Azərbaycanın sovetlərin hakimiyyəti dövründə olduğu illərdə təhsilin inkişafı bu yönümdə aparılırdı. 2 - praktiki bacarıqlara yiyələnmə. Bu mərhələ Azərbaycan təhsilində xüsusilə müstəqillik illərində daha qabarıq müşahidə olunmağa başlayıb. Tale elə gətirib ki, ümummilli lider son yarım əsrdə Azərbaycanın təhsil siyasətində müşahidə olunan hər iki tendensiyanın həm şahidi, həm də həyata keçirilməsində bilavasitə hərəkətverici qüvvəsi olub.

Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illəri Azərbaycan təhsilinin təkamül dövrü, 1993-2003-cü illəri isə proqramlaşdırılmış islahatlar dövrü kimi səciyyələndirə bilərik. Həmin proqram xarakterli islahatlar bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməkdədir.

Özünün milli dövlət quruculuğu strategiyasında təhsili və elmi dövlətçiliyin təməl prinsipləri qismində qəbul edən ulu öndər deyirdi: "Təhsil - millətin gələcəyidir". Bu münasibəti ulu öndərin "Təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrəndikdən sonra prioritet sahələr müəyyən etməklə müəyyənləşdirmək və həll etmək mümkündür" qənaətində aydın müşahidə edir, görürük.

Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illər keçmiş SSRİ məkanında təhsildə aparılan islahatlarla bir dövrə təsadüf edirdi. Daha dəqiq desək, onillik təhsil sistemi 11 illik təhsil ilə əvəzlənirdi. Başqa sözlə, ibtidai təhsil dörd ildən üç ilə endirilir, natamam təhsil 9, tam orta təhsil 11 illik olurdu.

Bu dövrdə imzalanan iki qərar mövcud problemlərin aradan qaldırılmasında mühüm rol oynadı. 1972-ci ildə "Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəblərini daha da inkişaf etdirmək haqqında" qərar respublikada ümumtəhsil məktəbləri şəbəkəsinin üç dəfə genişləndirilərək 765-dən 2117-yə çatdırılması ilə nəticələndi. 1973-cü ildə "Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında" qərarın qəbulu isə gəncliyin tam orta təhsil almalarının qarşısına sədd çəkən problemlərin aradan qaldırılmasına yardımçı oldu. Qərardan sonra ucqar kəndlərimizdə natamam, yaxud tam orta təhsil verən yeni ümumtəhsil məktəbləri fəaliyyətə başladı, minlərlə azyaşlı təhsilə cəlb olundu, yüzlərlə müəllim yeni iş yerlərinə dəvət aldı. Məqsəd respublikada kütləvi savadlılığa, yetişməkdə olan nəslin hamılıqla orta təhsil səviyyəsinə yiyələnmələrinə və digər pillələrdə təhsillərini davam etdirməklərinə nail olmaq idi.

XX əsrin 70-ci illərinin statistikasına diqqət yetirsək görərik ki, Şuşa şəhərində 875 yerlik orta məktəb binası, 375 yerlik xüsusi internat, rayonun azərbaycanlılar yaşayan Zarıslı, Xəlfəli, Şırlan, Səfixanlar kəndlərində 275, Malıbəyli kəndində 625 yerlik orta məktəb, Turşsu kəndində səkkizillik məktəb məhz bu dövrdə istifadəyə verilmişdir.

Ağdərənin azərbaycanlılar yaşayan Umudlu kəndində 625, Çərəkdar, Ortapaya və Manikli kəndlərinin hər birində 475 yerlik, Xatunbəyli, Sırxavənd və Narınclar kəndlərinin hər birində 275 yerlik məktəb, Xocavənd rayonunun Əmirallar, Qaradağlı, Tuğ və Edilli kəndlərinin hər birində 625 yerlik məktəblərin inşası, yeni yaradılmış təhsil ocaqlarını kadrlarla təmin etmək məqsədilə 1973-cü ildə Xankəndidə Pedaqoji İnstitutun açılması ulu öndərin Qarabağ bölgəsinin azərbaycanlı sakinlərinin təhsilinə göstərdiyi diqqətin təzahürü idi.

