Azərbaycandakı diplomatik korpus üzvlərinin Ağdama səfəri
Siyasət

Azərbaycandakı diplomatik korpus üzvlərinin Ağdama səfəri

Azərbaycanda akkreditə olunan diplomatik korpus üzvləri və hərbi nümayəndələr avqustun 16-da Ağdama səfər ediblər. Səfərə 45 ölkə və 12 beynəlxalq təşkilatdan 100-ə yaxın diplomat və hərbçi qatılıb.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində xarici diplomatlar və hərbi nümayəndələr Ağdam-Xankəndi yolunun istifadəyə açıq olması barədə yerində məlumatlandırılıblar.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yol barədə qonaqlara məlumat verib.

Bildirib ki, tarixən geniş istifadə olunan bu yol Qarabağın dağlıq və aran hissələrini birləşdirir. Sovet dövründə Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə bu yola paralel şəkildə Xankəndiyə qədər uzanan dəmir yolu xətti də inşa edilib.

Məlumat verilib ki, torpaqlarımızın işğaldan azad edilməsindən sonra Prezident İlham Əliyevin tapşırığı ilə görülən ilk iş yolların çəkilməsi olub. Bu yollar həm də Qarabağda ermənilərin yaşadığı ərazilər istiqamətində də çəkilir. Azərbaycan Ermənistan istiqamətində də dəmir və avtomobil yolları çəkir. Bu, onu göstərir ki, Azərbaycan divar və maneələr yox, yollar qurur. Azərbaycan Ağdam-Xankəndi yolunu Qarabağın erməni sakinlərinin Azərbaycanın siyasi, sosial, iqtisadi və mədəni həyatına inteqrasiyasının tərkib hissəsi hesab edir. Bu yol inteqrasiyaya xidmət etməklə yanaşı, nəqliyyat imkanları baxımından daha sərfəlidir. Yol, həmçinin yüklərin Azərbaycanın əsas hissəsindən Qarabağa çatdırılması ilə yanaşı, Qarabağda yaşayan sakinlərin də Azərbaycanın əsas nəqliyyat-infrastruktur sisteminə çıxışını təmin edir.

Qonaqlara məlumat verilib ki, Azərbaycan Qarabağdakı ermənilərə yüklərin, malların çatdırılması üçün Füzuli-Şuşa yolundan istifadə olunmasını da təklif edib. Beynəlxalq Qırmızı Xaç Komitəsinin humanitar yüklərinin bu yol vasitəsilə Xankəndiyə çatdırılması barədə avqustun 5-də razılıq əldə olunub. Həmin razılığa əsasən, bundan 24 saat sonra da Azərbaycanın sərhəd və gömrük rejimi qaydalarına riayət olunmaqla Laçın-Xankəndi yolunun da açılması nəzərdə tutulurdu. Lakin Azərbaycan bu yoldan istifadə ediləcəyini bəyan etdikdən sonra ermənilər həmin yolda beton sədlər quraşdırmağa başladılar. Daha sonra isə ermənilər Azərbaycanı guya yolları bağlamaqda ittiham etməyə başladılar. Prezident İlham Əliyev də Şuşa Qlobal Media Forumunda bildirdi ki, Ermənistan yolları bloklayır, Azərbaycan isə avtomobil və dəmir yollarını açır.

Qeyd edilib ki, reinteqrasiyaya alternativin olmadığını hesab edən Azərbaycan Qarabağ ermənilərini öz vətəndaşları kimi görür, onların hüquqlarını və öhdəliklərini öz Konstitusiyası əsasında təmin etməyə hazırdır. Lakin Ermənistan Azərbaycanın bu xoşməramlı addımlarına cavab olaraq, Qarabağda yaratdığı qondarma separatçı rejim vasitəsilə proseslərə mane olur. Eyni zamanda, bu, Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara və iki ölkə arasında münasibətlərin normallaşdırılmasına da mənfi təsir göstərir. Ermənilər beynəlxalq qarayaxma kampaniyasına başlayıblar, lakin bunun heç bir təsiri olmayacaq. Ermənistanın müraciəti əsasında bu məsələ bu gün BMT Təhlükəsizlik Şurasının iclasında müzakirə olunacaq. İyirmi beş il ərzində BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğalı ilə əlaqədar dörd qətnaməsi masa üzərində qalmışdı. BMT Təhlükəsizlik Şurası cəsarət tapıb Azərbaycanın torpaqlarının işğalını müzakirə edə bilməmişdi, amma bu gün Ermənistanın qaldırdığı məsələ müzakirəyə çıxarılır.

