Tarix yazan igidlər
Digər xəbərlər

Tarix yazan igidlər

Lənkərandan Kənan Hamil oğlu Axundzadə, Əli Məcid oğlu Mehdizadə 44 günlük haqq savaşımızda 30 il düşmənə əsir düşən əzəli-əbədi yurd yerimiz Qarabağ uğrunda son damla qanına qədər döyüşərək şəhidlik zirvəsinə ucalıblar.

Ölümü ilə ölməzliyə qovuşan hər iki qəhrəmanın şəhid olmasının 3 illiyi ilə əlaqədar anım mərasimləri keçirildi. Rayonun rəhbərliyi, ictimaiyyət nümayəndələri, gənclər, şəhid ailələrinin üzvləri hər iki Vətən sevdalısının uyuduqları müqəddəs yeri ziyarət etdilər, məzarları önünə gül dəstələri düzdülər. Bildirdilər ki, indi bütün millət tərəfindən adları qürurla çəkilən şəhidlər qısa bir ömür yaşadılar, şərəfli, qərinələr boyunca örnək sayılan həyat yolu keçdilər.

Lənkəranın Girdəni kəndində boya-başa çatan Kənan Axundzadə üçün Vətən hər şeydən qiymətli idi. Odur ki, onun torpaqlarına təcavüz edən yağıdan qisas alacağı günə hazır durmuşdu. 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində odlu səngərə atıldığı andan dığaların kabusuna çevrilib. Onun kimi qəhrəman oğlanların sayəsində Füzuli yağıdan təmizlənib. Kənanın Xocavəndin azadlığı uğrunda göstərdiyi şücaət dillərdə dastana dönüb. Neçə-neçə döyüşün qalibi olan igid ömrünün ən gözəl çağında - 26 yaşında şəhidlik mərtəbəsinə yüksəlib. Adını Azərbaycanın yeni tarixinə yazan Kənan Axundzadə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Cəsur döyüşçü", Xocavəndin, Füzulinin azad olunmasına görə medalları ilə təltif olunub.

2001-ci ildə Lənkəranda dünyaya göz açan, qəlbi Vətən eşqi ilə döyünən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri Əli Mehdizadə haqq savaşımızda qanlı-qadalı yollar keçib. Hər qarış torpaq uğrunda canından keçməyə hazır olub. Doğma Azərbaycanın müqəddəsliyinə tapınan igid neçə-neçə savaş meydanından üzüağ çıxıb. Murovdağın, Cəbrayılın, Füzulinin, Xocavəndin, Şuşanın azadlığı uğrunda əsl qəhrəmanlıq göstərib. Cəbrayıl istiqamətində çiynindən ağır qəlpə yarası alsa da, hospitalda çox qalmağı vicdanına sığışdıra bilmir. Vətəninə sevgisi onu döyüş meydanına çəkib. Son dəfə Daşaltı kəndində qana susayan düşməni qanda boğmaqla, özü də əlçatmaz, ünyetməz ulduzlar dünyasına qovuşub. Beləcə, 19 yaşında könüllərə köç edən Əli Mehdizadə ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeninə, "Vətən uğrunda", "Şücaətə görə", "Cəsur döyüşçü", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medallarına layiq görülüb.

Zəfər ORUCOĞLU.