MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ
Mədəniyyət

MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

Salyut mehmanxanası

Sovet futuristik modernizminin şah əsəri olan Salyut mehmanxanasının binası 1980-ci illərin əvvəlində inşa olunub. Uzunömürlü ağacların olduğu geniş ərazidə tikilən mehmanxana Dnepr çayının sağ sahilində, Kiyevin ən prestijli rayonu sayılan Peçerskdə ucaldılıb. Layihənin memarı Pionerlər sarayının, "Ukrayna" mehmanxanasının, Əbədi Şöhrət Parkının və bir sıra rekonstruksiyaların müəllifi kimi tanınan Abraham Miletski olub. N.Sloqotskaya və V.Şevçenko kimi dizaynerlər də layihənin reallaşmasında iştirak ediblər. Binanın 18 mərtəbədən ibarət olacağı nəzərdə tutulsa da, sonradan şəhər rəsmiləri, partiya qurumları, "Qosstroy", eləcə də Moskvadan gələn komissiya layihənin Kiyevin panoraması və məşhur Peçersk Lavrasının zəng qülləsi ilə ziddiyyət təşkil edəcəyini bildiriblər. Beləliklə, mehmanxananın yalnız 7 mərtəbəsinin tikilməsi təsdiqlənib.

Salyut mehmanxanası ilk baxışda yuvarlaq görünsə də, əslində ellips şəklindədir. Betondan tikilən binanın yükdaşıyıcı divarlarının eni 180, arakəsmələr isə 140 millimetrdir. Hotelin fasadı boz qranit plitələrdən və əhəngdaşından ibarətdir. Bəzi xarici divarların rənglənməsində isə xüsusi silikon boyadan istifadə edilib. Binanın damında açıq havada konfrans keçirmək üçün geniş yer ayrılıb.

Müqəddəs Marqaret Kilsəsi

XII əsrdə Londonda Benediktin rahibləri tərəfindən xüsusi olaraq abbatlığın ətrafında yaşayan yerli sakinlər üçün Müqəddəs Marqaret kilsəsi tikilib. Lakin 1666-cı ildə ölkədə baş verən böyük yanğın zamanı kilsəyə ciddi ziyan dəyib. 1686-1690-cı illərdə memar Kristofer Renin layihəsinə əsasən bina tamamilə bərpa olunub. Romanesk memarlığının Tudor üslubunda dizayn edilən kilsə 1950-ci ildə birinci dərəcəli memarlıq abidələri (Grade I) siyahısında yer alıb. Uinston Çörçill və bir çox məşhur siyasi xadimlərin toy mərasiminin keçirildiyi bu kilsə 1987-ci UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Bütün əzəməti ilə tarixi əhəmiyyətini vurğulayan binanın ən maraqlı hissəsi fasadına quraşdırılan nəhəng günəş saatıdır. Belə ki, saatın rəqəmləri günortaya qədər şərq tərəfdə, günortadan sonra isə qərb tərəfdə görünür. Heyrətamiz fiqurlu vitrajlar binaya xüsusi gözəllik verir. Kilsənin Şərq hissəsində yer alan Flamand vitraj pəncərəsi Araqonlu Ketrin və VIII Henrinin nişanını simvolizə edir. Mükəmməl akustikası olan binada səslənən ecazkar orqan melodiyası uzun müddət insanların yaddaşında qalır.

Avtomobil Yolları Nazirliyi

1975-ci ildə Tbilisidə inşa olunan Avtomobil Yolları Nazirliyinin binası memar Georgi Çaxavanın layihəsi əsasında tikilib. Həmin vaxt G.Çaxava yol tikintisi naziri vəzifəsini tutduğundan binanın həm sifarişçisi, həm də podratçısı olub. Layihədə, həmçinin memar Z.Çalaqxani, mühəndislər T.Txilava və A.Kimberq də iştirak ediblər. Nazir bu layihəsində "kosmos şəhəri" ideyasını həyata keçirib. Bina G.Çaxavanın "kosmos şəhəri" ideyasının paradiqmasında yaradılan və yeganə həyata keçirilən layihə olub. Tikinti başa çatdıqdan sonra bir çox mükafatlar alan Georgi Çaxava 1983-cü ildə SSRİ Nazirlər Sovetinin Dövlət Mükafatına layiq görülüb. Gürcüstan Memarlar İttifaqı da onu memarlıq sahəsində xüsusi mükafatla təltif edib. 1991-ci ildə isə o, Beynəlxalq Şərq Memarlıq Akademiyasının fəxri üzvü seçilib. 2007-ci ildə isə bina milli memarlıq abidəsi elan edilib.

Ölkənin ilk modernist binasının ümumi sahəsi 10960 kvadratmetrdir. Beton və poladdan hazırlanan konstruksiya bir-birinin üstünə yığılmış ikimərtəbəli horizontal və üç yerdən bərkidilən rigellərdən ibarətdir. Binanın ən hündür hissəsi təxminən 18 mərtəbəyə bərabərdir. Sovet modernizminin simvollarından birinə çevirilən kompleksdə hazırda "Bank of Georgia"nın ofisi yerləşir.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".