Azərbaycandan qaz ixracı 7 faiz artıb
İQTİSADİYYAT

Azərbaycandan qaz ixracı 7 faiz artıb

Bu ilin yanvar-iyul ayları üzrə operativ məlumatlara əsasən, 7 ay ərzində Azərbaycanda 28,1 milyard kubmetr təbii qaz hasil edilib.

"Respublika" xəbər verir ki, Energetika Nazirliyinin verdiyi məlumatda qazın 7,5 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 15,4 milyard kubmetri “Şahdəniz”dən, 0,1 milyard kubmetri “Abşeron”dan, 5,1 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən qaz hasilatında 3,3 faiz, yəni 0,9 milyard kubmetr artım olduğu göstərilib.

Hesabat dövründə xaricə qaz satışı 13,8 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz çoxdur. Cari ilin yanvar-iyul aylarında Avropaya 6,6 milyard kubmetr, Türkiyəyə 5,8 milyard kubmetr, Gürcüstana isə 1,4 milyard kubmetr qaz satılıb. Bu müddətdə Türkiyəyə TANAP-la 3,3 milyard kubmetr qaz nəql olunub.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən avqustun 1-dək AÇG-dən 211 milyard kubmetr, “Şahdəniz”dən isə 198 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 139,9 milyard kubmetrə yaxını ixraca nəql edilib.