Gənclik üçün bu imkanların yaradılmasının və məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsinin nəticəsi olaraq 1980-ci ildə orta təhsil alanların sayı 710 min nəfərə qədər yüksəldi, səkkizillik təhsildən tədricən onillik təhsilə keçid üçün zəmin yarandı. XX əsrin 70-80-ci illərində Azərbay-canda yalnız ümumtəhsil məktəblərinin deyil, ali təhsil müəssisələrinin də şəbəkəsi xeyli genişləndirildi. Başqa sözlə, fəaliyyətdə olan ali təhsil müəssisələrinin sırasına 5 yeni ali təhsil ocağı, çox sayda ixtisaslı kafedralar, problem laboratoriyaları açıldı. Azərbaycan İnşaat Mühəndisləri İnstitutu (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti), Gəncədə Azərbaycan Texnologiya İnstitutu (hazırkı Azərbaycan Texnologiya Universiteti), Gəncə Pedaqoji İnstitutu, Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu (hazırkı Bakı Slavyan Universiteti), C.Naxçıvanski adına Hərbi Məktəb 1971-ci ildən fəaliyyətə başladı. Paralel olaraq indiki BDU-nun Şərqşünaslıq fakültəsi üçün yeni bina və tədris korpuslarının tikilib istifadəyə verilməsini də bu sıraya daxil etmək olar.

Ümummilli liderin təhsilin inkişafına göstərdiyi qayğıdan bəhs edərkən, 1970-1980-ci illərdə Sovet İttifaqının nüfuzlu ali təhsil müəssisələrinə azərbaycanlı gənclərin göndərilməsi kimi mühüm bir məsələni də unutmaq olmaz. Sənədlərə istinadən qeyd edə bilərik ki, Heydər Əliyev Azərbaycan KP MK-nın I katibi təyin olunduğu ilk 6 ay ərzində 50, 1969-1975-ci illərdə ümumilikdə 600, 1977-1978-ci illərdə 800-900, ümumi götürdükdə isə Moskvaya SSRİ Baş nazirinin I müavini vəzifəsinə dəvət olunana qədərki dövrədək (1969-1982-ci illərdə) 15 mindən çox azərbaycanlı gəncin keçmiş SSRİ-nin qabaqcıl ali təhsil müəssisələrində təhsil almağa göndərilməsinə müvəffəq ola bilmişdi.

Baxmayaraq ki, SSRİ-nin ilhaqında olduğu illərdə Azərbaycan rəhbərliyi müstəqil qərarlar qəbul etmək imkanında deyildi, ümummilli lider 1971-ci ildə C.Naxçıvanski adına orta təhsil verən Hərbi Liseyin, 1981-ci ildə isə ADPİ-də (indiki ADPU-da) İbtidai Hərbi və Fiziki Təlim fakültəsinin (indi Fiziki Tərbiyə və Çağırışaqədər Hazırlığın Tədrisi Texnologiyası kafedrası) fəaliyyətə başlamasına müvəffəq ola bilmişdi. Bütün bunlar isə gərgin zəhmət sayəsində mümkün olmuşdu.

"Milli müstəqilliyimizin əbədiliyi və demokratiyanın inkişaf yolu məhz təhsildən keçir" söyləyən ümummilli lider ölkəmizin müstəqilliyi dövründə də Azərbaycanımız üçün işləyib hazırladığı strategiyada milli dövlətçilik və hakimiyyət strukturlarının yaradılması və möhkəmləndirilməsi işi ilə yanaşı, milli təhsil siyasətinin həyata keçirilməsinə ciddi önəm vermiş, təhsil müəssisələrinə diqqətin artırılmasını, məktəblərin maddi-texniki bazasının gücləndirilməsini, xüsusilə qaçqın uşaqlarının təhsil aldıqları məktəblərin dərsliklərlə təminatı məsələlərini daim nəzarətdə saxlamışdır.

