Bakıda keçirilən INTOSAI-nin Maliyyə Auditi və Mühasibatlıq üzrə Alt komitəsinin illik toplantısı yekunlaşıb
İqtisadiyyat

Bakıda keçirilən INTOSAI-nin Maliyyə Auditi və Mühasibatlıq üzrə Alt komitəsinin illik toplantısı yekunlaşıb

Azərbaycan Respublikası Hesablama Palatasının ev sahibliyi ilə Ali Audit Qurumların Beynəlxalq Təşkilatının (INTOSAI) Maliyyə Auditi və Mühasibatlıq üzrə Alt komitəsinin illik toplantısı başa çatıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Hesablama Palatasının auditoru Hilal Hüseynov Alt komitənin gördüyü işlər və maliyyə hesabatlılığı sahəsində çağırışlar barədə ümumi məlumat verərək, son iki ildə bu istiqamətdə Hesablama Palatası tərəfindən görülən işlərdən danışıb: "Gördüyümüz tədbirlərə beynəlxalq standartlara əsaslanan maliyyə audit üzrə təlimatın hazırlanması, il ərzində keçirilən maliyyə auditlərinin sayının artması, maliyyə auditində risk əsaslı və nəzarət yönümlü yanaşmaların tətbiqi, kadr potensialının gücləndirilməsində peşəkar sertifikatlaşmaya diqqət yetirilməsi və digər tədbirlər aiddir".

O, Hesablama Palatası tərəfindən aparılmış maliyyə auditlərinin nəticələrinin ümumiləşmiş təhlilinə xüsusi diqqət yetirildiyini və bununla bir qurum səviyyəsində deyil, daha genişmiqyaslı tövsiyə və təkliflərin hazırlandığını qeyd edib. Tədbirdə xarakterik zəifliklərin səbəblərinə diqqət çəkilərək yaranan problemlərin həm hesablama əsaslı uçotun fəlsəfəsinin başa düşülməməsindən, həm də peşəkar potensial boşluqların olmasından irəli gəldiyi bildirilib. Müvafiq hüquqi bazanın təkmilləşdirilməsi, təkmil İT infrastrukturunun qurulması, ictimai sektorun maliyyə hesabatları mövzusunda tədbirlərinin fəal şəkildə təşkil edilməsinin də əhəmiyyətli olduğu vurğulanıb.

Toplantıda Birləşmiş Ərəb Əmirlikləri ali audit orqanının (AAO), ABŞ Hökumətinin Hesabatlılıq Ofisinin, İsveç AAO-nun, Almaniya AAO-nun və digər ölkələrin nümayəndələri təqdimatla çıxış edib, həmçinin aktual mövzular ətrafında fikir mübadiləsi aparıblar.

ABŞ Hökumətinin Hesabatlılıq Ofisinin nümayəndəsi tərəfindən yenidən işlənmiş ISSAI 140 "AAQ-lar üçün keyfiyyətə nəzarət" standartı, standarta yenidən baxılmasının əhəmiyyəti barədə məlumat verilib, keyfiyyət idarəetmə sisteminin yaradılması, keyfiyyət risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi məsələləri müzakirə edilib.

İsveç AAO-su nümayəndəsi AAO tərəfindən aparılan maliyyə auditlərindən danışaraq bu audit növünün aparılması üzrə rəqəmsallaşma və bacarıqların idarə edilməsində mövcud çətinlikləri vurğulayıb.

Almaniya AAO-nun nümayəndələri tərəfindən özəl və dövlət sektoru üzrə maliyyə uçotu standartları ilə bağlı müxtəlif məqamlar diqqətə çatdırılıb, həmçinin tədbir iştirakçıları arasında İPSAS, İFRS, İAS standartları və onların tətbiqində cari vəziyyət müzakirə olunub.

Tədbirdə Maliyyə Auditi və Mühasibatlıq üzrə Alt komitəsinin nümayəndəsi tərəfindən "2024-2028-ci illər üçün Strategiya və İş Planının Layihəsi" tədbir iştirakçılarına təqdim edilib, eyni zamanda, İPSASB-nin iş proqramı ilə bağlı inkişafa dair yeniliklər, o cümlədən dövlət sektorunda davamlılıq hesabatı və İPSASB-nin 2024-2028-ci illəri əhatə edən növbəti strategiyası üzrə məsləhətləşmələr aparılıb.

Daha sonra tədbir iştirakçıları tərəfindən yeni "IPSAS 45, Property, Plant & Equipment", "IPSAS 46, Measurement", "IPSAS 47, Revenue" və "IPSAS 48, Transfer Expenses" standartları müzakirə olunub.