Dağıdılmış yaşayış sahələrinin əvəzinə tikilən evlərin mülkiyyət hüququ rəsmiləşdirilib
İQTİSADİYYAT

Dağıdılmış yaşayış sahələrinin əvəzinə tikilən evlərin mülkiyyət hüququ rəsmiləşdirilib

Dövlət başçısı cənab İlham Əliyevin "Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi" haqqında 7 aprel 2022-ci il tarixli Fərmanının icrası istiqamətində müvafiq tədbirlər görülür.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bildirir ki, qurum tərəfindən Tərtər rayonunda səyyar qeydiyyat xidmətləri göstərilib, erməni terroru nəticəsində dağıdılmış və yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilən yaşayış evlərinin sənədləşdirilməsi aparılıb. Qeyd edək ki, Tərtər rayonunda Fərmanın əhatə etdiyi 70 evin sənədləri dövlət qeydiyyatına alınıb.

Ümumiyyətlə isə fərmanın icrası ilə əlaqədar 639 yaşayış sahəsinin mülkiyyət hüquqları qeydiyyata alınıb. Əmlak Məsələləri Dövlət Xidməti səyyar qeydiyyat xidmətlərinin göstərilməsini davam etdirəcək.

Nəriman CAVADOV,

"Respublika".