Aqrar sahədə inkişaf Heydər Əliyevin adı ilə bağlıdır
İQTİSADİYYAT

Aqrar sahədə inkişaf Heydər Əliyevin adı ilə bağlıdır

Qobustan rayonunun Təklə kəndində yaşayan Allahverdi Hüseynov ömrünün 97-ci ilinə qədəm qoyur. Kənd təsərrüfatının demək olar ki, bütün sahələrində çalışıb, uzun illər kolxozun baş mühasibi sovxoz direktoru işləyib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında keçirilən kənd təsərrüfatı işçilərinin respublika müşavirələrinin iştirakçısı olub, dəfələrlə ümummilli liderlə görüşərək tövsiyə məsləhətlərindən bəhrələnib.

Xalqımızın tarixində misilsiz xidmətləri əvəzsiz rolu ilə seçilən ulu öndər Heydər Əliyevin milyonların qəlbində yaşayan xoş xatirələrinin canlı şahidi olan Allahverdi dayı ilə Təklə kəndindəki yurdunda görüşüb söhbət etdik. Şux qaməti, məğrur görkəmi nurlu baxışı ilə bizi qarşılayaraq tanışlığımıza yumor hissi ilə gülə-gülə başladı: "Ailəliyəm, ailə qurandan bu günə qədər mehriban dolanmışıq, ömrü boyu halal zəhmətlə, alnıaçıq yaşamışıq. Sevinirik ki, bu xoşbəxtlik övladlarımıza da nəsib olub. Arzularımızı çin ediblər".

Həmsöhbətim Şamaxı rayonunda kənd təsərrüfatı texnikumunu bitirərək kolxoz mühasibləri hazırlayan kursda oxuyub. Müstəqil Azərbaycanın xalqımızın həyatında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışan Allahverdi dayı ölkəmizin inkişafında, xalqımızın rifahının yaxşılaşmasında ulu öndərin rolunu konkret faktlarla vurğuladı Heydər Əliyevin Şamaxı rayonuna səfərlərinin canlı şahidi olduğundan qürur duyduğunu bildirdi: "1973- ildə Günəşli sovxozunda direktor işləyirdim. Azərbaycana rəhbərlik edən Heydər Əliyev rayonumuza gəlmişdi. Təntənəli qarşılanma mərasimi oldu. Ulu öndər maşından düşən kimi zəhmətkeşlərlə görüşərək onların vəziyyətləri ilə maraqlandı. Məndən soruşdu ki, sovxozda vəziyyət necədir, üzümçülüyü inkişaf etdirə bilirsinizmi? Cavab olaraq dedim ki, şükür, işlər yaxşıdır, Allah qoysa bundan sonra daha yaxşı olacaq, inkişaf edəcək. Ulu öndər bizi sona qədər dinlədi fikrimizdən xeyli razı qaldı. Sonra kənddə yeni evlərin tikildiyini görüb soruşdu ki, evlərinizi indi tikirsiniz? Dedim ki, bu ərazilərdə uzun müddət tərəkəmələr yaşayırdı. İndi isə respublikamızda sizin rəhbərliyiniz sayəsində kənd təsərrüfatı inkişaf etdiyi üçün camaat buralarda yurd yerləri salmağa başlayıb.

Heydər Əliyevin rayona növbəti səfərində ulu öndərlə görüşdüyünə toxunan Allahverdi dayı qeyd etdi ki, həmin vaxt aramızda qısa söhbət oldu. Heydər Əliyev rayonumuzda üzümçülüyün inkişaf etdiyindən razı qaldığını bildirdi. Dedi ki, bu inkişaf tempini davam etdirmək lazımdır. Qoy görsünlər ki, Şamaxıda necə üzüm sortları yetişir. Biz məhsulumuzu xarici ölkələrə satmaqla həm qazanc götürərik, həm ölkəmizi tanıdarıq.

Həmin vaxt rayonumuz respublikada üzümçülük sahəsində çox inkişaf etmişdi. Kalinin sovxozuna rəhbərlik etdiyim illərdə ildə 22 min tondan çox üzüm toplayırdıq. Sovxozumuz Qızıl Bayraq ordeninə layiq görülmüşdü, əməkhaqları da xeyli artdı.

Ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1970-80-ci illərdə ölkəmizdə şərabçılığın da inkişafına xüsusi diqqət yetirildiyini deyən Allahverdi Hüseynov maraqlı fakta toxundu: "Şəmkir rayonunda kənd təsərrüfatı işçilərinin müşavirəsi keçirilirdi. Heydər Əliyev çıxışında dedi ki, xarici qonaqların da iştirak etdiyi ziyafət məclisində "Mədrəsə" şərabı yüksək qiymətləndirildi. Dərhal etiketinə baxdım, gördüm ki, sadəcə "Mədrəsə" yazılıb. Niyə bunu ətraflı yazmırsınız ki, hansı respublikanın hansı rayonun məhsuludu, xarici vətəndaşlar hardan bilsin ki, bu, Azərbaycan şərabıdır? Həmin vaxt bir çox ölkədə, o cümlədən Polşada da "Mədrəsə" şərabı məşhur idi. Səhərisi gün müşavirə iştirakçılarına təqdim edilən yeni etiketlərdə belə yazılmışdı: "Azərbaycan Respublikası, Şamaxı rayonu Mədrəsə şərabı".

1976- ildə Qarabağın birinci katibi olan erməni təklif etmişdi ki, kənd təsərrüfatı işçilərinin növbəti müşavirəsi Stepanakertdə (indiki Xankəndi) keçirilsin. Heydər Əliyev isə buna iradını bildirərək demişdir ki, müşavirə Şamaxıda keçirilməlidir. Elə oldu.

Allahverdi Hüseynov onu da bildirdi ki, Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlməsəydi, Azərbaycan olmayacaqdı, parçalanacaqdı. Xalqımızın yekdil səsi ilə dəfələrlə Prezident seçilən ulu öndərin layiqli davamçısı İlham Əliyevin müstəqilliyimizin möhkəmləndirilməsi, ərazi bütövlüyümüzün bərpa olunması, xalqımızın rifah halının durmadan yaxşılaşması ölkəmizin dünyada layiqli yerini tutması üçün gördüyü məqsədyönlü işlər ulu öndər Heydər Əliyevin, hər şeydən əvvəl, gözəl ailə başçısı olduğunu təsdiqləyir.

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".