Təxribatlara tutarlı cavab: “Qisas”
Digər xəbərlər

Təxribatlara tutarlı cavab: “Qisas”

30 il danışıqlar prosesində Ermənistan havadarlarının himayəsi ilə münaqişənin sülh yolu ilə həllini gecikdirdi. Lakin qüdrətli Azərbaycan dövləti sözügedən dövr ərzində Ermənistana nail olmaq istədiklərinin heç birini əldə etməyə fürsət vermədi. 30 illik sülh danışıqları prosesində hər vəchlə Ermənistanın maraqlarının təmin edilməsinə cəhdlər olunurdu. Aqressor havadarları tərəfindən şirnikləşdirilir, azğınlaşmış düşmən "yeni torpaqlar üçün yeni müharibə" şüarı ilə çıxış edirdi. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan ordusunun məğlubedilməz mifini darmadağın etdi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Kəlbəcər, Ağdam və Laçın rayonları şəhid vermədən, qan tökülmədən geri qaytarıldı. Şuşa şəhərinin, Kəlbəcər, Ağdam, Laçın rayonlarının, Hadrut qəsəbəsinin geri qaytarılması Qarabağa gedən bütün strateji yolların, yüksəkliklərin, kommunikasiya xətlərinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin əlində cəmləşdirdi.

Öz hərbi potensialını göstərən qüdrətli Azərbaycan Ordusu regionun güc mənbəyinə çevrildi. Xain düşmən mütəmadi olaraq təxribatlar törətsə də, hər səfərində layiqli cavabını alır, yerinə otuzdurulurdu. Zəfər salnaməmizin başlanğıcı hesab edilən Aprel döyüşləri buna əyani misaldır. 2016-cı il aprelin 2-də Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, uğurlu əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradıb, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etmişdir.

Ermənistan elə bir düşməndir ki, ideoloji olaraq uzun illər silahlanıb və bizə qarşı mübarizələrinə bir gün də ara verməyib. Bundan sonra onlar daha da azğınlaşacaq. Bunu dərk etməliyik. Heç kəs inanmasın ki, aldıqları zərbədən onlar dərs götürücəklər. Biz qarşıdakı illərdə onların növbəti xəyanətləri ilə də rastlaşa bilərik. Necə ki, yerinə otuzdurulmuş, kapitulyasiya aktına imza atmış ölkə kimi sülh prosesinə töhfə vermək əvəzinə, yeni müharibələr üçün havadarlarından yardım dilənirlər. Məhz bu xain xislətin nəticəsidir ki, təxribatlar səngimək bilmir. Lakin unudulmamalıdır ki, qüdrətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsindən sonra daha da güclənib. Ordumuz bunu "Qisas 1" və "Qisas 2" əməliyyatları ilə də sübut etmişdir. Belə ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarını kobud surətdə pozaraq ötən il avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı növbəti dəfə terror-təxribat əməli törətdi. Nəticədə hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid oldu. Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa da cəhd göstərdilər.

Azərbaycan Ordusunun keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüldü. Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərin bir neçə döyüş mövqeyi dağıdıldı, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirildi. Nəticədə qanunsuz erməni silahlılarının canlı qüvvəsi həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edildi. Təxminən saat 15 radələrində erməni mətbuatı Azərbaycan Ordusunun qanunsuz erməni silahlı birləşmələrini minaatanlardan və pilotsuz uçuş aparatlarından atəşə tutduğunu və erməni hərbçilərinin yaralandığını, 1 hərbçinin öldüyünü bildirdi.

Bu gün Azərbaycan tarixinin ən şərəfli, ən sevincli günlərini yaşayır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad edərək, ərazi bütövlüyümüz təmin ediblər. Müharibə yolu ilə məsələnin həlli üçün qüdrətli dövlət, güclü iqtisadiyyat və qalibiyyətli ordu qurmaq, beynəlxalq ictimaiyyətin nüfuzunu və dəstəyini qazanmaq uzun zaman məqsədyönlü fəaliyyət, dəqiq proqram yaratmaq lazım idi. Cənab İlham Əliyev öz xalqı ilə birlikdə bu işi bacardı və müasir Azərbaycan dövlətinin, torpaqlarını işğaldan azad edən və ərazi bütövlüyünü təmin edən qalib sərkərdə kimi adını qızıl hərflərlə tarixə yazdırdı.

 Nurlan ABDALOV,

 "Respublika".