Azərbaycan xalqı dəstək üçün ayağa qalxdı
Digər xəbərlər

Azərbaycan xalqı dəstək üçün ayağa qalxdı

Azərbaycan və Türkiyə dövlətləri kədərli, sevincli günlərində həmişə bir-birinin yanında olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dost, qardaş münasibətləri xalqlarımızı da bir-birinə daha da doğmalaşdırdı.

Vətən müharibəsinin ilk saatlarında Türkiyənin Azərbaycana siyasi, mənəvi dəstək olması, Rəcəb Tayyib Ərdoğanın bütün dünyaya "Azərbaycan tək deyil, Türkiyə onun yanındadır" deməsi bizə böyük ruh və güc verdi. Torpaqlarımız işğaldan azad edildikdən sonra qardaş ölkənin liderinin Şuşaya, Füzuliyə, Zəngilana səfər etməsi qardaşlığımızın ən yüksək nümunəsi idi.

Türkiyədə baş verən dəhşətli, dağıdıcı zəlzələnin minlərlə insanın həyatına son qoymasını hər bir Azərbaycan vətəndaşı öz acısı, dərdi kimi qəbul etdi.

Zəlzələ baş verdiyi gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanladı və həmin gün Türkiyənin dövlət başçısına zəng edərək zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntıların onu və Azərbaycan xalqını çox kədərləndirdiyini və bu ağır günlərdə Azərbaycanın Türkiyənin yanında olduğunu bildirdi. Ölkə başçımız həlak olanların ailə üzvlərinə, yaxınlarına, qardaş Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından başsağlığı verərək yaralananlara şəfa dilədi. Fevralın 8-də Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyinə gələrək Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verdi və çıxış etdi. Ölkə başçımızın zəlzələnin fəsadlarının aradan qaldırılmasında sona qədər Azərbaycan dövləti və Azərbaycan xalqının Türkiyənin yanında olacağını, hər cür kömək və dəstək ediləcəyini söyləməsi Azərbaycan və Türkiyənin sarsılmaz tellərlə bir-birinə bağlı olmasının təzahürüdür. Bu qardaşlığa heç kəs mane ola bilməz.

 Ölkə başçımız İlham Əliyevin tapşırığına əsasən, zəlzələ baş verdiyi ilk saatlarda Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin böyük bir qrupu Türkiyəyə göndərildi və ardınca fəlakət zonasına təyyarələrlə humanitar yardımlar yola salındı. Artıq azərbaycanlı həkimlər də zəlzələdə yaralanan insanların müalicəsi üçün Türkiyəyə ezam olunmuşdur. Prezident İlham Əliyevin zəlzələdə xəsarət almış insanların Azərbaycanda müalicə almaları üçün bütün tədbirlərin görüldüyünü qeyd etməsi bir daha göstərir ki, bu faciə Azərbaycan dövlətinin də faciəsidir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fevralın 6-da qardaş Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edərək bu hadisədən dərin kədərləndiyini, zəlzələ nəticəsində həlak olanlara Allahdan rəhmət diləyərək türk xalqına güc və səbir arzuladığını bildirdi.

Heydər Əliyev Fondu və Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qardaş ölkəyə tonlarla humanitar yardım, eləcə də zəruri dərman preparatları göndərildi. Artıq Fondun könüllüləri də Türkiyəyə yola düşüblər.

Zəlzələ baş verdiyi ilk gündən bütün Azərbaycan xalqı qardaş türk xalqına dəstək üçün ayağa qalxdı. Bakıda, daha sonra bütün rayonlarımızda xalq yardım kampaniyasına qoşuldu. Tonlarla isti geyim, məişət əşyaları, ərzaq məhsulları toplanaraq qardaş Türkiyəyə yola salındı və bu kampaniya sona qədər davam etdiriləcək. İnsanlarımız bu kampaniyaya öz arzuları ilə, bacı-qardaşlarına, doğmalarına yardım etmək üçün qoşuldular. Bu gün hansı vəzifədə, peşədə çalışmalarından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı maddi cəhətdən də Türkiyəyə dəstək olur. Türkiyə Prezidenti Ərdoğan, hökumət üzvləri, sadə türk vətəndaşları da qeyd edirlər ki, bu çətin, ağır günlərdə ilk yardım, kömək qardaş Azərbaycandan gəldi. Azərbaycan dövləti də öz qardaşlıq köməyini əsirgəyə bilməzdi. Bu yardımlar təmənnasız, qardaşın qardaşa olan sevgi və ehtiramından irəli gəlir.

Xarici dövlətlərdəki insanlıqdan uzaq, əqidəsiz bəzi qüvvələr Türkiyədə baş vermiş bu fəlakəti sevinclə qarşıladılar. Onlar bilməlidirlər ki, bütün çətinliklərə baxmayaraq, Türkün biləyi sınmaz, beli əyilməz. Türkiyə güclü, qüdrətli dövlət, türk xalqı mərd, əzmkar xalqdır. Tezliklə Türkiyə öz gücünə, qardaş dövlətlərin, xüsusilə Azərbaycanın dəstəyi ilə bu çətinliyin də öhdəsindən gələcək. Türkiyə bir dövlət kimi dünyada bundan sonra da öz sözünü deyəcək.

Kamilə ƏLİYEVA,

BDU-nun kafedra müdiri, professor, Milli Məclisin deputatı.