“Russia Halal Expo” beynəlxalq sərgisində iştirak edən Azərbaycanın stendinə məhsullarımız təqdim olunub, stenddə ölkəmizin biznes və investisiya imkanları, Qarabağın potensialı barədə məlumat verilib.
Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində “Russia Halal Expo” Sərgisi keçirilir.
Sərgidə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə dəstəyi ilə Azərbaycan məhsulları vahid ölkə stendində nümayiş olunub. Stenddə sahibkarlar tərəfindən müxtəlif ət və ət məhsulları, narşərab, kompot, mürəbbə, çay və digər məhsul və xidmətlər təqdim edilib.
KOBİA-dan bildirilir ki, mayın 19-da Tatarıstanda səfərdə olan Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi dövlət rəsmilərindən ibarət Azərbaycan nümayəndə heyəti stendlə tanış olub.
“Russia Halal Expo” Sərgisi 14-cü “Rusiya – İslam dünyası: Kazan Forumu 2023” Beynəlxalq İqtisadi Forum çərçivəsində təşkil olunub. İki gün davam edəcək sərginin məqsədi MDB və digər ölkələrin istehsalçılarına halal məhsullarını və müxtəlif xidmətləri təqdim etməklə, alıcı və satıcılara yeni satış bazarları və etibarlı təchizatçı tapmaqda dəstək olmaqdır.
Nəriman CAVADOV,
“Respublika”.