Bakı Enerji Forumu:  Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təminatında böyük rol oynayır
İQTİSADİYYAT

Bakı Enerji Forumu:  Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təminatında böyük rol oynayır

İyunun 2-də Bakı Konqres Mərkəzində Bakı Enerji Forumu öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən forumun ilk günündə qlobal enerji perspektivləri, "yaşıl enerji"yə keçidin maliyyələşdirilməsi, qaz təchizatı məsələləri, Xəzər regionunda kəşfiyyat və hasilat imkanlarının xəritəsi və bir sıra digər aktual məsələlər müzakirə olunur.

Bu il forumda dünyanın 20 ölkəsindən 400-dən çox nümayəndə iştirak edir. Forumun proqramına 50 məruzəçinin 25-dən çox mövzusu daxildir. Plenar iclas "Enerji keçid dövründə dəyişən dünyada yeni imkanlar və problemlər" mövzusuna həsr olunub.

Forumda çıxış edən energetika naziri Pərviz Şahbazov bildirib ki, "Azəri-Çıraq-Günəşli" (AÇG) və "Şahdəniz" yataqlarından indiyədək 168 milyard kubmetr qaz hasil edilib. Bu layihələr çərçivəsində 163 milyard dollardan artıq gəlir əldə olunub. Bu günədək AÇG neft-qaz yataqları blokunda və "Şahdəniz" qaz-kondensat yatağında 555 milyon ton neft hasil edilib.

Nazir, həmçinin diqqətə çatdırıb ki, indiyədək Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 29 milyard kubmetr Azərbaycan təbii qazı nəql olunub. Bunun 6,8 milyard kubmetri bu il nəql edilib. Bu ilin yekununda TANAP-la 16 milyard kubmetr qazın ötürülməsi nəzərdə tutulub.

"İyunun 4-də Şuşada bərpaolunan enerji sahəsində müqavilə imzalanacaq. Bu cür müqavilələrin imzalanması investorlar tərəfindən gözlənilən addımdır. Çünki Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının "yaşıl enerji" sektorunda böyük potensialı mövcuddur", - deyə P.Şahbazov vurğulayıb.

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ölkəsinin Azərbaycandan enerji ehtiyatlarını tədarük etməkdə maraqlı olduğunu söyləyib. Bildirib ki, Azərbaycan qazının Avropanın əsas idxalatçısına çevrilməsi üçün Xəzər regionunun infrastrukturu və potensialı inkişaf etdirilməlidir. Enerji qiymətləri, boru kəmərlərinin azlığı müəyyən çətinliklər yaradır.

Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi özünü sübut etdiyini deyən Bolqarıstanın energetika naziri Aleksandr Nikolov diqqətə çatdırıb ki, Avropanın enerji təchizatının şaxələndirilməsi indi daha əhəmiyyətlidir və bu səbəbdən Xəzər regionu ilə əməkdaşlıq Avropa üçün mühüm məsələdir.

İtaliyanın ekoloji keçid məsələləri üzrə nazir müavini Vannia Qava qeyd edib ki, İtaliya Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlığı gücləndirəcək. Məqsəd TAP-ın buraxılış gücünü 20 milyard kubmetrədək artırmaqdır. Bu, Yunanıstana, İtaliyaya tədarükün təmini baxımından mühümdür. Cənub Qaz Dəhlizi ilə İtaliyaya qaz tədarükü 7,2 milyard kubmetrə çatıb.

"Enerji təhlükəsizliyi ilə bağlı məsələlər İtaliya üçün bu sahədə prioritetdir. İtaliya tərəfdaşları ilə infrastrukturun inkişafı və tədarükün şaxələndirilməsi istiqamətində çalışır", - deyə V.Qava əlavə edib.

ABŞ dövlət katibi müavininin enerji diplomatiyası üzrə müşaviri Laura Loxman vurğulayıb ki, ABŞ enerji keçidi ilə əlaqədar Azərbaycanın səylərini qiymətləndirir. Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təminatında böyük rol oynayır.

Bakı Enerji Forumu çərçivəsində BP şirkəti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında çərçivə sazişi imzalanıb. Sənədi BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və ADNSU-nun rektoru Mustafa Babanlı imzalayıb.

Razılaşmaya əsasən Britaniya universitetlərindən biri ilə ADNSU-nun ikili diplom magistr proqramı olacaq. Saziş çərçivəsində yaxın 3 ildə Azərbaycanda bərpaolunan enerji sahəsində 100-dən çox mütəxəssis hazırlanacaq.

Sonra Forum şirkət və dövlət rəsmilərinin çıxışları ilə davam edib.

SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf bildirib ki, Azərbaycanın Avropaya qaz ixracını artırmaq potensialı var.

Hazırda Azərbaycanın tədarük edə biləcəyi kifayət qədər qaz potensialının olduğunu söyləyən SOCAR-ın birinci vitse-prezidenti qeyd edib ki, hazırkı mərhələdə Cənub Qaz Dəhlizi vasitəsilə nəzərdə tutulan həcmdən əlavə qazın nəqli mümkün deyil: "Əlavə qaz həcmlərinin daşınması üçün dəhlizin ötürücülük qabiliyyətinin artırılması vacibdir. Bu səbəbdən qarşımızda duran əsas məsələlərdən biri Cənub Qaz Dəhlizinin nəqletmə gücünün artırılmasıdır. Bunun üçün avropalı tərəfdaşlarımızın, alıcılarımızın və beynəlxalq maliyyə qurumlarının dəstəyi önəmlidir. Biz tərəfdaşlarımızla danışıqlar prosesini davam etdiririk. Onu da vurğulamalıyam ki, bu prosesə dərhal başlamaq üçün hazırda əlverişli fürsət mövcuddur".

