İki ölkə arasında mədəni əlaqələrin təzahürü
Mədəniyyət

İki ölkə arasında mədəni əlaqələrin təzahürü

Ölkələrin dostluq münasibətlərində başlıca şərtlərdən biri də xalqlar arasında bağlılığın, oxşarlığın olmasıdır. O zaman əlaqələr daha möhkəm, mehriban və sarsılmaz olur. Bizi qırğız xalqı ilə bağlayan təkcə türk soykökünə mənsub olmağımız deyil, həm də ortaq mədəniyyət, ədəbiyyat və adət-ənənələrimizdir. Möhkəm təməllər üzərində qurulan dostluq münasibətləri son illər daha sıx xarakter alıb. Azərbaycanla Qırğızıstan arasındakı dövlətçilik münasibətlərinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Diplomatik münasibətlər 1993-cü il yanvarın 19-da qurulub. 2007-ci ildə Azərbaycanın Qırğızıstanda, 2008-ci ildə Qırğızıstanın Bakıda səfirliyi fəaliyyətə başlayıb. Hazırda iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

2022-ci il aprelin 20-də Qırğızıstan Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri zamanı "Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə" imzalanıb. Qırğızıstan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini daim dəstəkləyib, münaqişənin həlli üçün müəyyən dövrlərdə fəallıq göstərib. 1994-cü  ilin may ayında MDB-nin vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında müqavilə də məhz Qırğızıstanın paytaxtı Bişkek şəhərində imzalanıb. Bu gün Azərbaycan digər türkdilli dövlətlərlə olduğu kimi, Qırğızıstanla da siyasi-iqtisadi və mədəni əlaqələri etibarlı şəkildə davam etdirir. Dövlətlər arasındakı səmimi dostluq münasibətləri təkcə siyasi-iqtisadi baxımdan deyil, mədəniyyət sahəsində də yüksələn xətlə inkişaf edir.

Səmimi dostluq münasibətləri Azərbaycan ilə Qırğızıstan arasında müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin daha da dərinləşməsinə töhfə verib. Bunun nəticəsi olaraq ayrı-ayrı sənət adamlarının, yaradıcı kollektivlərin qarşılıqlı səfərləri, eləcə də müştərək mədəniyyət layihələri reallaşıb. Qırğız xalqının dünya ədəbiyyatına bəxş etdiyi yazıçı Çingiz Aytmatovun 85 və 90 illik yubileyləri ilə bağlı ölkəmizdə tədbirlər keçirilib. Hələ 1995-ci ildə Türkdilli Dövlət Başçılarının Zirvə Görüşü və "Manas" eposunun 1000 illiyi ilə bağlı ilk dəfə Qırğızıstana səfər edən ulu öndər Heydər Əliyev iki ölkə arasında münasibətlərin daha sıx xarakter almasında önəmli rol oynayıb.

Azərbaycanla Qırğızıstan münasibətləri qədim tarixə malikdir. Bizi eyni kök, mədəniyyət, qədim tarix və ənənələrlə yanaşı, dil və din eyniliyi də birləşdirir. Digər türkdilli xalqlar kimi, ortaq mədəniyyətə sahib olmağımız mədəni əlaqələrin inkişafına öz təsirini göstərir. 2000-ci il aprelin 9-da "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubiley mərasimində Qırğız Respublikasının o vaxtkı prezidenti Əsgər Akayev, 2000-ci ilin payızında Qırğızıstanın Oş şəhərinin 3000 illiyi tədbirlərində isə Azərbaycan nümayəndə heyətinin iştirakı buna bariz nümunədir.

Ötən illər ərzində iki dövlət arasında mədəni əlaqələr ənənəvi xarakter almışdır. 2001-ci ildə TÜRKSOY-un Daimi Şurasının XV iclasında iştirak etmək üçün Qırğızıstanın Təhsil, Elm və Mədəniyyət Nazirliyinin komitə sədri E.Abdurakimov Bakıya gəlmişdir. 2006-cı il sentyabrın 5-8-də Bakıda keçirilən "Şərq-Qərb" kino festivalında Qırğızıstan və Qazaxıstan kinematoqrafçılarının birgə istehsal etdiyi "Cənnət quşları" kinofilmi nümayiş etdirilmiş, 2008-ci ilin fevral-mart aylarında isə dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun anadan olmasının 80 illiyi münasibətilə Azərbaycanda silsilə tədbirlər keçirilmişdir. Prezident İlham Əliyev yazıçını Azərbaycan və Qırğızıstan arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif etmişdir. Digər qırğız şairi Eqemberdi Ermatov dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Yeddi gözəl" əsərini qırğız dilinə tərcümə etmişdir. 2008-ci ildə isə Bişkekdəki "Salam" nəşrlər evi "Azərbaycanlılar Qırğızıstanda" adlı kitabı rus dilində çap edib.

İkitərəfli əlaqələr fonunda Prezident İlham Əliyev 3 dəfə qardaş ölkəyə səfər edib. 2022-ci ilin oktyabrında baş tutan dövlət səfəri zamanı siyasi və iqtisaqdi gündəliklə yanaşı, mədəni-humanitar tədbirlər də keçirilib. Qırğızıstan-Azərbaycan Dostluq Parkının, Heydər Əliyev adına 20 saylı "Məktəb-Gimnaziya Təhsil-Tərbiyə Kompleksinin, Nizami Gəncəvi adına 103 saylı orta təhsil məktəbinin açılış mərasimləri olub.

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər. Çingiz Aytmatovu təkcə qırğızlar sevmir, dünyaşöhrətli yazıçını Azərbaycan oxucusu da böyük məhəbbətlə hər zaman yad edir. Ədib xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin inkişaf etdirilməsi istiqamətində böyük xidmətlər göstərmişdir. Dünyasını dəyişməmişdən bir müddət əvvəl ölkəmizə səfər edən ədib dövlət başçımız İlham Əliyev tərəfindən ehtiramla qarşılanmış və münasibətlərimizin möhkəmləndirilməsi işində xidmətlərinə görə Azərbaycan dövlətinin yüksək mükafatı olan "Dostluq" ordeni ilə təltif edilmişdi.

Abidənin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev demişdir: "Bu gün Qırğızıstan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri tarixində əlamətdar gündür. Bu gün qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun abidəsi açılır. Əminəm ki, bu, dostluğumuzun, qardaşlığımızın və birliyimizin daha bir rəmzi olacaq". Qırğızıstan Prezidenti Sadır Japarov isə öz məmnunluğunu belə ifadə etmişdir: "Möhtərəm İlham Heydər oğlu, əziz dostlar, sevindirici haldır ki, Azərbaycan tərəfi ölkələrimiz arasındakı mədəni əlaqələrə böyük diqqət yetirir. Bu, xalqların yaxınlaşması baxımından son dərəcə vacibdir. Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi münasibətlərimizdə əlamətdar hadisədir".

Ölkələrimiz arasında mədəni əlaqələr bizə ata-babalarımızdan qalan mirasdır və ikitərəfli əməkdaşlığı daha da möhkəmləndirir.

Ramidə YAQUBQIZI,

"Respublika".