Azərbaycan tolerantlıq və multikulturalizm ənənələrinə sadiq ölkədir
Mədəniyyət

Azərbaycan tolerantlıq və multikulturalizm ənənələrinə sadiq ölkədir

Müstəqil Azərbaycan dövləti multikultural dəyərlər əsasında inkişaf edən zəngin milli-mədəni dəyərlərə malik bir ölkədir. Multikulturalizm ənənələri xalqımızın həyat tərzi olaraq kökü qədim dövrlərə gedib çıxır. Qeyd olunmalıdır ki, müstəqilliyin bərpasından sonra multikulturalizmin inkişafı üçün xüsusi dövlət dəstəyi gücləndirilib. Bu gün Azərbaycanda müxtəlif xalqların nümayəndələri qarşılıqlı dostluq və əməkdaşlıq şəraitində yaşayır, ölkənin inkişafında iştirak edirlər.

Ölkəmizdə multikulturalizmin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanı vətəndaş müharibəsindən xilas etməklə yanaşı, ölkəmizdə mövcud olan bütün milli azlıqları vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdirməsi bunun əsas göstəricisidir. Təbii ki, bu, uğurlu xarici və daxili siyasətin nəticəsidir ki, həmin vaxtlardan etibarən bu günə qədər Azərbaycanda irqindən, dinindən, dilindən və milliyyətindən asılı olmayaraq bütün xalqlar rifah və firavanlıq şəraitində yaşayır.

Ümummilli liderin "Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir" fikirləri Böyük İpək yolu üzərində, mədəniyyətlərin qovuşduğu yerdə təşəkkül tapmış Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrinə sadiq ölkə olduğunu bildirməklə ölkəmizdə bütün xalqların bərabər hüquqlara malik olduğunun təsdiqidir. Bütün bu hüquqlar 1995-ci ildə ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi altında araya-ərsəyə gəlmiş Ali Qanunumuzda - Azərbaycan Respublikasının Konstitusiyasında da öz əksini tapmış və beləliklə, ölkəmizdə dövlət-din münasibətlərinin yeni istiqaməti formalaşmış, respublikamızda milli-mənəvi tolerantlığın, multikulturalizmin daha da inkişaf etdirilməsi üçün hüquqi baza yaradılmışdır.

Respublikamızda azərbaycanlılarla yanaşı, talışlar, tatlar, tatarlar, ləzgilər, avarlar, yəhudilər, udilər, saxurlar, xınalıqlılar, qrızlar, buduqlar, kürdlər və sair kimi milli və etnik azlıqlar əsrlər boyu mehribancasına, dinc yanaşı yaşamışlar. Azərbaycan Respublikası nəinki Qafqazda, hətta bütün dünyada xalqların, millətlərin birgəyaşayış nümunəsi kimi tanınır. Bütün digər millətlərin və milli azlıqların nümayəndələri hər bir işdə azərbaycanlılarla çiyin-çiyinə çalışır - həm sevinci, həm də ağrı-acını qardaşcasına bölüşürlər. Təsadüfi deyil ki, Qarabağ müharibəsi dövründə onlar Vətən uğrunda azərbaycanlılarla birgə erməni işğalçılarına qarşı qəhrəmanlıqla mübarizə aparmış, şəhidlik zirvəsinə yüksəlmiş və qazi olmuşlar. Ölkəmizdə olan multikulturalizm və tolerantlıq ənənələri onlara Azərbaycanı həqiqi vətən məhəbbəti ilə sevmək şansı vermişdir.

Azərbaycan sülhsevər, qədim sivilizasiyaya, mədəniyyətə və tarixə malik olan bir ölkədir. Ölkəmizdə dini və ya milli zəmində heç bir zaman qarşıdurma olmayıb, müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin nümayəndələri sülh, qarşılıqlı hörmət şəraitində yaşayıblar.

Bu gün Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin məqsədlərindən biri də mədəniyyətlərin bir-birinə inteqrasiyası, uğurlu, sağlam və firavan cəmiyyətin formalaşdırılmasının əsaslarının müəyyənləşdirilməsidir. Azərbaycanda dövlət səviyyəsində multikulturalizm siyasəti yürüdülür, müxtəlif beynəlxalq və yerli əhəmiyyətli tədbirlər təşkil olunur.

