Azərbaycan “yaşıl enerji” ölkəsi kimi inkişafı ilə bağlı strateji hədəflərini reallaşdırmaq əzmindədir
İQTİSADİYYAT

Azərbaycan “yaşıl enerji” ölkəsi kimi inkişafı ilə bağlı strateji hədəflərini reallaşdırmaq əzmindədir

Energetika naziri Pərviz Şahbazov 28-ci “Bakı Enerji Forumu”nda salamlama nitqi ilə çıxış edib. Çıxışda enerji müstəqilliyimizin banisi Ümummilli Lider Heydər Əliyevin neft strategiyası ilə həyata vəsiqə almış bu beynəlxalq enerji əməkdaşlıq platformasının Azərbaycanın enerji nailiyyətlərinin tarixi salnaməsinə çevrilməsindən bəhs edilib. Bu barədə 1 iyun Nazirlikdən verilən məlumatda bildirilir.

Hazırda təhlükəsiz, sabit enerji təchizatı mənbə və marşrutlarının diversifikasiyasına, xüsusilə “yaşıl enerji”nin inkişafına əsaslanan yeni qlobal enerji landşaftının formalaşdığını vurğulayan nazir deyib ki, ölkəmiz bu yeni mərhələyə regional və Avropa miqyasında enerji təhlükəsizliyindəki strateji mövqeyini möhkəmləndirəcək təşəbbüslərlə daxil olur. Cənub Qaz Dəhlizinin genişləndirilməsi, “Həmrəylik Halqası” layihəsində iştirak, həmçinin bərpa olunan enerji mənbələrinin inkişafı və tədarükü ilə bağlı layihələrimiz bunun bariz göstəricilərdir.

Nazir deyib ki, Azərbaycanın “yaşıl enerji” ölkəsinə transformasiyası artıq başlanıb. Bərpa olunan enerjinin quruda 135 QVt, dənizdə isə 157 QVt texniki potensialı əsasında ölkəmiz bu gün “yaşıl enerji”nin  istehsalı və ixracı ilə bağlı irimiqyaslı layihələr icra edir: “Hazırda “Masdar”, “ACWA Power”, bp və “Fortescue Future Industries” şirkəti ilə 25 QVt-dan çox “yaşıl enerji” layihələri üzrə əməkdaşlıq edirik. Bakı Enerji Həftəsi çərçivəsində beynəlxalq enerji şirkətləri ilə əlavə 3 QVt-dək bərpa olunan enerji layihələri üzrə əməkdaşlıq sənədləri imzalayacağıq. Azərbaycan “yaşıl enerji” ölkəsi kimi inkişafı ilə bağlı strateji hədəflərini reallaşdırmaq əzmindədir.

“Respublika”.