Məhsul  yığımı sürətlə davam edir
İQTİSADİYYAT

Məhsul  yığımı sürətlə davam edir

Respublikada taxıl biçini prosesi sürətlə davam edir. Artıq payızlıq əkin sahələrinin 26,5 faizində biçin başa çatıb. İndiyədək sahələrdən 641423 ton arpa, 213460 ton buğda yığılıb. Ölkə üzrə payızlıq arpa sahələrinin 52,8 faizində, buğda sahələrinin isə 10 faizində biçin başa çatıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 29.8 sentner, buğda üzrə isə 33,3 sentner təşkil edir.

Payızlıq əkinlər mövsümündə Kürdəmir rayonunda 42842 hektar sahədə taxıl əkilib. Əkin sahələrinin 10515 hektar buğda, 32327 hektarı isə arpadır. indiyədək rayon üzrə 24847 hektar sahədə biçin aparılıb, sahələrdən 77750 ton məhsul yığılıb. Hazırda rayonda taxıl üzrə orta məhsuldarlıq hər hektardan 31.3 sentner təşkil edir. Kürdəmirdə arpa sahələrinin 68 faizində, buğda sahələrinin isə 30 faizində biçin yekunlaşıb. Biçinin vaxtında və itkisiz başa çatdırılması üçün “Aqroservis” ASC tərəfindən rayona digər bölgələrdən əlavə kombaynlar dislokasiya edilib.

Kənd Təsərrüfatı Nazirliyinin  mətbuat xidməti bildirir ki, hazırda bu rayonda biçin prosesində 71 ədəd kombayn iştirak edir. Biçinə, həmçinin, fiziki və hüquqi şəxslərə məxsus 28 özəl kombayn da cəlb olunub. Rayonda biçin prosesinin qısa müddətdə tam başa çatacağı gözlənilir.

Hazırda respublikanın 61 rayonunda biçin gedir. Biçin prosesinə 1446 ədəd kombayn cəlb olunub.

Nəriman CAVADOV,

“Respublika”.