Digər xəbərlər

"Azərbaycan yalnız öz ərazisində olan qanunsuz silahlı birləşmələrə qarşı antiterror tədbirləri keçirir"

Ermənistanın işğalına son qoyulduqdan keçən 3 il müddətində Azərbaycanın səylərinə baxmayaraq, təcavüzkar dövlət heç bir halda sülhə gəlmədi. Üzərinə götürdüyü öhdəliklərdən yayınaraq danışıqlar prosesini pozmağa, müxtəlif hərbi təxribatlarla çirkin əməllərini davam etdirməyə çalışdı.

Açıqlanan son məlumata görə, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində 10 min nəfərdən çox erməni silahlı qüvvələri qanunsuz olaraq hələ də qalmaqdadır. Həmçinin həmin ərazilərdə xeyli sayda zirehli texnika, raket sistemləri, ağır artilleriya qurğuları yerləşdirilib. Niyyət isə bəllidir: hərbi təxribatları davam etdirmək, separatizmi qızışdırmaq. Son 3 ildə biz bunun dəfələrlə şahidi olmuşuq.

Düşmənin mina terroru nəticəsində mülki şəxslər və  Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları həlak olub. Bu, onu göstərir ki, düşmən çirkin əməllərindən heç bir halda əl çəkən deyil. Odur ki, hazırda Azərbaycan tərəfinin həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri onun tam suveren haqqıdır, sülh və sabitliyin bərqərar edilməsi üçün vacib addımdır.

Ermənistanın məğlub ölkə olaraq imza atdığı üçtərəfli Bəyanatın müddəalarına məhəl qoymaması, hərbi təxribatlarını davam etdirməsi, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə ciddi şəkildə mane olmağa çalışması antiterror əməliyyatını labüd etdi. İnanırıq ki, Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrini tezliklə tərksilah edəcək və öz ərazilərindən çıxararaq ölkəmizin konstitusiya quruluşunu bərpa edəcək.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları

Konfederasiyasının sədri,

Milli Məclisin deputatı.