Heydər Əliyevin 2000-ci il iyunun 13-də "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdiril-məsi haqqında" imzaladığı fərman xüsusi diqqət çəkir. Fərman özlüyündə təhsil sisteminin əsaslı şəkildə inki-şafına, idarəetmənin müasir prinsiplər əsasında təşkilinə, Azərbaycan təhsilinin beynəlxalq standartlara uyğun-laşdırılmasına, həmçinin dünya təhsil sisteminə inteqrasiyasına zəmin yaratmışdır. 2002-ci il oktyabrın 4-də ölkə rəhbərinin "Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmlən-dirilməsi haqqında" sərəncamı orta təhsil müəssisələrində təhsil şəraitinin və təlim mühitinin yenilənməsində ciddi dönüşə, həm də nəinki təhsil siyasətinin həyata keçirilməsində, ümumən ölkə təsərrüfatının bütün sahələrində inkişafa gətirib çıxarmışdır.

Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövründən (1993-2003-cü illər) bəhs edərkən məcburi köçkünlərin təhsil problemləri kimi bir ciddi problemdən yan keçmək olmaz.

Faktlara müraciət edək:

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın rayonlarını işğalı nəticəsində Ağdamın Musiqi, Kənd Təsərrüfatı, Kənd Təsərrüfatı Mexanikləşdirmə və Elektrikləşdirməsi texnikumları, 9 ümumtəhsil və internat məktəbi, iki peşə məktəbi və s.; Şuşa şəhərinin 23 ümumtəhsil məktəbi, 6 məktəbəqədər uşaq müəssisəsi, 7 məktəbəqədər uşaq tərbiyə müəssisəsi, peşə-ixtisas məktəbi, Mədəni-Maarif, Kənd Təsərrüfatı, M.M.Nəvvab adına Musiqi texnikumları, 2 saylı Bakı Baza Tibb Texnikumunun filialı, həmçinin ADPU-nun, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və AMEA-nın Nəsimi adına Ədəbiyyat İnstitutunun filialları və Realnı Məktəb dağıdılmışdı. Qubadlı rayonunda 33 tam orta, 16 ümumi orta, 12 ibtidai məktəb işğala məruz qalmış, 6000 nəfərə qədər şagird, 1317 pedaqoji işçi təhsildən yayınmağa məcbur olmuşdu. Laçın rayonunda 102 ümumtəhsil məktəbi, Füzuli, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Xocalı, Xocavənd rayonlarının çoxsaylı təhsil müəssisələri, ümumilikdə yüzlərlə təhsil müəssisəsi, o cümlədən işğal edilmiş rayonlarda 855 məktəbəqədər uşaq müəssisəsi, 693 ümumtəhsil məktəbi, 85 musiqi məktəbi, 4 texnikum və 1 ali məktəb binası qarət edilib dağıdılmış, minlərlə şagird, tələbə və müəllim təhsildən uzaqlaşmağa məcbur olmuşdu.

Uşaq və yeniyetmələrin təhsil problemlərinin həlli ilə bağlı dövlət başçısının səyləri nəticəsində çadır şəhərciklərində olsa belə məktəblərin fəaliyyəti təşkil edilmiş, pedaqoji kadrların qorunması sahəsində dövlət və hökumət orqanları tərəfindən operativ addımlar atılmışdır. Bu problemin kəskinliyini azaltmaq və tədricən həll etmək üçün məsələ daim diqqət mərkəzində saxlanılmışdır. Zaman keçdi, 200 yeni məktəb binası tikilərək məcburi köçkünlərin istifadəsinə verildi, onların müvəqqəti məskunlaşdığı rayon və şəhərlərdə 700-dən çox ümumtəhsil məktəbi təşkil olundu.

Ulu öndərin göstərişi ilə respublikamızda milli təhsil konsepsiyasının həyata keçirilməsinə başlandı. 1998-ci il martın 30-da Prezidentin müvafiq sərəncamı ilə Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyası yaradıldı. 1999-cu il iyunun 15-də dövlət başçısı tərəfindən təsdiq edilən Təhsil İslahatı Proqramında milli təhsil sisteminin strategiyası və konsepsiyası müəyyənləşdirildi. Prezident Heydər Əliyev tərəfindən 2000-ci il iyunun 13-də "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" imzalanan fərman, eləcə də digər sərəncamlar qaçqınların və məcburi köçkünlərin təhsil problemlərinin həllinə müsbət təsir göstərirdi.

