Azərbaycanın sülh imperativləri qəbul edilir
Siyasət

Azərbaycanın sülh imperativləri qəbul edilir

"Biz 28 il boyunca sülh danışıqları aparmışıq, təsəvvür edin, 1992-ci ildən 2020-ci ilə qədər. Əgər biz Qarabağ münaqişəsini döyüş meydanında həll etməsəydik, bu sülh danışıqları daha 28 il çəkəcəkdi. Belə bir vəziyyət Ermənistanı tam qane edirdi. Çünki onlar vəziyyəti dondurmaq, torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdilər...". Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü il fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilən plenar iclasda bildirib.

Dövlət başçısı verilən sualları təmkinlə cavablandıraraq Azərbaycanda "Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidinin olmadığını bildirdi, hamıdan ölkəmizin suverenliyinə və Konstitusiyasına hörmətlə yanaşmasını xahiş etdi. ABŞ-ın dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri N.Paşinyanla birgə görüşdən sonra televiziya kanallarına müsahibəsində ölkəmizin başçısı Qarabağ haqqında hər hansısa müddəanın qəbuledilməz olduğunu, sülh müqaviləsinin beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməsini şərt kimi diqqətə çatdırdı. Dünya bir daha Prezident İlham Əliyevin bəyanatları, çağırışları fonunda Azərbaycanın bölgədə sülh və əməkdaşlıq təminatçısı olduğunu gördü. Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması üçün qarşı tərəfə beynəlxalq hüququn 5 əsas prinsipini ehtiva edən sülh müqaviləsinin imzalanmasını təklif edib. Ermənistan isə sülh müqaviləsinin imzalanması prosesinin uzanmasına səy göstərir.

Bəli, bu gün Ermənistanla Azərbaycan arasında sülh danışıqları gedir. Bu danışıqların nəticəsi ciddi tarixi fikir ayrılıqları olan iki ölkənin münasibətindən asılı olacaq. Dünya görür ki, Azərbaycan düşmənçilik səhifəsini çevirməyə hazırdır və bu istiqamətdə fəallıq nümayiş etdirir. Bütün dövlətlər, beynəlxalq təşkilatlarla qarşılıqlı anlaşma və əməkdaşlıq çərçivəsində qurduğu münasibətlər dövlətimizin qlobal arenada mövqeyini getdikcə gücləndirir. Bu gün tək regionda deyil, bütövlükdə dünyada nəzərdə tutulan layihələrdə Azərbaycanın maraqları və mövqeyi nəzərə alınır.

İndiyədək Azərbaycan Prezidenti və Ermənistan lideri arasında müxtəlif formatlı görüşlər keçirilib. Bu görüşlərdə Azərbaycan-Ermənistan arasında həll olunmayaraq gündəlikdə qalmış məsələlərin çözülməsi üçün yol xəritələri cızılır və müəyyən məqamlar razılaşdırılır. Görüşlərin nəticələri barədə rəsmi bəyanatlar verilir, atılan addımların sülh müqaviləsinin imzalanmasına təkan verəcəyi ifadə olunur. Azərbaycanla Ermənistan arasında gərginliyin aradan qaldırılması, postmünaqişə dövrü reallıqlarının qəbul edilməsi, bütövlükdə Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı olan Avropa İttifaqının vasitəçilik etdiyi əksər görüşlərdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bəyanatlar verir. Bu bəyanatlarda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsinin, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət baza prinsiplərinin qəbulu və onun əsasında predmetli danışıqlar aparılmasının vacibliyi vurğulanır.

Prezident İlham Əliyevin apardığı ardıcıl və hərbi-siyasi kurs, beynəlxalq platformada gerçəkləşdirilən diplomatik manevrlər Azərbaycanı qələbəyə addım-addım yaxınlaşdırır. Məhz sistemli formalaşdırılan siyasətin həyata keçirilməsi sayəsində Ermənistan hər yeni provakasiya ilə özünü daha çətin vəziyyətə salır, beynəlxalq hüququn təməl prinsiplərinə uyğun şəkildə Azərbaycan tərəfindən irəli sürülən şərtləri qəbul etməyə məcbur edilir.

Havadarı Fransanın dəstəyilə regional siyasi coğrafiyada at oynatmağa çalışan Ermənistan, xüsusən də Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları irəli sürür, şər, böhtan kampaniyaları həyata keçirir, lakin bütün cəhdləri puça çıxır.

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı verilən anonslar göstərir ki, regional problemlərin, iqtisadi, siyasi və hərbi məsələlərin həllində Azərbaycan əhəmiyyətli tərəfdaş və söz sahibidir. Bunun fonunda isə ölkəmiz hər zaman münaqişəli məsələlərin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə çağırışlar edir. Azərbaycanın sülh imperativləri qəbul olunur. Proses Avropa İttifaqı, Rusiya, ABŞ və digər güc mərkəzləri, beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilir, təqdir olunur. Bir sözlə, haqlı və qalib Azərbaycanın iradəsi həlledicidir. Ona görə də Ermənistanın yanaşması adekvat olmalı, prosesi uzatmaq cəhdlərinə, vaxt itkisinə yol verilməməlidir.

Beləliklə, Azərbaycan beynəlxalq hüquq normalarına əsaslanan, irəli sürdüyü 5 baza prinsipi üzrə hazırlanacaq istənilən sülh sazişini imzalaya bilər. Və həmin sənədin harada, hansı vasitəçinin iştirakı ilə imzalanacağının da önəmi yoxdur. Təki, imzalanacaq yekun sülh sazişi məhz rəsmi Bakının israr etdiyi 5 baza prinsipinə əsaslansın.

Zümrüd QURBANQIZI,

"Respublika".