Diqqətə çatdırılıb ki, müzakirələrə hər zaman açıq olan Azərbaycanın arqumentləri və mövqeyi hüquqi, siyasi, hətta mənəvi baxımdan da kifayət qədər əsaslıdır. Ağdamda və Azərbaycanın digər şəhərlərində törədilmiş bu qədər dağıntıdan sonra Ermənistanın Azərbaycan xalqından və dövlətindən üzr istəmək əvəzinə, belə bir təbliğatla məşğul olması məsələnin mənəvi tərəfinin önəmini ortaya qoyur. Buna baxmayaraq, Azərbaycan iki ölkə arasında sülh müqaviləsi istiqamətində danışıqları və münasibətlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında normallaşdırılması prosesini dəstəkləyir. Azərbaycan Qarabağın erməni sakinləri ilə reinteqrasiya məsələlərini müzakirə etmək üçün onları iki dəfə - bir dəfə Bakıya, bir dəfə də Yevlaxa dəvət edib. Təəssüf ki, Ermənistan qeyri-konstruktiv yanaşmasını davam etdirərək bu dəvətlərdən imtina edib. Bütün bu mesajlar beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana çatdırılmalıdır. Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə verən tərəfdaşlar - Avropa İttifaqı, Rusiya, ABŞ da danışıqlar prosesində çətinliklə əldə edilmiş nailiyyətlərin Ermənistanın manipulyasiya əməlləri nəticəsində itirilməsinə imkan verməməli, münasibətlərin normallaşdırılması prosesinə, danışıqlara dəstək verməlidirlər. Azərbaycan bu məsələlərin müzakirəsinin digər yerlərdə deyil, məhz burada aparılmasını vacib hesab edir. Bu yol istənilən humanitar yükün Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə çatdırılması, eyni zamanda, ehtiyac duyulan malların Azərbaycan ərazisindən daşınması üçün açıqdır və bu yüklər, mallar ən qısa zamanda Xankəndiyə çatdırıla bilər.

***

Sonra diplomatik korpus üzvləri və hərbi nümayəndələr Bərdə-Ağdam dəmir və avtomobil yollarının tikintisi işləri ilə tanış olublar.

Qonaqlara hər iki yolun layihəsi və tikintisi ilə bağlı ətraflı məlumat verilib.

Bildirilib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edilən yol infrastrukturu layihələrindən olan Bərdə-Ağdam avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir. Başlanğıcını Bərdə şəhərindən götürən yolun uzunluğu 44,5 kilometrdir. Avtomobil yolu dörd hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yolda qovşaqlar, körpülər, yeraltı keçidlər və digər qurğuların inşası tam başa çatdırılıb. Ümumilikdə layihə üzrə nəzərdə tutulan işlərin 88 faizi icra edilib. Yolun tikintisinin yaxın müddətdə başa çatdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Həmçinin bildirilib ki, Bərdə-Ağdam avtomobil yolu işğaldan azad olunmuş Ağdam şəhərinə qədər inşa edilir. Yolun ilk 14 kilometrlik hissəsi Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsindən keçir. Ümumilikdə isə avtomobil yolu Bərdə və Ağdam şəhərləri də daxil olmaqla həmin rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edir.

Bərdə-Ağdam dəmir yolu xətti barədə xarici diplomatlara və hərbi nümayəndələrə məlumat verilərkən bildirilib ki, dəmir yolunun inşası Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamına əsasən, "Azərbaycan Dəmir Yolları" QSC (ADY) tərəfindən yerinə yetirilir. Layihənin icrasına 2020-ci ildə başlanılıb. Tikinti işlərinin bu ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Qeyd olunub ki, xəttin yan yollarla birlikdə uzunluğu 57,9 kilometr, o cümlədən ox üzrə uzunluğu 47,1 kilometrdir. Bu xəttin üzərində Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyaları fəaliyyət göstərəcək. Ümumiyyətlə yol üzərində 130 mühəndis qurğusu, o cümlədən 3 körpü, 1 yolötürücü, 85 suötürücü boru, 1 piyada üst keçidi və 33 ehtiyat keçidinin yaradılması nəzərdə tutulub. Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi işlərinin 90, tikinti-quraşdırma işlərinin isə 70 faizi yerinə yetirilib. Xətt üzərində 56,9 kilometr uzunluğunda uzunölçülü relslər quraşdırılıb, mühəndis və digər qurğuların tikintisi başa çatdırılıb.

***

Daha sonra Ağdam şəhərində həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri ilə tanışlıq olub.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev nümayəndə heyətinin üzvlərinə Ağdam şəhərinin Baş planı çərçivəsində həyata keçirilən quruculuq işləri barədə ətraflı məlumat verib. Bildirib ki, Böyük Qayıdış proqramına əsasən, 2026-cı ilədək Ağdam şəhərində keçmiş məcburi köçkünlər üçün beş yaşayış məhəlləsi və rayonda 12 kənd tikiləcək.

Artıq şəhərdə Ağdam Konfrans Mərkəzi istifadəyə verilib, 1 nömrəli tam orta məktəbin tikintisi yekunlaşmaq üzrədir. İlk yaşayış məhəlləsinin, "Ağdam Residence" yaşayış kompleksinin, "City Hotel Agdam" mehmanxanasının, Ağdam Muğam Mərkəzinin, "Park Qarabağ" yaşayış kompleksinin tikintisi həyata keçirilir. Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işləri yekunlaşmaq üzrədir. Rayonda iqtisadiyyatın, yerli istehsalın inkişafı məqsədilə sənaye parkı yaradılır. "Qafqazın Xirosiması" kimi tanınan Ağdam Azərbaycan Prezidentinin diqqət və qayğısı ilə regionun ən gözəl şəhərlərindən birinə çevriləcək, doğma yurdlarından 30 il ayrı düşmüş insanların bu torpaqlara təhlükəsiz şəraitdə qayıdışı təmin ediləcək.