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bildirmişdir ki, Azərbaycan bölgədə multikulturalizm dəyərlərinin üstünlük təşkil etməsinin tərəfdarıdır. Ölkə başçısı tolerantlığın və multikulturalizmin artıq dövlət siyasətinə və cəmiyyətin həyat tərzinə çevrildiyinə xüsusi önəm verir.

 Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələri ölkəmizin aparıcı partiyası olan Yeni Azərbaycan Partiyasının Nizamnaməsində də öz əksini tapmışdır. Belə ki, "Yeni Azərbaycan Partiyasının ali məqsədi irqindən, milliyyətindən, sosial mənşəyindən, dilindən və dinindən asılı olmayaraq şəxsiyyətin hüquq və azadlıqlarının hərtərəfli və etibarlı müdafiəsinin təmin edilməsi, qanunçuluq, möhkəm əmin-amanlıq, ictimai həmrəylik və firavan həyat üzərində qurulmuş vətəndaş cəmiyyətinin formalaşdırılması və insanların müstəqil dövlətçilik ətrafında birləşdirilməsindən ibarətdir". Partiyanın vəzifələri sırasına daxil olan əsas məsələlərdən biri də məhz "millətlərin, etnik qrupların, mədəniyyətlərin və dinlərin azad inkişafına nail olmaqdır". YAP özünün bütün fəaliyyəti boyu multikulturalizm ideyalarına sadiq qalmış, onun inkişafı üçün əlində olan bütün imkanları ortaya qoymuş və hər sahədə olduğu kimi burada da böyük uğurlara imza atmışdır. Təsadüfi deyil ki, 800 minə yaxın YAP üzvlərinin 20 minə qədəri digər millətlərin nümayəndələridir. Bu mənada, YAP multikulturalizmin, tolerantlığın təcəssümüdür və burada Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri təmsil olunmuşlar. Partiya sıralarında azərbaycanlılarla yanaşı, digər xalqların nümayəndələri də var.

 Azərbaycanda bütün xalqlar və dinlərin nümayəndələri ta qədim zamanlardan bəri bir ailə kimi yaşayırlar. Prezident İlham Əliyev də bütün mötəbər tədbirlərdə çıxışı zamanı qeyd edir ki, ölkəmizdə milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması tarixi faktdır və bu, Azərbaycan xalqının güc mənbəyidir: "Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir". Bu fikirlər Prezident İlham Əliyevin multikultural və tolerant dəyərlərə verdiyi ciddi önəmi özündə əks etdirir. Zəngin tarixi və mədəni irsi, dini və sosial tolerantlıq ənənələri olan Azərbaycan hazırda, mədəniyyətlərarası dialoq, dünya mədəniyyətlərinin və sivilizasiyaların qarşılıqlı əməkdaşlıq məkanına uğurla inteqrasiya edən, eyni zamanda özünün bu sahədəki zəngin təcrübəsini dünya ictimaiyyətinə təqdim edən bir dövlətə çevrilib. Bu gün multikulturalizmin alternativi yoxdur və mənəvi dəyərlər baxımından ölkəmizin bu sahədə liderə çevrilməsi və dünya xalqları üçün əvəzsiz nümunə kimi qəbul olunması qürurvericidir.

 Ölkəmizin və xalqımızın sahib olduğu multikultural dəyərlərin, tolerantlıq ənənələrinin beynəlxalq ictimaiyyətə təqdim edilməsində Azərbaycan dövləti ilə yanaşı, dünyada maddi və qeyri-maddi irsin qorunmasında və təbliğində mühüm işlər görən Heydər Əliyev Fondunun da böyük əməyi var. Bu gün Heydər Əliyev Fondu Azərbaycanın multikultural ənənələrinin qorunub saxlanmasında əhəmiyyətli layihələr həyata keçirir. Fondun düşünülmüş, sistemli fəaliyyətində multikulturalizmin mühüm aspektlərindən biri olan mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsi xüsusi yer tutur.

 Bir sözlə, müasir dövrdə Azərbaycan özünün multikulturalizm siyasəti ilə dünya dövlətlərinə nümunədir. Bu gün qətiyyətlə demək olar ki, Azərbaycan multikulturalizmi ölkəmizin siyasi simasının əsas faktorlarındandır.

 M.MİRZƏ,

 "Respublika".