AHİK tərəfindən 2023-cü ilin ən yaxşı müəssisələri mükafatlandırılıb
Digər xəbərlər

AHİK tərəfindən 2023-cü ilin ən yaxşı müəssisələri mükafatlandırılıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2023-cü ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi baş tutub.

Beynəlxalq Əmək Təşkilatı tərəfindən müəyyən olunmuş 2024-ci ildə Ümumdünya Əməyin Mühafizəsi Günü – “İqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığına təsiri” devizi altında keçirilən tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, nazirliyin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Zakir Əzimov, BƏT-nin Azərbaycan üzrə əlaqələndiricisi Yaşar Həmzəyev, AHİK-ə üzv təşkilatların sədrləri, müsabiqədə qalib olmuş müəssisələrin rəhbərliyi və qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən AHİK sədri Səttar Möhbalıyev bildirib ki, 2009-cu ildən başlayaraq keçirilən bu müsabiqənin məqsədi işçilər üçün sağlam və təhlükəsiz əmək şəraiti yaratmaq, bu sahəyə məsul olan şəxslərin məsuliyyətini artırmaq və işəgötürənlərin əməyin mühafizəsi məsələlərinə daha həssas yanaşmalarına nail olmaqdır.

Millət vəkili vurğulayıb ki, ötən il ərzində 448 müəssisə və təşkilatda ictimai müayinə işi aparılıb və 1641 pozuntu aşkarlanıb. Bununla bağlı işəgötürənlərə 274 təqdimat verilib. Pozuntuların 86,59 faizi aradan qaldırılıb. Nəticədə 59 texnoloji avadanlıq və dəzgah təhlükəsizlik norma və qaydalarına uyğun vəziyyətə gətirilib, 237 nəfərin iş şəraiti yaxşılaşdırılıb. Əməyin mühafizəsinə dair ayrılan vəsaitin düzgün və məqsədyönlü xərclənməsinə həmkarlar ittifaqı komitələri, əməyin mühafizəsi komissiyaları, üzv təşkilatların texniki əmək müfəttişləri tərəfindən həyata keçirilən ictimai nəzarət sayəsində 818 tədbir keçirilib, attestasiya olunmuş iş yerlərinin sayı 2022-ci illə müqayisədə 11,89 faiz, tibbi müayinədən keçirilən işçilərin sayı isə 6,36 faiz artıb”.

Çıxışının sonunda Səttar Möhbalıyev müsabiqənin qaliblərini qazandıqları bu yüksək nailiyyətə görə təbrik edib, onlara gələcək əmək fəaliyyətlərində uğurlar diləyib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli çıxışında əmək münasibətlərindən, əməyin mühafizəsindən, leqallaşdırılmasından, sağlam və təhlükəsiz əmək şəraitindən, işəgötürənlərin və işçilərin hüquqlarından, qanunvericilik bazasından və bu sahədə qarşıda duran vəzifələrdən söz açıb.

BƏT-nin Azərbaycan üzrə əlaqələndiricisi Yaşar Həmzəyev isə təmsil etdiyi təşkilatla Azərbaycan həmkarlar ittifaqları arasında olan faydalı münasibətlərdən, qurumun konvensiyalarının əhəmiyyətindən, birgə əməkdaşlıq çərçivəsində qarşıda duran məsələlərdən danışıb.

Sonda müsabiqənin qalibi olmuş Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Şurası da daxil olmaqla sahələr üzrə həmkarlar ittifaqını təmsil edən 67 qalib müəssisəyə diplomlar və hədiyyələr təqdim olunub.

“Respublika”.