SOCAR-ın birinci vitse-prezidenti diqqətə çatdırıb ki, son dövrlərdə qlobal miqyasda apstrim layihələrinə investisiya qoyuluşlarında azalmaların müşahidə olunması səbəbindən hazırda beynəlxalq bazarlarda təkliflər tələbi qarşılaya bilmir, buna görə də apstrim və midstrim layihələrinə investisiyaların artırılması zəruridir.

SOCAR-ın 2035-ci ilə qədər olan Korporativ Strategiyasından bəhs edən R.Nəcəf bildirib ki, SOCAR nümunəvi və ən müasir enerji şirkətlərindən birinə çevrilmək məqsədini qarşıya qoyub: "SOCAR olaraq yalnız neft-qaz layihələrinə deyil, həmçinin bərpa olunan enerji mənbələri, quruda və dənizdə külək enerjisi layihələri və digər aşağı emissiyalı sahələrdə potensial bazar imkanlarını nəzərdən keçiririk. Bizim strategiyamız qısa və ya orta müddətli deyil, uzunmüddətli hədəfləri nəzərdə tutur".

O qeyd edib ki, SOCAR öz müəssisələrində rəqəmsal enerji texnologiyalarının tətbiqinə də üstünlük verir və bunu prioritet istiqamət kimi müəyyənləşdirib.

Neft və qaza olan tələbatın bundan sonra da davam edəcəyini söyləyən Rövşən Nəcəf bununla bərabər olaraq, iqlim dəyişikliyi, bərpa olunan enerji məsələlərinin də diqqətdən kənarda saxlanılmamalı olduğunu vurğulayıb. Bildirib ki, enerji istehsalının bərpa olunan mənbələr hesabına artırılması ilə təbii qaz sərfiyyatı azaldıla və beləliklə, qənaət edilən qaz xarici bazarlara ixrac oluna bilər.

Rumıniyanın energetika naziri Virgil Daniel Popesku diqqətə çatdırıb ki, ölkəsi Azərbaycan ilə "yaşıl enerji" sahəsində əməkdaşlıq edə bilər. Bərpaolunan enerji sahəsində istehsal edilən elektrik enerjisinin tədarükü ilə əlaqədar Azərbaycan, Gürcüstan və Avropanı birləşdirən "yaşıl dəhliz" yaratmaq olar. Rumıniya bu istiqamətdə səylər aparmaqda maraqlıdır.

Serbiyanın Baş nazirinin müavini - energetika və mədənçilik sənayesi naziri Zorana Mixayloviç deyib ki, Serbiya Azərbaycanla interkonnektor vasitəsilə qaz tədarükü məsələsini müzakirə edir. Serbiyanın enerji ehtiyatlarından asılılığının azaldılması üçün tədarükün şaxələndirilməsi çox əhəmiyyətlidir.

Türkmənistandan Azərbaycana İran üzərindən il ərzində 1,5 milyard kubmetr qaz nəql ediləcəyini deyən İranın neft naziri Cavad Oici vurğulayıb ki, bu, Azərbaycan, İran və Türkmənistan arasında imzalanan üçtərəfli müqaviləyə əsasən həyata keçiriləcək. İran təbii qazın gündəlik istehsal həcmini 2 milyard kubmetrə çatdırıb, neft hasilatı üzrə bu göstərici 4 milyon bareldir. Gələcəkdə qaz hasilatının 1,4 milyard kubmetrədək azaldılması, xam neft hasilatının isə gündəlik 6 milyon barelə çatdırılması planlaşdırılır.

Moldova Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrey Spinu Azərbaycanın həm ənənəvi enerji ehtiyatları, həm də alternativ enerji üzrə böyük potensiala malik olduğunu vurğulayıb: "Enerji ehtiyatları tədarükünün şaxələndirilməsi baxımından Azərbaycan Moldovanın əsas tərəfdaşıdır. Yarımil ərzində Moldovada qazın qiyməti 5 dəfə artıb. Bu da enerji ehtiyatları olmayan Serbiya və Moldova kimi ölkələrə çox ciddi təsir edir".

Sonra digər çıxışçılar qlobal enerji perspektivləri, xalis sıfıra aparan yol, enerji sektorunda az karbonlu gələcəyə keçid üçün kadr potensialı, Xəzər regionunda kəşfiyyat və hasilat imkanları kimi mövzular ətrafında fikirlərini bölüşüblər.

Qeyd edək ki, Bakı Enerji Forumunda yerli və xarici şirkətlərin nümayəndələrinin ünsiyyət qurmasına və mümkün əməkdaşlığın bütün aspektlərini ətraflı müzakirə etməyə imkan verəcək ikitərəfli B2B işgüzar görüşlər də keçirilir. Forum enerji sənayesinin aparıcı nümayəndələri ilə görüşmək, yeni səmərəli və qarşılıqlı əlaqələr qurmaq və mövcud əlaqələri genişləndirmək üçün unikal imkan yaradır.

Forumun möhtəşəm yekunu Qarabağın işğaldan azad edilmiş ərazilərində baş tutacaq. İyunun 4-də Şuşa şəhərində Bakı Enerji Forumunun iştirakçıları ilə sessiya keçiriləcək. Səfər sessiyası "Qarabağ regionunda yaşıl enerjinin potensialı və imkanları" mövzusuna həsr olunub.

Bakı Enerji Forumu Azərbaycan Respublikası Energetika Nazirliyi və SOCAR-ın rəsmi dəstəyi ilə həyata keçirilir.

AZƏRTAC