1998-ci ildə "Azərbaycan Respublikasının vətəndaşları haqqında", 1999-cu ildə "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında", "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunların qüvvəyə minməsi dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqından, eləcə də kommunal və digər xidmətlərin ödənişindən azad edilməsinə şərait yaratdı. Məcburi köçkünlərin peşələrə yiyələnmələri, zamanında işlə təmin olunmaları üçün bir sıra layihələr həyata keçirildi.

2002-ci il oktyabrın 4-də Prezident Heydər Əliyev "Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında" fərman imzaladı. Fərmandan irəli gələn vəzifələr əsasında 2003-2007-ci illərdə məktəb tikintisi, təmiri, təhsil ocaqlarının müasir tədris avadanlığı ilə təchiz olunması üçün konkret tədbirlər görüldü ki, bu da məcburi köçkünlərin oxuduqları məktəblərin maddi-texniki bazasının möhkəmlənməsinə öz təsirini göstərdi. Belə ki, məhz Heydər Əliyevin göstərişi ilə 1993-2003-cü illərdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəldilən vəsaitin həcmi 90 dəfə, yemək xərcləri üçün müavinət 60 dəfə, kommunal xidmət xərcləri 120 dəfə artırılmışdı.

Ulu öndərin 2001-ci il 22 avqust və 7 sentyabr, həmçinin 2002-ci il 13 may tarixli fərmanlarına əsasən Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına ümumi sahəsi 392 min kvadratmetr olan 6410 fərdi yaşayış evi ilə yanaşı, 3150 yerlik 18 məktəb, 16 tibb məntəqəsi, 18 uşaq bağçası, 75 çarpayılıq xəstəxana və həyat üçün vacib olan digər sosial obyektlər tikilib istifadəyə verildi.

Bu layihələrin həyata keçirilməsi təbii ki, qaçqın və məcburi köçkünlərin humanitar problemlərinin həllinə, eləcə də onların təhsil şəraitinin yaxşılaşdırılmasına təsirsiz qalmırdı. Köçkün məktəblərinin texniki bazaları güclənir, şagirdlərin dərsliklərlə və məktəbli ləvazimatı ilə təmin olunması onların təhsildən yayınmasının qarşısını alırdı.

Qaçqın və məcburi köçkünlərin sosial və təhsil problemlərini həll etməklə yanaşı, ulu öndərin əsas qayəsi işğal altındakı torpaqlarımızın azad edilməsi, köçkünlük həyatı yaşayan əhalinin öz yurdlarına qaytarılması idi. Müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyətə başlayarkən andiçmə mərasimindəki çıxışı zamanı Heydər Əliyev bu barədə demişdir: "Bizim ən əsas vəzifəmiz respublikanı müharibə vəziyyətindən çıxarmaq, işğal olunmuş torpaqların hamısını geri qaytarmaq, Azərbaycanın ərazi bütövlüyünü, müstəqil respublikanın sərhədlərinin təhlükəsizliyini təmin etmək, yurd-yuvasından didərgin düşmüş soydaşlarımızı, bacılarımızı, qardaşlarımızı öz doğma yerlərinə qaytarmaqdır".

Azərbaycanda təhsil sahəsində aparılan islahatlarda Heydər Əliyev strategiyası və taktikasının nə qədər fundamental konsepsiya olduğu illər ötdükcə daha aydın görünməkdədir. Günümüzün reallıqları bu qənaətimizin yəqinliyinin təsdiqidir.

Aparılan araşdırmalardan göründüyü kimi, XX əsrin 70-ci illərindən üzü bəri - yarım əsrdən artıq zaman çərçivəsində respublikamızda bütün sahələr, o cümlədən Azərbaycan təhsili və elmi də Heydər Əliyev ideologiyası ilə uğurlu yaşamaqdadır.

Ədalət FƏRƏCOV,

YAP Veteranlar Şurasının üzvü,

Prezident təqaüdçüsü, “91-lər”in üzvü, professor.